adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
21 Dekabr 2018 16:56
11538
SİYASƏT
A- A+

Xorvatiyanın sabiq Prezidenti: Azərbaycanın inkişafı zamanın tələbidir

Azərbaycanın inkişafı zamanın tələbidir. Bunu Trend və "Azernews"a müsahibəsində Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç deyib.

S.Mesiç qeyd edib ki, rəhbərlik xalqın firavanlığını və təhlükəsizliyini yüksəltməklə Azərbaycanı regional və dünya səviyyəsində neftdən asılı olmayan müasir, rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi təqdim edir: "Mən gözəl Azərbaycana ilk dəfə prezidentlik dövrümdə, sonralar isə daha çox səfər etmişəm. Bu səfərlər zamanı Prezident İlham Əliyevin prioritet elan etdiyi, Azərbaycanın iqtisadi çiçəklənməsinə gətirib çıxaran nəhəng dəyişikliklərin şahidi olmuşam”.

Xorvatiyanın sabiq Prezidentinin sözlərinə görə, 2016-2017-ci illərdə dünyada neftin qiymətlərinin azalması göstərdi ki, Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsini önə çəkməsi ölkədə sabitliyin qorunması üçün böyük əhəmiyyət daşıyıb: "Artıq bazar iqtisadiyyatının inkişafına yönəlmiş islahatlar sayəsində əldə olunan iqtisadi nəticələr görünür və Azərbaycan gənc müstəqil dövlət kimi sosial və siyasi inkişaf istiqamətində əminliklə çalışır”.

S.Mesiç əlavə edib ki, 2006-cı ildə Azərbaycanda ÜDM-in artım templəri (34,5 faizə çatıb) dünyada ən yüksək göstərici olub.

Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqı (Aİ) üçün geosiyasi baxımdan mühüm ölkədir və "Cənub Qaz Dəhlizi”nin reallaşdırılması ölkənin əhəmiyyətini daha da artırır:

"Azərbaycan Avropa İttifaqı ilə enerji tərəfdaşlığını əminliklə genişləndirir və bunun nəticəsində "Cənub Qaz Dəhlizi”nin Avropanın gələcək enerji xəritəsində aparıcı rolu daha aydın görünür. Bu tərəfdaşlığın əhəmiyyəti "Cənub Qaz Dəhlizi”nin və onun başlanğıc nöqtəsi olan "Şahdəniz 2” qaz yatağının hüdudlarından kənara çıxır. Avropa İttifaqı mühüm tranzit ölkələrindən və enerji ehtiyatlarının aparıcı tədarükçülərindən biri olan Azərbaycanla əməkdaşlığını daha sıx inkişaf etdirmək üçün 2015-ci il Aşqabad Bəyannaməsi əsasında bir çox addımlar atıb”.

Sabiq Prezident vurğulayıb ki, enerji gəlirləri və ölkədə hasilatı çoxalan qazın ixrac marşrutlarının artması Azərbaycana həm xaricdə, həm də ölkədə kənd təsərrüfatı, logistika, informasiya texnologiyaları və turizm kimi qeyri-enerji sahələrinə və müxtəlif meqalayihələrə investisiyalar yatırmaq hesabına iqtisadiyyatı şaxələndirməyə imkan verdi.

S.Mesiç bildirib ki, Azərbaycan hökuməti korrupsiya ilə mübarizəyə böyük əhəmiyyət verir və ATƏT və Aİ də ölkənin bu sahədə nailiyyətlərindən razı qalıb. Onun sözlərinə görə, Azərbaycanın uğurları, xüsusilə də Davos Dünya İqtisadi Forumunun reytinqində mövqeyinin yaxşılaşması xarici investisiyalara daim açıq olmağa yönəlmiş siyasətin, eləcə də əlverişli makroiqtisadi mühitin yaradılması üzərində ciddi işin nəticəsi kimi nəzərdən keçirilməlidir:

"Ölkədə infrastrukturun, təhsilin və biznes mühitinin yaxşılaşdırılması yolu ilə əsaslı islahatlar Azərbaycanın milli maraqlarına cavab verir. Bu islahatlar dövrü hələ başa çatmayıb və ölkə dərin transformasiya mərhələsində olan və on il əvvəl mövcud olmuş iqtisadi qloballaşma ideyalarından radikal şəkildə uzaqlaşan dünya iqtisadiyyatına inteqrasiya prosesində beynəlxalq institutların daha çox dəstəyinə və anlayışına ehtiyac duyur”.

Bu mənada sabiq dövlət başçısı ümid etdiyini bildirib ki, Aİ ilə Azərbaycan arasında tərəfdaşlığın prioritetləri tərəflərin münasibətlərini perspektivdə daha da yaxşılaşdırmağa və hərtərəfli inkişaf etdirməyə imkan verəcək:

"Multikulturalizmin Azərbaycan modeli və dövlət-din münasibətləri üzrə uğurlu siyasət Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlığın yaxşılaşmasına kömək edəcək. Mən Bakıda keçirilən bir sıra beynəlxalq iqtisadi və mədəniyyətlərarası forumlarda iştirak etmişəm. Bu tədbirlərdə tez-tez çoxtərəflilik, Azərbaycanın yeni qarşılıqlı əməkdaşlıq formalarına açıq olması, həmçinin iqtisadiyyatın və mədəniyyətlətarası dialoqun liberallaşdırılması məsələləri müzakirə olunub".

O qeyd edib ki, Azərbaycan hökumətinin dəstəklədiyi dini dözümlülüyün və harmoniyanın səviyyəsi terrorçuluq kimi müasir çağırışlara unikal cavab verir və həll yolları təklif edir: "Azərbaycanın ictimai-mədəni mühitini fərqləndirən mükəmməl dini dözümlülük konsepsiyası müsəlman çoxluğuna və dünyəviliyin qədim tarixinə malik ölkədə xristianlıq, iudaizm, pravoslavlıq və alban-udin xristianlığının ahəngdar şəkildə birləşə və vahid cəmiyyətə inteqrasiya ola biləcəyi barədə dünyaya son dərəcə zəruri ismarıc verir”.

Xorvatiyanın sabiq Prezidenti deyib ki, dini dözümsüzlüyün artdığı və çoxtərəfli dünya nizamının pozulduğu müasir dövrdə Azərbaycan mədəni və dini müxtəliflik nəticəsində yaranan problemlərin uğurlu həllinə diqqəti yönəltmiş istənilən cəmiyyətin əməl etməli olduğu dinlərarası dialoqun arzuolunan modeli qismində çıxış edir.