MUSA URUDUN FiLMi

AQİL ABBAS
38088 | 2009-01-08 16:18
Bilmirəm hansı yazıçı deyib, ya filosof deyib, deyib ki, bütün xoşbəxtlər eyni cür xoşbəxtdi, bütün bədbəxtlər isə hərəsi bir cür bədbəxtdi. Amma mənə elə gəlir ki, Musa Urudla mən elə eyni cür bədbəxtik. İkimiz də eyni ağrını yaşayırıq, eyni acını çəkirik, eyni dərdin içində qovruluruq, eyni yükü çiyinlərimizdə daşıyırıq. Gülməyi deyə bilmərəm, amma elə eyni cür də ağlayırıq. Kənardan hamıya xoşbəxt görünə bilərik, tanınmış yazıçıyıq, şairik, millət vəkiliyik, atımız-arabamız da var, evimiz-eşiyimiz də. Görəsən, bu şeylər insanı xoşbəxt eləyir?
   
   "Laçının qaşında qar çiçəklədi"- deyən Musa Urudu Məmməd Arazla qohum olan gündən tanıyıram. O da Məmməd Arazın qohumudu və Məmməd Arazın ən çox istədiyi İsa kişinin oğludu. Onda nə tanınmış şairiydik, nə tanınmış yazıçıydıq, nə millət vəkiliydik, nə atımız-arabamız varıydı, Bakıda da hansısa erməninin evində kirəkeş yaşayırdıq. Amma çox xoşbəxtiydik, çox ey, lap çox. Onda Urud da yerindəydi, mən də istədiyim vaxt Qarağacıda anamın, qardaşımın qəbrinin üstünə gedə bilirdim və ölkədə Musa Urud kimi, mənim kimi evi-eşiyi, yurdu-yuvası, tifaqı dağılmış bir milyon adam yox idi.
   
   Nə isə...
   
   Bu günlərdə Musa Urudun "Uruda ikinci səfər" adlı kitabının təqdimat mərasimiydi. Əvvəla onu deyim ki, Musanın bu əsəri ötən il hissə-hissə (bir qədər ixtisarla) "525-ci qəzet"də nəşr olunmuşdu və oxucular artıq bu əsərlə tanış idi. O cümlədən mən də. Mən Urudu görməmişəm, inşallah, görəcəm. Amma Musa Urudun əsərini oxuyandan sonra mənə elə gəldi ki, Urudda hər daşın harda olduğunu, hansı bulağın suyunun dadının necə olduğunu, hansı ağacın meyvəsinin şirin olduğunu elə Musa qədər bilirəm. Yox, mən kitab haqqında danışmayacam. Tapıb oxuyarsız.
   
   Təqdimat mərasimində Musanın özünün operatorluq elədiyi, özünün rejissorluq elədiyi, özünün montajçılıq elədiyi, özünün diktorluq elədiyi və ssenari müəllifi olduğu bir film nümayiş etdirildi. Tamaşa edənlər zənn edər ki, bu film böyük bir kollektivin əməyinin məhsuludur. Əslində isə yuxarıda dediyim kimi, bu filmi Musa tək araya-ərsəyə gətirib. Özü də təkcə ağrı-acı ilə yox, həm də çox böyük bir çətinliklə, dörd tərəfdən düşmənin arasında. Və bütün həyatı təhlükədə.
   
   Film Musanın doğulduğu Urud kəndindəndi.
   
   Əvvəla onu deyim ki, filmin nümayişi zamanı neçə-neçə adam bu ağırlığa dözə bilməyib zaldan çıxdı. Mənə də elə gəldi ki, havam çatmır. Xüsusilə də Musa doğulduğu evə girib divardakı anasının toxuduğu xalçanın üstündə asılmış erməni əsgərinin portretinə tamaşa etdiyi anlar. Görün Allah bizə nə qədər səbr verib ki, dəli olmuruq.
   
   Müharibədə ölmüş həmin əsgərin atası deyir ki, oğlum Qubadlıda ölüb. Musa da çox sərt şəkildə deyir ki, sənin oğlunun Qubadlıda nə işi vardı ki? Bir qəribə nüans var, Musa xalçanı istəyir, erməni də deyir ki, bu xalçanı oğlumun qanı bahasına almışam. Gəlin siz də alın. Qəribə çağırışdı, elə deyilmi? Əslində erməni də olsa haqlıdı. Həmin xalçanı oğlunun qanı bahasına alıb. Biz də arvadsifət Metyu Brayzanın hesabına yox, elə öz qanımız bahasına o xalçanı almalıyıq. Xalça burda simvoldu. Yəni torpaqlarımızı, yurdumuzu-yuvamızı, dağlarımızı, bulaqlarımızı. Musanın anasının səhəngi həyətin bir küncündə atılıb qalıb, o səhəngi və sair və ilaxırıg
   
   Mən Musanın əsərində yuxarıda qeyd etdiyim kimi, Urudu görsəm də filmdə bir Musagilin evindən və xalçadan başqa Urudu görmədim. Musa Urudu çəkməmişdi. Musa Kəlbəcəri çəkmişdi, Kirsi çəkmişdi, Dəlidağı çəkmişdi, qaşında qar çiçəkləyən Laçını çəkmişdi, mənim anamın, qardaşımın yatdığı Qarağacını çəkmişdi. Bir gecədə qanına qəltan olan Xocalını çəkmişdi. Musa Urudu çəkməmişdi ki!
   
   Bakıda erməni qəbiristanlığı köçürüləndə bəzi QHT-lər tumanını başına keçirmişdi, hətta parlamentdə vay-şivən qoparan olmuşdu. Bakıda erməni qəbiristanlığını dağıtmadılar, bütün dini qayda-qanunlarla köçürtdülər. Amma Urud kəndində dünyanın yüz arxeoloqu yığışıb sübut edə bilməz ki, haçansa burda qəbiristanlıq olub. Dəxli yoxdu müsəlman, ya xristian, ya yəhudi, ya bütpərəst. Öləndən sonra hamısı Allahın gözündə birdi.
   
   Çox qəribədi, ermənilər Urudda 300 ilin, 400 ilin, 500 ilin ağaclarını kəsiblər. Görünür, bu ağaclar da onlara elə türk kimi görünüb. Ay bədbəxt, sənə türk kimi görünən ağacı kəsə bilərsən, bəs təpədən-dırnağa türk olan o torpağı, o daşı, o qayanı, o suyu, o havanı neyləyəcəksən, onu da kəsəcəksən, onu da yandıracaqsan? Onsuz da əvvəl-axır o daş, o torpaq, o su, o hava yenidən Musa Urud doğacaq, Türk doğacaq. Bu Allahdandı, sən buna uzaqbaşı bir az pəl vura bilərsən, üç il, beş il, olsun iyirmi beş il. Bəs sonra? Təbii ki, sonrası bizlikdi. Özü də hər mənada.
   
   Mən kino tənqidçisi deyiləm, nə də film haqqında geniş bir yazı yazmaq fikrim yoxdu. Sadəcə olaraq o filmə baxarkən bir anlıq çatmayan havamın əvəzinə bu barədə yazmaq istədim. Özü də bu yazını Aşura günü yazdım, qətl sınan vaxt. İndi durub məscidə gedəcəm, ağlamağa yox, qan verməyə. Bizim göz yaşımız çoxdan quruyub. Bərdədə Rəhilə İsmayıl adında bir gözəl şairə yaşayır. Düzdü, indi ədəbiyyatdan bir az uzaq düşüb. 70-ci illərdə yazdığı bir misranı xatırladım: "Göz yaşının ən acısı içəriyə axanıdı".
   
   İndi bizim göz yaşlarımız içimizə axır.
   
   Bu gün Aşura günüdü. İmam Hüseyn şəhid oldu ki, insanlığa şəhidliyin nə olduğu dərsi keçsin. 25 min İmam Hüseyn övladımız da Qarabağ savaşında şəhid oldu ki, bu millətə şəhidlik dərsini keçsin. Yaman pis şagirdik, hələ ki, kəsilib sinifdə qalırıq.
   
   Sonda. Çox istərdim Musa Urudun filmi televiziya kanallarımızda nümayiş etdirilsin. Bəlkə bu film və belə filmlər bizi dördüncü, beşinci sinfə keçirtdi.
   
   

TƏQVİM / ARXİV