adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 Dekabr 2018 01:09
36384
ƏDƏBİYYAT
A- A+

ŞAİR-BƏSTƏKAR YARADICILIĞININ ÖLMƏZLİYİ

Tofiq Bayram 50-ci illərin sonlarında ədəbiyyata gələnlərin ən uğurlu və özünə məxsuslardan biridir. Nə idi Tofiq Bayramı sevdirən? Nə idi Tofiq Bayramı fərqli edən? Səmimi, içdən gələn qələmi onu sevdirir, həm də fərqləndirirdi. Onun şeirlərinin hər bir sətrində Tofiq Bayram qəlbinin çırpıntıları, milli təəsübkeşlik, mənəvi dəyərlərimizə hörmət və qayğı, Vətən sevgisi, Azərbaycan torpağını qorumaq və onun qədrini bilmək çağırışı vardır.
Şairin poeziyaya gəldiyi dövrü göz önünə alsaq, görərik ki, ədəbiyyatımızda, şeirimizdə meydana çıxmaq, "mən də varam" demək, poeziyada öz mövqeyini bir şair kimi sübut etmək çox çətin idi. Tofiq Bayram bunu hamıya doğma olan, hamının demək istədiyi, amma deyə bilmədiyi düşüncə və arzuları ilə qələmə aldı.
Tofiq Bayramın oturub-durduğu sənət dostlarının adlarına nəzər salsaq, möhtəşəm bir mənzərə ilə qarşı-qarşıyayıq. Səttarın boyalarında, Niyazinin sehrli şubuğunda, Arifin simfoniyalarında Tofiq Bayram dostluğundan mütləq bir xatirə duyulur.
Bu gün mən Tofiq-Arif dostlugundan, onların birgə yaradıcı işlərindən danışmaq istəyirəm. Qeyd edim ki, Tofiq Bayram 1961-64-cü illərdə M. F. Axundov adına Dövlət Opera və Balet teatrında ədəbi hissə müdiri vəzifəsində işləmişdir. Elə həmin illərdən Tofiq Bayramla Arif Məlikovun dostluğu başlayıb. Onlar həm ailəvi yaxın dost, həm də yaradıcılıq fəaliyyətində olmuşlar ki, bu iş birliyi nəticəsində 1963-cü ildə "Vətən" vokal-simfonik poemasını yazmışlar. 85 illiyini qeyd edən dünya şöhrətli bəstəkarımız Arif Məlikov o illəri belə xatırlayır: "Tofiq yalnız yubiley günlərində deyil, həmişə yadıma düşür, o həmişə ürəyimdədir. Tofiq sənətə, sənətkara qiymət verən, onu uca tutan bir şəxsiyyətdir. 1963-cü il qarlı qış axşamını Tofiq bizim evdə keçirib. İndi də o günləri tez-tez xatırlayıram. Tofiqlə mən əsər üzərində işləyirdik. Xanımım da milli yeməyimiz olan küftə-bozbaş bişirmişdi. Evdə də çörək yox idi. Tofiqlə mən birlikdə mağazaya çörək üçün düşdük, heç yerdə çörək tapmayıb bulka alıb evə gəldik və nəticədə biz küftəni bulka ilə yeməli olduq. Lakin bütün bunlara baxmayaraq, möhtəşəm bir əsər yarandı. Tofiq şeir vurgunu idi, musiqiyə çox gözəl sözlər yazdı. Yazdığım "Vətən" kontatası, onun sözləriylə musiqi dünyasına yol açdı". "Vətən" vokal-simfonik poeması adından məlum olduğu kimi, geniş məzmunda yazılmış iri həcmli əsərdir. Tofiq Bayramın şeiri əsasında özünəməxsus ustalıqla Arif Məlikov təntənəli giriş hissədən sonra xorun ifasında Vətənə olan sevgini, onun təbiətini tərənnüm edən zəhmətkeş insanların əməyini ən yüksək formada göstərmişdir:

Vətən, ürəyimin sözü, nəğməm gəzir hər çəməni, hər düzü.
Vətən, ey mehriban ana, günəşinin nuru yayılıbdır cahana.
Ağ örpəkli dağlarında qartal süzər, düzlərində ceyran gəzər.
Qucağinda mavi Xəzər coşub daşar, eşqinə xoş nəğmələr qoşar.

Bu əsər bun gün də öz aktuallığını qoruyaraq, konsert salonlarında səsllənir. 2016-cı il dekabrın 16-da M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Heydər Əliyev fondunun təşəbbüsü ilə Arif Məlikovun 28 cilddən ibarət "Not əsərlərinin tam külliyyatı" nın təqdimat mərasimi keçirildi. Həmin gecənin açılışında Arif Məlikovun Tofiq Bayramın sözlərinə yazdığı "Vətən" vokal-simfonik poeması Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti və Azərbaycan Dövlət Xor Kapellasının ifasında səsləndi (orkestrin bədii rəhbəri və baş drijoru Xalq artisti Rauf Abdullayev, xor kapellasının bədii rəhbəri, Xalq artisti Gülbacı İmanova).
Tofiq Bayramla Arif Məlikovun birgə yaratdiqları ikinci əsərinin də maraqlı tarixçəsi var. Bəstəkarın qızı Şirin dünyaya gələndə Arif Tofiqə zəng vurub qızının anadan olduğunu xəbər verir. Tofiq Bayram həmin günü səhərədək dostunun sevincinə şərik olub, "Layla" adli şeirini yazır və səhər şeiri götürüb Arif Məlikovun evinə gəlir. Həmin şeirə bəstəkar sonradan "Şirin qızım" romansını yazır:
Yat mənim, şirin quzum,
Yat mənim, dan ulduzum.
Sənə layla çalıram,
Yuxun gəlsin yaxına.
Şəkər qatım, bal qatım
Sənin şirin yuxuna.

Son illərdə bu əsərin fortepiano və simfonik orkestr üçün partiturasını bəstəkarın tələbəsi olan bəstəkar, Əməkdar İncəsənət Xadimi Ceyhun Allahverdiyev yazmışdır. "Şirin qızım"ı Əməkdar artist, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətin Mədəniyyət Kanalının direktoru Ramil Qasımov simfonik orkestrin müşaiəti ilə ifa edib, lentə almışdır. Həmin lent yazısı Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti fonotekasının " Qızıl fondu"nda saxlanılır.
Şair-bəstəkar əsərlərinin ölməzliyinin səbəbi onların sadə xalqdan tutmuş bütün təbəqələrdə anlaşılması deməkdir. Görkəmli sənətkarlar tərəfindən böyük ürək və zövqlə yazılan bu əsərlər nə qədər ki, Azərbaycan xalqı var yaşayır, yaşayacaqdır.
Nigar Bayramova,
Ü. Hacıbəyli adına
BMA-nın elmi işçisi,
doktorant