adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Dekabr 2018 00:42
18236
ƏDƏBİYYAT
A- A+

Hər yerdə, hər zaman və hər kəsdə görünməyən qabiliyyət - Mərifət


Vaqif Cəliloğlu,
Tex. elmləri üzrə fəlsəfə doktoru

İctimai nəqliyyatda bəzi cavanların qoca, əlil və uşaqlı qadınlara yer verməməsinin dəfələrlə şahidi oluruq. Həm burada, həm də ictimai həyatın digər sahələrində milli mentalitetimizə zidd hərəkətlərə görə, dünya görmüş insanların baxışlarındakı etirazı başa düşməyən bu şəxslərdə nə çatışmır? Çatışmayan dəyər mərifətdir. Mərifət isə hər kəsin bacarmadığı məharət, hər yerdə, hər zaman, hər kəsdə görünməyən xüsusiyyət, hünər və qabiliyyətdir.
Haqq yolçuları mərifəti bilənlə bilinən arasında daxili bir münasibət kimi tərif ediblər. Yəni mərifət bilənin bütün halı ilə bilinənə tərcüman olunması - onun təbiəti halına çevrilməsi, özünü onun yerində hiss etmə mərtəbəsidir. Məsələn, metroda uşaqlı qadına yerini verən cavanın həmin qadının durumunu bilməsi kimi...

Mərifətin dini və
dünyəvi anlamı

Klassiklərdən mərifəti vicdanla əlaqədar biliklərin zühuru və inkişafı kimi tərif edənlər də olub. Onlara görə, bu zühur və inkişaf həm də insanın özünə xas olan dəyərləri sayılır. Elə "özünü tanıyan Rəbbini də tanıyır" kəlamının bir anlamı da budur desək, yanılmarıq.
Dünyəvilik baxımından bilik, elm; hünər, ustadlıq, məharət anlamlarını verən mərifət, İslama görə, Allahu-Təaləni qəlblə bilmək, Onu haqqı ilə tanımaqdır. Mərifət, istənilən durumda qulun Allahu-Təalənin verdiyi nemətlərə şükür etmədə aciz olduğunu, xüsusən, gənc və qüvvətli olduğu vaxtlarda zəifliyini dərk etməsi mərtəbəsidir. Mərifətdəki qayə, həqiqət Allahu-Təaləni qəlb ilə sevmək, dil ilə anmaq, saleh əməl vasitəsilə Onun rizasını qazanmaq və Ondan başqa hər şeydən ümidini üzməkdir. Göründüyü kimi, mərifət təfəkkürlə Ona təvəkkül edəndən sonra Ona təslim ağacının verdiyi meyvədir.
Mərifət sahibinə mərifətulləh deyilir. "Elə elmlər var ki, onları yalnız mərifətulləhə sahib olanlar bilər. Mərifətulləhə aid bilgilər kəşf və ilhamla hasil olur. Müəllimdən öyrənilməz. İbadətlərin yerinə yetirilməsi və bütün şəriət bilgiləri isə müəllimdən öyrənilir. Şəriət bilgiləri ilham ilə hasil olsaydı, peyğəmbər və kitabların göndərilməsinə ehtiyac duyulmazdı. Mərifətulləh məruf işləri, yəni İslamın qəbul etdiyi, bəyəndiyi, əmr etdiyi, lazım bildiyi yaxşılıqları yerinə yetirər. Mərifətulləhin hər bir məruf işi sədəqə hesab olunur. "Qəlbində xardan dənəsi qədər dünya məhəbbəti olan kəs, mərifətulləhə yetişə bilməz" (İmam Rabbani, v.e. 1624).
Mərifət mühitində yaşanan həyat cənnət baxçalarında olduğu kimi dup-duru və azad, ruhən sonsuzluğa çatmaq üçün mənəvi bir qanada sahib olmaqla, qəlb yəqinliyi, inam və etimada yüksəlişin həzzlərilə körpə uşaq kimi sevinsə də, fəqət o, tədbirli və təmkinli olur.
Mərifətin ilk mərtəbəsi bütün istiqamətlərdə cərəyan edən Allahın isimlərinin təcəllilərini hiss etmək, duymaq, görmək, eşitmək və bu təcəllilərlə yavaş-yavaş açılan sirr qapılarının arxasındakı sifətlərin heyranedici mühitində səyahət etmək dərəcəsidir. Bu zaman bəndə hansı tərəfə yönəlsə Rəbbini orada tapar (bax: Bəqara 115). Belə ki, sol tərəf hökmündə olan gələcək zaman, mahiyyəti yalnız maddilikdə görənlər üçün tərəddütlərlə dolu naməlum bir vəhşətxananı xatırlar. "Nə və necə olacaq, məni nə gözləyir" sualı, belələrini ömrü boyu rahat buraxmaz... Əslində, gələcəyə iman nuru ilə baxan mərifət sahibləri üçün sol tərəf Rahmənin ziyafət süfrələrinin qurulduğu cənnətə çevrilər. Sağ tərəf hökmündə olan keçmiş zaman iman gözü ilə dəyərləndirilməzsə, o, böyük bir məzarlıq kimi qaranlıq və qorxuducu olar. Keçmişə iman nuru ilə baxılarsa, həmin zülmət yox olar və o qorxunc məzarlıq nurlu bir məclisə çevrilər...
Səmavət aləmi deyilən üst tərəf iman nurundan məhrum olanlara "oradan bizə hansı əzab gələcək" əndişəsi yaşadar. Qadınlardan imtina edib şəhvətlə kişilərin üstünə gələnlər isə, vaxtilə belələri üçün göydən kibrit və atəşlə yoğrulmuş əzab yağışının yağdığını bildikləri üçün (bax: Əraf 80-84) səmanı ölüm mənbəyi kimi dəyərləndirərlər. Həmin səmaya iman gözü ilə baxıldıqda isə Günəşi, Ayı. ulduzları bəzəyən Zatın əmrilə onların hərəkət etməsindən,verdikləri işıq və nurdan, buludların gətirdikləri bərəkət yağışlarından heyrətə gəlib təşəkkürlər Ona ünvanlanar. Alt tərəf üstündə yaşadığımız yer kürəsidir. Buradakı haqsızlıqları görən insanın nəzərində Yer bir zülm məkanıdır. İmansızlar üçün isə Yer dəhşətli bir sarsıntı (zəlzələ, daşqın, müsibət), ölüm məskəni qismindədir (bax: Əraf 90-91). İman gözü ilə baxıldıqda isə Yer hər növ ehsanla dolu bərəkətli ilahi bir gəmiyə bənzər. Ön cəhət zahirən bütün canlıların xaotik hərəkətlərilə heçliyə gedib bir daha geri dönməyəcəklərini xatırladır. Lakin mərifət sahibi gəlib-gedənlərin aqibətindən ibrət götürər. Zahiri xaotiklərdə ilahi bir nizam və mizanın olduğunu bilər, insanların zəhmət sahəsi olan mehmanxanadan əbədi və xoşbəxt aləmə-öz evinə dönüşünü anlayar...
Arxa tərəfə baxan kəs heyrət, təəccüb və tərəddüt içində öz-özünə sual verər: Bu məxluqat haradan gəlib, haraya gedir. Gəlməkdə və getməkdə məqsəd nədir? Suallara cavab tapmayan kəsin ruhunda bir qorxu, qaranlıq əmələ gələr. İman neməti sayəsində bu suallar aydınlaşar. Təfəkkür və mərifət sahibi olan şəxs bilər ki, bu dünyaya bir imtahan üçün gəlib. Gəlib ki, hətta canı, malı, övladları, sevdiyi əyləncələrilə sınağa çəkilsin...

İrfan sahibi və arif

Əlbətdə bu uzun mərifət səyahətində Haqq yolçusunun qulağından, gözündən, qəlbindən dilinə nurlar axar; ruhu davranışlarına hökm edər, davranışları da haqqı təsdiq edər. Bu zaman dil bir "kəliməyi-tayyibə" diskinə çevrilib vicdan adlanan monitora: "Pak söz (təvhid sözü, zikr, həmd-səna) Ona tərəf yüksələr və pak sözü də (Allah dərgahına) yaxşı əməl qaldırar" (Fətir 10) həqiqətindən nurlar əks etdirər. Artıq bu zaman ruh bütün pisliklərə qapanar, nəfs ram olar, Allahın dəlili vicdan bayram edər, qəlb şahlanar və ərşi-səmaya sığmayan Rəbb həmən qəlbə sığınar... Bu ucalığa mərifət, onun ətrafında hərəkət edənə irfan sahibi, zirvənin ən uca nöqtəsində durana isə arif deyilir. Arifin əlamətləri bunlardır: susmaq, təfəkkür etmək, gördüklərindən ibrət almaq, Allahu-Təalənin razı olduğu şeyləri istəmək. "Arifə bir işarə" xalq məsəlindəki "işarə"ni arifə göstərmirlər, onu arif özü tapır. Arifin yediyini, içdiyini görərsən, lakin onun qəlbi Allahladır. Arif boş danışmaz. O özünü həmişə qüsurlu sayar. Arifin əşya və hadisələrə gözlə baxıb qiymət verən cahildən fərqi, onun həmin olaylara bəsirət gözü-qəlblə baxmasıdır. Arifin alimdən fərqi isə qəlbinin hüzünlü olmasıdır. Arifin başqasına meyl salması, gözlərinə başqasının xəyalını gətirməsi ən böyük əzabdır. Bir sözlə, yarla həmdəm olmayan hicrandakı əzabdan xəbərsiz olar...

Quran həm də insanın Allah haqqındakı təfəkkür və
mərifətini ifadə edir

Mərifət mövzusundakı fərqli fiki rlərin olması həm məzhəb, həm də istedad və səviyyə müxtəlifliyindən qaynaqlanır. Kimisi mərifəti Rəbb isimlərinin təcəllisində sayıb, arifdəki heybət (qorxu, hörmət, etibar) hissini mərifətin təzahürü bilmiş; kimisi mərifətlə səkinəni (qəlb rahatlığı) bir-birilə əlaqələndirmiş; kimisi də qəlbin Allahdan başqa hər şeyə bağlı olduğunu qəbul edərək: "Zatını həmd-səna etdiyin ölçüdə Səni həmd-səna etməkdən aciz olduğumu etiraf edirəm" - deyib, boynunu bükübdür. Qeyd edək ki, mərifət haqqında deyilən fikirlərin müəllifləri hansı məzhəb və təriqətin nümayəndəsi olmasından asılı olmayaraq, onların hər biri bəşəriyyət adlanan kitabın sərlövhələridir...
Mərifət sahibi üçün mərifət qaynağı Qurani-Kərim-İlahi vəhylər toplusudur. Həmin səbəbdən bu kitabdan alınan mənəvi zövqi nazil olduğu tərzdə anlatmaq qeyri-mümkündür. Bu baxımdan Quranı oxuyub təfəkkür etməyənlərin durumu təbir caizsə, çeynəmədən yemək yeyənin durumuna bənzəyər. Belələri Allahın verdiyi həmin nemətdən ləzzət ala bilmədikləri üçün Onu lazımınca qiymətləndirmir, şükür etmirlər. Mərifət sahibi isə əksinə, bu kəlamları oxuyarkən, "mərifətim heyrətimdən ibarətdir" - deyər. Çünki: "Allah kəlamları ilə qullarına təcəlli etmişdir, lakin onlar bunu görmürlər" Peyğəmbər(ə) kəlamına görə, Quranda Allah görünür, Allah bilinir, Allah eşidilir! Yəni Qurani-Kərim Allahu-Təaləni göstərən ilahi bir güzgü, Onun varlığını özündə gəzdirən səmimi bir qəlb, Onun səsini eşitdirən bir xilas sədasıdır. Allah bu kitabda isim və sifətlərinin təzahürünü həm öz əzəmətinə, həm də bəndələrinin istedadlarına uyğun şəkildə bildirib. Deməli, İlahi bir təfəkkürnamə və mərifətnamə olan Quran, həm də insanın Allah haqqındakı təfəkkür və mərifətini ifadə edir.

Maddi məsələlərdə özümüzdən aşağıya, mənəviyyatda isə
özümüzdən yuxarıya baxmalıyıq

Rəbb kəlamlarına etinasız olan cahil (anlamaz, nadan) və qafillər (qəflətdə olan, hər şeydən xəbərsiz, diqqətsiz) barəsində həz.Əli buyurub: "Yolunu azmış cahillərdən Allaha şikayət edirəm. Onların nəzərində haqqın Kitabından dəyərsiz bir mətah yoxdur. Amma sözləri ordan-burdan alınan, mənası dəyişdirilmiş, satışda daha çox xeyir gətirən kitablar onların nəzərində hər şeydən üstündür. Onlar yaxşılıqdan pis, pislikdən yaxşı bir şey tanımazlar". Kəlamın aktuallığını müasir dünyada böyük "tələbatla" çap olunan anti-Xaliq, anti-bəşər, anti-milli yazı və parnoqrafiyalar, TV və internetdəki biabırçı materiallar sübut etmirmi?! Bəs durumu necə adlandıraq: "cahillərin çoxalması, ariflərin qərib olması"mı?
Allahu-Təalədən qafil olanlar çox vaxt dünya həyatından qafil olmurlar. Onlar var-dövlət məsələlərində özlərindən üstün olanlara, mənəvi məsələlərdə isə özlərindən aşağıdakılara baxarlar. Dünyəvi işlərdə həmişə özündən varlılara çatmaq həvəsi belələrini milyoner də edə bilər. Fəqət onlar mərifətli kasıbların zövqli və hüzurlu həyatını yaşaya bilməzlər. Çünki xisləti onu maddi imkanları daha yaxşı olanlara qatmaq arzusunu yaşadır. Bu arzusuna çatandan sonra isə milyardları əldə etmək istəyir. Ömür bax beləcə zay olub gedir. Və nəhayət, bir gün həmin kəs ya maddiyat üstündə gedən böğuşma və didişmənin qurbanı kimi müflisləşir, xəstəlik tapır; ya da qalib milyardler kimi Əzrail(ə)-nin dəmir pəncəsilə dünyasını dəyişir. Belələrinin bədənini yerin altında qurdlar yeyərkən, mal-dövlətini də yerin üstündəki varisləri yeyirlər... Deməli, həyatdan zövq almaq, hüzur duyub həm bu dünya, həm də axirətdə xoşbəxt olmaq üçün Allahı-Təalədən qafil olmamalıyıq. Bunun üçün maddi məsələlərdə özümüzdən daha az imkanlılara baxıb şükür etməliyik və onları düşünməliyik. Mənəvi məsələlərdə isə bizdən daha uca mövqedə olanlardan-mərifətulləhlərdən nümunə götürməliyik.

Mərifəti kimdən öyrəndin?

"Mərifəti kimdən öyrəndin? Mərifətsizdən" xalq məsəli, həmişə tətikdə olan kamil insanlar üçün həm də bir ibrət düsturudur. Belə ki, Muhyiddin ibni Arabi (v.e. 1240) Şamda gəzərkən bir bədbəxtin dar ağacından asıldığını görür. O dar ağacının yanındakı adamlardan soruşur: "Bunu nə üçün asıblar". Bir nəfər deyir: "Bu adam insanlara düşmən kəsilən bandit, irz və namusa təcavüz edən bir əxlaqsız idi". Arabi tez edam edilən adama yaxınlaşıb onun ayağından öpür. Bu mənzərədən heyrətə gələn camaat deyir: "Həzrət, bu şəxs insanların ən pisi, ən mərifətsizidir. Siz isə onun ayaqlarını öpürsünüz?" Mərifət sahibi Arabi buyurur: "Xeyr, elə deyil. Hər məsləyin bir qayəsi, nəyə qadir olduğunu göstərən son nöqtəsi var. Hər məslək məslək sahibini o nöqtəyə sövq edər. Məslək sahibi həmin nöqtəyə çatdığı vaxt yetişmiş olur. Bu bədbəxtin məsləyinin son nöqtəsi də edam səhnəsidir və artıq o, məsləyinə müvəffəq olmuşdur. Ayağını ona görə öpürüəm..." Burada mütəfəkkirin vermək istədiyi dərs budur: Ey insan! Sənin də ilahi bir vəzifən var. Kamil insan olmaq! Və ey mömin! Sənin vəzifən isə Allah, Rəsulullah və Kitabullahdan mərifəti öyrənib mərifətullah olmaqdır!
Bəli, bəlaları atla gətirib piyada yola salan əsrimizdə çatışmayan dəyərlərdən biri də mərifətdir. Hər kəsin bacarmadığı məharət, hər yerdə, hər zaman və hər kəsdə olmayan xüsusiyyət, hünər və qabiliyyət...