adalet.az header logo
  • Bakı 7°C
19 Dekabr 2018 15:27
15205
DÜNYA
A- A+

Yunanıstanda 8 ildən sonra ilk dövlət büdcəsi təsdiqləndi

Yunanıstan parlamenti 8 illik maliyyə böhranından sonra ölkənin beynəlxalq maliyyə qurumlarının diktəsindən kənar ilk müstəqil dövlət büdcəsini təsdiq edib.

Adalet.az "Reuters”ə istinadən xəbər verir ki, 2 saat sürən qızğın parlament müzakirələrindən sonra deputatların 154-ü büdcə layihəsinin lehinə, 143-ü isə əleyhinə səs veriblər. Müxalif deputatların birindən başqa hamısı "SİRİZA” və Azad Yunanlar partiyalarının formalaşdırdığı koalisiya hökumətinin irəli sürdüyü büdcə layihəsinə qarşı çıxıb.

"8 illik kəmər sıxma siyasətindən sonra bu gün biz post-memorandum dövrünün ilk büdcəsinə səs veririk. Bu büdcənin sahibi bizik və bu, Yunanıstanın yenidən azad olduqdan sonra ilk dövlət büdcəsidir" – Yunanıstanın baş naziri Aleksis Tsipras parlamendə çıxışında deyib.

Yunanıstanın 2019-cu il büdcəsində ümumi daxili məhsulun (ÜDM) 2,5% artacağı proqnozlaşdırılıb. Həmçinin, ilkin mənfəətin 3,6%-ə çatdırılması nəzərdə tutulub ki, bu mənfəətə dövlət borcunun ödənişi aid edilməyəcək.

Sənədə ümumilikdə 900 milyon avro həcmində vergi, sığorta ödəmələrində endirim və sosial müavinətlərdə artımı nəzərdə tutan paket də daxil edilib. Eyni zamanda ölkədəki işsizlik səviyyəsinin 18,6 faizdən 16,7 faizə endirilməsi planlaşdırılıb. 2019-cu ildə pensiyaların azaldılması ilə bağlı maddə isə Avropa İttifaqının məsləhəti ilə büdcə layihəsindən çıxarılıb. Büdcə qanununa əsasən, hazırda Yunanıstanın dövlət borcu 335 milyard avrodur və onun böyük hissəsi ölkəni maliyyə böhranından çıxarmağa kömək etmiş beynəlxalq kreditorlara olan borcdur.

Xatırladaq ki, 2008-ci ilin qlobal maliyyə böhranından sonra yüksək büdcə kəsiri və dövlət borcu səbəbindən Yunanıstan dövləti demək olar ki, müflis olmuşdu. Ölkəni düşdüyü maliyyə böhranından qurtarmaq üçün kəmər sıxma və sərt islahatlar qarşılığında Avropa Sabitlik Mexanizmi 2010, 2012 və 2015-ci illərdə Yunanıstana üç xilasetmə proqramı çərçivəsində ümumilikdə 289 milyard avroluq kredit yardımı ayırıb. Bu, qlobal maliyyə tarixinin ən irihəcmli xilasetmə paketi olub.

Yunanıstanı böhrandan xilasetmə proqramı bu ilin 20 avqustunda başa çatsa da, proqram bitəndən sonra ölkənin öz ayaqları üzərində dura bilməsi üçün Avropa Sabitlik Mexanizmi Afinaya sonuncu kredit yardımı – 15 milyard avro da verəcək. Həmçinin, Avropa İttifaqı Yunanıstanın aldığı borcları ödəməsinin asanlaşdırılması üçün kredit müddətini daha 10 ilə uzatmaq barədə razılığa gəlib.