adalet.az header logo
  • Bakı 7°C
19 Dekabr 2018 14:26
15840
ELM VƏ TƏHSİL
A- A+

Ekspert: “Dərsliklər sovet dövründəki kimi olmalıdır”

"Hazırda orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş dərs vəsaitləri və kitabları qavramaq 6-17 yaşında olan insanın beyninə görə deyil”

Adalet.az xəbər verir ki, bu barədə Azvision.az -a təhsil eksperti Kamran Əsədov bildirib.

Onun sözlərinə görə, istifadə olunan kitabların proqramlaşdırılmasından belə məntiq çıxır ki, ilin sonunda məzun olmuş hər şagirdin elmi dərəcəsi olmalıdır. Çünki onlar demək olar ki, bakalavr, magistr pilləsində keçirilən eyni mövzuları mənimsəyiblər.

"Əgər məktəbin qarşısına qoyulan vəzifə bir qədər savadlı, kifayət qədər sözəbaxan, sosial baxımdan qeyri-aktiv şagird hazırlamaqdırsa, onda dərsliklər sovet dövründəki kimi olmalıdır. Orada yalnız vahid düzgün ideya, fikir olmalı, artıq-əskik mətnlərə yer verilməməli, hər şey ölçülü-biçili və "bir udumluq" olmalıdır. Birmənalı suallara birmənalı cavablar və s. Ancaq əgər biz müasir məktəbdən danışırıqsa, o zaman dərslik bu gün tamam başqa funksiyaları daşımalıdır. Müxtəlif informasiya texnologiyaları ortaya çıxıb. İnformasiya texnologiyalarına istinad etmədən hazırlanan dərsliklər səssiz filmlər kimidir. Görüntü var, amma səs və söz yoxdur. Tədris yönümündən baxanda burada peşəkar ekspertlərə ehtiyac var", - deyə ekspert vurğulayıb.

K.Əsədov, həmçinin dərsliklərdəki problemlərdən söz açıb: "Təəssüflər olsun ki, bu gün dərsliyi yazanlar, tədris proqramlarını hazırlayanlar düşünmürlər ki, bu dərsliyi oxuyan uşaq necə olmalıdır. Onlar bunu düşünür: kitabda nə artıqdır, nə yox. Dərsliyə səhifələrin sayına görə yanaşırlar. Səhifələr bitdi, işimiz də bitdi. Amma sonra hamı narazıdır. Hamı bilir ki, dərslik necə olmalıdır, amma heç kəs dərsliyi lazım olduğu səviyyədə hazırlamır. Hazırda real vəziyyət budur ki, Azərbaycan məktəbində ibtidai sinifdə şagird müəllimin köməyi olmadan dərslikdən heç nə anlaya bilmir. Çünki dərsliklər kifayət qədər ağır yazılıb".

Bundan əlavə, ekspert dünya təcrübəsini nümunə göstərib: "Kanadada deyirlər ki, uşağa bilik öyrətməkdən əl çəkin. Şagirdə özünütəyinetmə imkanı verin. Yuxarı siniflərdə instruktor olması kifayətdir. Tapşırıq verir, şagird isə informasiyanı özü axtarıb tapmalıdır. Dərslik isə şagirdin müstəqilliyini inkişaf etdirmir. Əksinə, onu çərçivəyə salır. Həyatda nə müəllim həmişə onun yanında olacaq, nə də düzgün yazılmış dərslik.

Xüsusi ilə qeyd etmək istəyirəm ki, orta məktəblər üçün dərslik, tədris proqramları hazırlanarkən uşaqların psixoloji durumu, qavrama qabiliyyəti nəzərə alınmalıdır. Dərslikləri çoxyönlü ekspertlər işləməlidir. Dərslik auditoriyaya hesablanmalıdır; hansı şagirdə təqdim ediləcək, şagirdin parta arxasında əyləşmək səbri ölçülməlidir. Bunun üçün də dərslik hazırlanması prosesində uşaq psixoloqları, sosioloqlar da iştirak etməlidir".