adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
18 Dekabr 2018 19:59
15802
ƏDƏBİYYAT
A- A+

Elsevər Məsim

Uçmaq istəyirik,
elə göylərə
torpağı sevməyimiz
göydəndir elə.
Göy bizi almasa
öz ağuşuna,
torpağı da bu cürə
sevə bilmərik.
Yarpağa-çiçəyə
Könül vermərik.
Göylərdir bizə hey
qanad-ruh verən,
göylərdən uzaqdan
bizi səsləyən.
Uçmaq istəyidi,
könlümüzdəki
uçuruq yuxuda
sanki, quş kimi.
Bir gün qovuşanda
son axirətə
həqiqəti aydınca,
duya bilirik.
Quş olub göylərdə
uça bilirik.
O anda son kərə,
Ah da çəkirik.
Elə bil torpaqdan
doya bilirik,
bir sönməz-əbədi
yuxuya gedirik.
Bu imiş deyirik,
dünyanın sonu...
Əfsus ki, bir daha
görmədən onu.

***
Yuxuma gəlir,
O sonuncu qapı...
Sonuncu pəncərə.
"Son kərə" sözünü
Kürsüdən deyənlərə,
elə özüm kimi
yazığım gəliR.
Arabir də
elə özümün
özümdən acığım gəlir.
Nə qədər olarmış,
uzunçu sözlər.
Bezdirib artıq bizi,
təkrarçı sözlər.
"Xəbərlər"də elə hey
pis xəbərlər verirlər.
Nədən görən insanlar,
pisə könül verirlər...
Nədən Heydər babamız
vəsiyyət edən kimi,
hərəsi bir ağac,
hərəsi bir
gül əkmirlər!?
Səhər-axşam elə hey,
qulaqları saytda.
Xəbər-xəbər gəzirlər.
Nədən dünya bu qədər,
vəfasız olub bizə?!..
Cavab gələcək sanki,
o görünməz qeybdən
Mələklər də dil açıb
deyəcək sanki, bizə
Həyasız olmusuz deyə!?
Vəfasız olmusuz deyə?!..
Kaş bu dünya
dəyişəydi,
dəyişəydi innən belə.
İnsan könül verməyəydi,
Gərəksiz əyləncəyə -
lüzumsuz əyləncəyə.

***

Bir nəğmənin həsrətiylə,
Mən də şer yazan oldum.
Yoxsa özüm öz əlimlə,
Öz qəbrimi qazan oldum.

Hamı şer yazır indi,
Söz deməyə hazır indi.
Ələ düşmür çaşır indi,
Yoxsa tərki-zaman oldum.

Məsləhətdən qaçmayaq gəl,
Quruca da daşmayaq gəl.
Seçilmir indi quzu-kəl,
Yoxsa yolun azan oldum.

Yer tutubdu çox yersizlər,
Söz deyirlər sözbilməzlər.
Allah, açılsın gündüzlər,
Xar tək saralıban-soldum.
Yazısı yox redaktordu,
Pozusu yox dedektordu.
Neyləyək ki, pul da puldu,
Mən də belə yaşa doldum.

***

Yolçu qardaş,
tələsmə
Yollar uzaq olsa da.
Sən tələsmə,
Yollar aparacaq səni.
Yol deyilmi,
dağlardan
düzlərə gətirən çəni.
Yol deyilmi,
salan başımıza
ağca-qara dəni.
Yol deyilmi,
gözümüzdə
donub qalan
bu dünyanın xəritəsi.
Günlərin bir günündə
sorağımız
uzaqlardan gələndə,
Yol deyilmi,
könlümüzdə
səslənən nəğmə kimi.
Yol deyilmi,
üzümüzə
gecələr kölgə kimi
düşən Ayın pərdəsi.
Odur bizi
Min illərdən
bu bir günə gətirən.
Nağılların
nağılına çevrilən.
Şəhrizadın
nağılına çevrilən
Yol deyilmi,
yolçu qardaş
gecələr yuxusunda
İki qoşa balıq görən
bir kəndlinin
"həyat" adlı hekayəsini
rəvayətə döndərən!?
Yol deyilmi,
yolçu qardaş
bizdən öncə
həm tələsən -
həm tələsməyən...
Yol deyilmi,
Sonu ulduzlar kimi
Həm görünən
Həm də əbədi
görünməyək.