adalet.az header logo
  • Bakı 13°C
18 Dekabr 2018 19:37
34781
LAYİHƏ
A- A+

LAYİQSƏN SEVGİYƏ, SÖZƏ LAYISQI

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən saylarımızda)

Baş Layısqıdan zəngin təəssüratlarla Bakıya qayıtdıq. Görkəmli tədqiqatçı -alim Əjdər Fərzəli az zaman içərisində "Salam, Layısqı dağları" adlı kitabını yazıb nəşriyyata təqdim etdi. Bu onun elmi, ədəbii-bədii mövzuda yazdığı sayca on doqquzuncu kitabı idi.
Təəssüf ki, o, 2011-ci il yanvarın 21-də vəfat etdiyi üçün "Salam, Layısqı dağları"nın (2011) AYB-nin Natəvan klubunda keçirilən çox maraqlı təqdimatında iştirak edə bilmədi. Lakin, əsərində "Layısqı" sözünün etimologiyasına dair ciddi araşdırmalar aparmış, maraqlı qənaətlərə gəlmişdir. Əjdər Fərzəlinin fikrincə "Şəki rayonundakı "Layısqı" kəndinin, dağının və çayının adı uşağa çalınan "lay-lay"dan əvvəl gəlib. Bu kəndin, dağın, çayın adı bir hecalı "lay" koduna bağlıdır. Məhz bu koddan "Layısqı" sözü yaranıb. "Layısqı" öncə "Layıs" adlanıb... Mayıs və Layıs qədim Azərbaycan - türk qəbilələrinin adları olub".
Onun digər araşdırmalarına əsasən "Layıs" adının çox qədimlərdən "sulu, işıqlı, gözəl vətən" mənası aşkarlanır. (Ə.Fərzəli. "Salam, Layısqı dağları", Bakı, "Ozan", 2011).
Son tədqiqatlar zamanı üzə çıxan faktlar da Əjdər Fərzəlinin qənaətlərini təsdiqləyir. Xüsusilə Ural Dövlət Universitetinin professoru, Ural onomastika məktəbinin banisi Aleksandr Konstantinovuç Matveyevin (1926-2010) tədqiqatlarında, o cümlədən "Verşini kamennoqo poyasa" (Çelyabinsk, 1990) monoqrafiyasında müəllif Ural dağlarında yer adlarını incələyərkən "Böyük (baş) Layıs- Ur dağından 10 km cənubda, Yanıq Layıs, Böyük Layıs dağlarından şimalda Qırıq Layıs dağları"nın mövcudluğunu göstərmişdir. A.K.Matveyev eləcə də Arxangelsk vilayətinin Primorye rayonunda Layıskı qoruğu, Ural dağlarının qərbində, Avropa və Asiyanın şərti sərhəddində Baş Layıskı və Aşağı Layıskı dəmir zavodlarının olduğunu vurğulamışdır.
Sözün kökü, nüvəsi sayılan "lay" birhecalı olsa da, iki və daha çox kəmiyyət gösrəticisini özündə etiva edir. Layısqı yer adı olaraq bu mənada da özünü doğruldur. Ə.Fərzəlinin "Layısqı" sözünün məna çaları barədə xüsusilə ikinci qənaəti , yəni bir məfhumun "sulu, işıqlı" yer anlamını daşıması barədə düşüncələri Təbrizli araşdırıcı Həsən bəy Hadinin iki cildlik "Türkcə etimoloji sözlük" (Təbriz, 2010) kitabındakı tədqiqat xarakterli mülahizələrinə də uyğun gəlir. Həsən bəy Hadi qədim türklərdə "lay" sözünün çağdaş düşüncəmizdəki kimi "lay, qat, təbəqə, kəsim" mənasını verməklə yanaşı, (bax: H.Hadi. "Türkcə etimoloji sözlük", Təbriz, 2010, II cild, səh.11), komponentin ikinci tərəfinin - iska- sulama, isqı - sulu", isqı(n) - qızğın, odlu" (bax: H.Hadi. "Türkcə etimoloji sözlük", Təbriz, 2010, I cild) anlamlarını da daşıdığını vurğulamışdır. Başqa sözlə, Həsən bəy Hadinin təbirincə desək, "Lay+isqı" məfhumunun özü də iki qatdan, təbəqədən, kəsimdən ibarətdir və "od layı", "su qatı" mənasını verir.
"Ey qonaq! Sənə Layiqsə - yolunu bu kənddən sal! Sənə Layiqsə - evimin qonağı ol! Sənə Layiqsə - bir qismət çörəyimi kəs, suyumu iç! Sənə Layiqsə - sözümü dinlə! Layiqsə - layiqdir sevgiyə, sözə!..
Qədim layiqsililərin - layısqılıların mənəvi dünyalarını seyr etsəniz qəlbinizin dərinliyindən bu yanıqlı səslər, müdrik kəlamları eşidə bilərsiniz. Doqquz ziyarətgahı olan kənd bütövlükdə özü ziyarətgahdır! Sələfilər ənənələrini, qonaqpərvərliyini xələflər ləyaqətlə, layiqcəsinə indi də davam etdirir.
Bu günlərdə bir qrup ziyalı, o cümlədən görkəmli sosioloq-alim Əhməd Qəşəmoğlu, fəlsəfə doktorları Şahvələd Əliyev, Aytən Mehdiyeva, Ruhəngiz Eyyubova, Təbrizli ziyalı Vahid Abazari və b. (cəmi 15 nəfər) ilə Baş Layısqı ziyarətgahlarına baş çəkməyə, Eşik qalasını görməyə getmişdik. Bizi Molla Cümənin abidəsi önündə Mehman Əhməd oğlu Yusifli qarşıladı. O, bizə Baş Layısqı haqqında böyük sevgiylə, məhəbbətlə məlumat verirdi. Aşıq poeziyasının görkəmli nümayəndəsi, müdrik söz sərrafı Layısqılı Molla Cümənin ev muzeyinə, qəbirüstü abidəsinə, müqəddəs ziyarət yerlərinə bələdçilik etdi. Zirvələr tənhalığı sevir. Eşik qalası da zirvədə, tək-tənha, yamyaşıl ağacaların kölgəsində əsrlərin yorğunu kimi mürgüləyirdi... Bizi görən kimi oyandı, yuxusu qaçdı. Gileyini gizlətmədi...
Eşik qalası ilə görüşdən çətinliklə ayrılırıq....
Təkidlə imtina etməyimizə baxmayaraq, Mehman Əhməd oğlu bizi evinə qonaq apardı. Anasının adını daşıyan qızı Səmənnaz xanım bizə süfrə açdı, mürəbbəli çay gətirdi. Burada Layısqı qonaqpərvərliyinin ən yaxşı nümunəsinin şahidi oldum. Mehman müəllim ata ocağında yaşayan və Yusif əfəndi nəslinin milli-mənəvi dəyərlərə sadiqliyi ilə sayılıb-seçilən nüfuzlu nümayəndələrindən biridir.
... Layısqı və layısqılılar haqqında bundan sonra da yeni-yeni kitabların, monoqrafiyaların yazılacağına şübhə etmirəm. İnanıram ki, gələcəkdə də hazırlanacaq eyni mövzulu əsərlər üçün bu kitab ("Qədim oğuz yurdu- Baş Layısqı" ) mötəbər mənbə, məxəz missiyasını daşıyacaqdır.
Baş Layısqı həm nadir arxeoloji tapıntıları, həm də daşıdığı unikal adı ilə tariximizin dərin laylarından bu günümüzə boy göstərən qədim mədəniyyət ensiklopediyasi, milli ləyaqət rəmzidir.

Asif Rüstəmli
Filologiya üzrə elmlər doktoru, professor


AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ