adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
18 Dekabr 2018 19:22
17076
ƏDƏBİYYAT
A- A+

ƏDALƏT VƏ MƏRHƏMƏT

Ələmdar Məmmədov
Təqaüddə olan
Baş ədliyyə müşaviri

(əvvəli ötən saylarımızda)

Dəllək Səfərin
mühakiməsi
Sosializm cəmiyyətinin təbiətindən irəli gələn rəzil qanunlardan biri də, CM-nin154-cü maddəsində (alıcıları və sifarişçiləri aldatma) nəzərdə tutulan cinayət əməli idi. Ən xırda məbləğə görə, cinayətkarlıqla mübarizə adı altında insanlar məhkum edilir, incidilirdilər. Belə işlərdən birini oxucuların müzakirəsinə verirəm.
Masallı şəhərində iki mərtəbəli mehmanxananın1-ci mərtəbəsində 12 uşaq atası, Səfər adlı bərbər işləyirdi.Səfər kişi sakit təbiətli,yazıq görünüşlü,işinin ustası olan bir adam idi. Rayonun bütün böyüklərinin saç-saqqalına o qulluq edirdi.Bəzən evlərə də aparırdılar onu.Yeganə eybi, çox danışması idi.
Böyüklərdən kimin qəzəbinə düçar olduğunu deyə bilmərəm, bir gün xəbər yayıldı ki,SƏDM əməkdaşları dəllək Səfərin təsərrüfatını yoxlayırlar.
Masallının Qodman sovetliyindən bir nəfər saç-saqqalını səliqəyə saldırıb çıxarkən, SƏDM əməkdaşları onu saxlayıb, xidmətə görə dəllək Səfərin ondan nə qədər pul aldığını soruşduqda -bir manat pul verdim, artığını da qaytarmadı,-deyə cavab verir.Toplanmış material üzrə CM-nin 154-cü maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlandı.Dəllək Səfər zərərçəkmişi qiymətdə 45 qəpik aldatdığına görə, ona həmin maddə ilə ittiham elan olunmaqla, iş baxılması üçün məhkəməyə göndərildi. Dəllək Səfərin qapısı bağlı qaldı...
"Aktuallığı" nəzərə alınaraq dəllək Səfərin CM-nin 154-cü maddəsinin 1-ci hissəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışında dövlət ittihamının müdafiəsi rayon prokurorunun köməkçisi kimi, mənə tapşırılmışdı.
Məhkəmə iclasındakı ifadələrdən:
SƏDM əməkdaşı:
-Daxil olmuş əməliyyat məlumatı əsasında Səfərin yanından çıxan zərərçəkmişi saxlayıb, xidmət üçün ondan nə qədər pul aldığını soruşduqda, 1 manat verdiyini bildirdi.Mütəxəssis rəyinə əsasən Səfər zərərçəkmişi qiymətdə 45 qəpik aldatmışdı.
Zərərçəkmiş:
-Mən saçıma və üzümə qulluğa görə Səfərə 1 manat pul verdim.O,pulun artığını qaytarmadı.
Müttəhim Səfər:
-Mənim hesabım düz aparılmayıb.Zərərçəkmişin saçına və üzünə qulluq etdikdən sonra,onun bığını düzəldib, burun tüklərini də almışam. Bu da 8 qəpik edir.
Zərərçəkmiş:
-Sən yalan danışırsan.Mən bığımı həmişə özüm düzəldirəm.
Müttəhim:
-Mən zərərçəkmişin üzünə "Krasnı Moskva"duxisi vurmuşam ki, bu da 6 qəpik edir.
Zərərçəkmiş:
-Yalan deyirsən, sən mənim üzümə 2 qəpiklik "Şipr" odekolonu vurmusan.
Müttəhim:
-Mən sənin üzünə və boynuna pudra da vurmuşam.Bu da 7 qəpik edir.
Zərərşəkmiş:
- Arvad deyiləm ki,üzümə pudra vurduram.Yalan deyirsən.Mən üzünə deyirəm ki,sən kiçik toylara da gedirsən və xidmət üçün pul alırsan.
Müttəhim:
-Doğrudur mən kiçik toylara gedirəm,lakin heç kimdən pul almıram.
Sədrlik edən:
-İttihama aidiyyəti olmadığına görə bu sual-cavab çıxarılsın.
Dəllək Səfərin bütün vəsadətləri təmin edildikdən sonra, üzərində 24 qəpik aldatma qaldı.
Mən çıxışımda "humanistlik göstərərək" dəllək Səfərin cəzasının şərti hesab edilməsini xahiş etdim.
Məhkəmə heyəti"humanistlikdə"daha irəli gedərək, Səfəri bir il müddətinə bərbərliklə məşğul olma hüququndan məhrum etmə ilə cəzalandırdı.
Səfər hakimə minnətdarlıq etmək əvəzinə dedi:
- "Sudya",bağanı öldür ya arxası üstə çevir,mən dəlləklik etməsəm, balalarıma kim çörək verəcək? 6 ay həbs etsəydin bundan yaxşı olardı.

SÖZ ARDI

Məhkəmə müşavirə otağında olarkən, zəzərçəkmişə bir nəfər yaxınlaşıb nə dedisə o, həyacanla yerindən qalxıb məhkəmə zalını tərk etdi.Sonradan eşitdik ki,onun 25 yaşlı oğlu evlərinin damında iş görərkən, ayağı sürüşüb yerə yıxılıb.Xəstəxanaya çatdırılsa da səhərisi gün dünyasını dəyişib.Allah rəhmət eləsin. Bədbəxt hadisənin xofumu,yoxsa oyanmış viçdanın səsi?! Deyə bilmərəm. Hər-halda bir aydan sonra dəllək Səfərə iş yerini dəyişib,oğlunun adına rəsmiləşdirməklə, bərbərlik etməsinə icazə verdilər.Səfər"islah olunmuşdu".Az danışırdı.İşlədiyi yerdə bir torba xırda pul və "hesabdar şötkəsi" var idi.Xidmət edib, qurtaran kimi, "şötkəyə" vurur və pulun artığını müştərilərə qaytarırdı.Təbii ki, heç kim ondan pulun qalığını almırdı.İllər ötəcəkdi,İlyas İsmayılov Respublika Prokuroru olanda, belə utancverici işlərə son qoymağı fəaliyyətinin əsas prinsipi elan edəcəkdi.

Manya Kərimova

1997-ci ilin aprel ayında Goranboy rayon prokuroru vəzifəsinə təyin olundum. İşlədiyim ilk ayda bir hadisə baş verdi. Polis işçiləri yük maşınında betondan olan dam örtüyünün aparıldığını görüb, şöbəyə gətirirlər. Məlum olur ki, beton örtük kolxoz sədri və icra hakimiyyətinin yerli nümayəndəsinin iştirakı ilə kolxozun mədəniyyət evinin üstündən götürülüb. CM-nin 86 maddəsinin 2-ci hissəsi ilə başlanmış cinayət işi üzrə həmin gün kolxoz sədri və icra nümayəndəsinə ittiham elan olunmaqla barələrində həbs qəimkan tədbiri seçildi. Bu hadisə rayonda böyük rezonans yaratdı. Kolxoz sədri və icra nümayəndəsinin hərəkətlərini özbaşınalıq və qanuna hörmətsizlik kimi qiymətləndirmişdim. Hər halda artıq 4-cü təyinat rayon prokuroru işləsəm də, tələsikliyə yol vermişdim. (Mədəniyyət evi 50-ci illərdə inşa edilmişdi, əslində istifadəyə yararsız idi.)
Yuxarılara şikayət olunacağından ehtiyat edərək kolxozun maliyyə- təsərrüfat fəaliyyətinin yoxlanılması barədə də qərar vermişdim.
İki gündən sonra otağıma 75 yaşlarında, başında ağ kəlağayı, nurani bir qadın girdi. Sanki bu ananı əvvəllər haradasa görmüşdüm. O, asta addımlarla mənə yaxınlaşıb, birdən örpəyini başından açıb ayağıma tərəf atmaq istəyərkən imkan vermədim. Ay ana, siz nə edirsiniz?- deyə, etiraz etdim və onun qolundan tutub oturmaq üçün yer göstərdim. Dəftərxana müdiri Nəzakət xanım su gətirdi. Ağbirçək dedi:
- Mən Sosialist Əməyi Qəhrəmanı Manya Kərimovayam. Həbsə aldığın kolxoz sədri mənim oğlumdur.
Bəli! Qarşımda əyləşən qadın böyük şairimiz Səməd Vurğunun "Muğan" poemasının qəhrəmanlarından biri Manya Kərimova idi...

O kimdir kürsüyə gəlir vüqarla,
Nə qədər sevinir,nə qədər şəndir.
Elə bil gün doğub gəlir baharla,
Hüsnünün şöləsi çəmən-çəməndir.
Yox-yox!Nə günəşdir, nə də ki çəmən,
Manyadır,Manyadır o gözəl pəri...
...Qoy arxamca bütün ellər
Alqış desin hünərimə,
Mənim zəfər günlərimə!-
Deyən Manya Kərimova...
...Manya! Manya! Çöllərə sən,
Yenə meydan oxuyursan!

Düzü peşmançılığım ikiqat artmışdı. Dedim:
- Anacan, çox təəssüf edirəm. Mən də tələsikliyə yol vermişəm. Hesab elə ki, oğlunuz bir xəta edib, onu 15 sutka həbs ediblər. Sizə söz verirəm ki, ən uzağı 15 günə oğlunuza qovuşacaqsınız.
Manya ana mənə inandığını bildirib, əmək fəaliyyətindən, həmyerlisi iki dəfə Sosialist Əməyi Qəhrəmanı,məhşur pambıqçı Bəsti Bağırovanın nailiyyətlərindən ruhlandığını,böyük şairimiz Səməd Vurğunun dəfələrlə kəndlərinə gəlişindən,ekskovatorçu Sarvanla qiyabi yarışından,Mircəfər Bağırovla görüşlərindən xeyli maraqlı söhbət etdi.Ayrılarkən bir daha mənə inandığını bildirdi.
Kolxozun maliyyə- təsərrüfat fəaliyyətinin yoxlanması barədə qərarı ləğv edib, üç gün ərzində bütün istintaq hərəkətlərini yekunlaşdırıb, məhkumluq haqqında arayışı DİN-dən gətizdirib, cinayət işini baxılması üçün, aidiyyəti üzrə məhkəməyə göndərdim. Məhkəmə sədri məzuniyyətdə olduğundan onu xalq iclasçısı, məktəb direktoru işləyən Yəhya müəllim əvəz edirdi. Beləliklə,14 günün tamamında məhkəmə iclası keçirildi. Hər 3 müttəhimin cəzası şərti hesab edildi və Manya Kərimova oğluna qovuşdu.

Izsiz cinayət

Hüquq-mühafizə orqanlarında rəhbər vəzifəyə təyin olunan şəxs işə başşlayarkən (prokuror, polis rəisi) ilk öncə cinayətkarlığın vəziyyəti, dinamikası, açılma faizi ilə maraqlanır. Mən də təbii ki, bütün təyinatlarımda bu zəruri ənənəyə əməl etmişəm. Respublikaın Baş prokuroru Eldar Həsənovun 26 aprel 1997-ci il tarixli əmri ilə Goranboy rayon prokurou vəifəsinə təyin edildim. Bu, rayon prokuroru kimi mənim dördüncü təyinatım idi.
Cəbhə bölgəsində yerləşən, 1988-ci ildən erməni separazmi ilə üz-üzə qalan Goranboy rayonunda, əvvəlki illərdən qalan çoxlu sayda bağlı cinayətlər,o cümlədən ölüm işləri var idi.Bəzi işlər üzrə dayandırma qərarı ləğv edilib icraata veridi,bir çox işlər üzrə əməliyyat tapşırığı yazılıb aidiyyəti üzrə göndərildi. Lakin kəndlərin birində 83 yaşlı Tahirə Qəhrəmanovanın oğulluğu İlqar (bəzi adlar şərtidir) və gəlini tərəfindən tamah niyyəti ilə öldürülüb, həyətdəki əncir ağacının altında basdırılması barədə gəzən söz-söhbət məni daha çox düşündürürdü.
Məsələ burasındadır ki, Tahirə arvadın ölümü və ya itkin düşməsi barədə müvafiq orqanlara heç bir ərizə və ya məlumat daxil olmamışdı. Bu məsələ ilə əlaqədar söhbətlərimizdə RPŞ-nin rəisi Şirzad İsgəndərov və MTN-in rayon şöbəsinin rəisi İbrahim Şirinov həyətdəki əncir ağacının ətrafını qazıb baxmağı təklif etsələrdə tərəddüd edirdim. Əvvəla, həyətə girib qazıntı işi aparmaq axtarışa bərabər idi. Bunun üçün əldə tutarlı əsas olmalı, cinayət işi başlanmalıydı.
(ardı olacaq)