adalet.az header logo
  • Bakı 13°C
18 Dekabr 2018 16:14
7897
MƏMLƏKƏT
A- A+

Pambıq tədarükü 228 min tonu ötüb

Ölkə ərazisində yağmurlu hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, pambıqçılar tarlalarda məhsulu son qozasınadək yığmağa çalışırlar. Bu günədək pambıq yığımında Saatlı (30 min 58 ton), Bərdə (24 min 962 ton), Ağcabədi (22 min 825 ton), Biləsuvar (21 min 773 ton) və Beyləqan (21 min 281 ton) rayonları irəlidə gedir.

Dövlət Statistika Komitəsindən Adalet.az -a verilən məlumata görə, dekabrın 18-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 228003 ton məhsul təhvil verilib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 12,2 faiz çoxdur.

Qeyd edək ki, bu il Azərbaycanda 22 rayonda 132 min 512 hektarda pambıq əkini aparılıb. Ölkə üzrə ən çox pambıq Saatlı (15 min 815 hektar), İmişli (13 min 645 hektar), Sabirabad (13 min 55 hektar), Biləsuvar (12 min hektar), Ağcabədi (10 min hektar), Bərdə (9 min 630 hektar) və Beyləqan (9 min 560 hektar) rayonlarında əkilib. Pambıq əkinlərinin 2/3 hissəsi bu rayonların payına düşür.

Prezident İlham Əliyevin 2017-ci il 13 iyul tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nda xam pambıq istehsalının 500 min tona çatdırılması nəzərdə tutulur.