adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
18 Dekabr 2018 14:44
12141
DÜNYA
A- A+

TÜRKİYƏ VƏ ABŞ-da FETÖ-çuların HƏBSİNƏ BAŞLANILDI

ABŞ-ın Federal Təhqiqat Bürosu artıq Fətullah Gülən təşkilatının üzvlərinin həbsinə başlayıb. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

RİA-Novostinin yaydığı xəbərlərə görə, Çavuşoğlu ABŞ-ın 15 ştatında FTB-nin həbslərə başladığını bildirib. Xatırladırıq ki, Buenos-Ayresdə G-20-lərin görüşündə ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Tayib Ərdoğanla danışıqlarında Fətullah Gülənin ekstradisiyası ilə bağlı işlər aparıldığını bildirmişdi.

Noyabr ayının ortalarında Gülən təşkilatı fondunun başçısı Saleh Gözər cinsi təcavüzə cəhddə günahlandırılaraq həbs edilmiş və artıq Türkiyə tərəfinə təhvil verilib. Bu barədə qərarı isə işə baxan Amerika məhkəməsi verib və eyni zamanda bunun ardınca Gülənin də Türkiyəyə deportasiyası mümkündü.

NBC telekanalının yüksək rütbəli mənbələrə istinadən yaydığı məlumata görə ABŞ tərəfi bu addımı atmaqla səudiyyəli jurnalist Camal Kaşıkçının ölümü ilə bağlı Türkiyə tərəfinin tələblərini yumşaldacağına ümid edir. Ümumiyyətlə, FETÖ işi ilə bağlı 452 nəfərin Türkiyəyə verilməsi tələb olunur.

Eyni zamanda Türkiyə tərəfi də FETÖ-ya bağlı hərbçilərin həbsini davam etdirir. NTV telekanalının yaydığı məlumata görə, Türkiyə hökuməti FETÖ terror təşkilatına qarşı mübarizə çərçivəsində aparılan əməliyyatlar zamanı 118 hərbçi həbs edilib. 14 dekabrda İstanbul məhkəməsi 85-i zabit olmaqla 216 hərbçinin həbsi ilə bağlı qərar qəbul edib. Məhkəmə saxlanılan hərbçilərdən 160-nın işinə baxıb və onlardan 118 nəfəri barədə həbs qərarı qəbul edib. Bu hərbçilər məlum dövlət çevrilişində iştirak etməkdə günahlandırılır.

MEHRİBAN