adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Dekabr 2018 13:08
21434
MƏMLƏKƏT
A- A+

“Atamın son sözü bu oldu ki,Laçın azad ediləndə sümüklərimi aparıb orada dəfn edin...”

Bu günlərdə redaksiyamıza zəng vuran köhnə dostumuz, dəyərli ziyalılarımızan biri olan Ramiz Cəbrayılov Laçınlı günləri ilə bağlı ürəyini ağrıdan xatirələrindən söz açdı. Və sonra bildirdi ki, bu xatirələr artıq müsahibə formasındadır. Biz də həmin müsahibəni təqdim edirik və bildiririk ki, Laçın rayon ictimaiyyətinin tanınmış nümayəndələrindən biri olan Ramiz Cəbrayılov geniş söhbətində hələ 1905-1906-cı, 1918-ci illərdə daşnak ermənilər tərəfindən baba-nənələrinin, körpə atasının başına gətirilənlər, eləcə də doğma rayon və kəndinin dəfələrlə yandırılması və 1992-ci ilin mayındakı son işğalı haqqında, 1988-ci ildən bəri Laçın rayonu və Dağlıq Qarabağ ətrafında baş verən, bilavasitə şahidi olduğu hadisələr barədə maraqlı epizodlar nəql edib...

Laçın rayon ictimaiyyətinin tanınmış nümayəndələrindən biri olan Ramiz Cəbrayılov Moderator.az əməkdaşıyla geniş söhbətində hələ 1905-1906-cı, 1918-ci illərdə daşnak ermənilər tərəfindən baba-nənələrinin, körpə atasının başına gətirilənlər, eləcə də doğma rayon və kəndinin dəfələrlə yandırılması və 1992-ci ilin mayındakı son işğalı haqqında, 1988-ci ildən bəri Laçın rayonu və Dağlıq Qarabağ ətrafında baş verən, bilavasitə şahidi olduğu hadisələr barədə maraqlı epizodlar nəql edib...

"ATƏT-in Minsk qrupu Volskinin 1988-1989-cu illərdəki Xüsusi Komitəsinin ermənipərəst missiyasını bu gün "uğurla” davam etdirir...”

-Ramiz müəllim, 1988-ci ildən hazırda işğal edilmiş digər bölgələrimiz kimi, Laçında da sadə insanlar, xüsusən gənclər ermənilərin separatçı-işğalçı niyyətlərinə qarşı kifayət qədər dirəniş göstərirdi. Rayonda milis taboru ilə yanaşı, özününüdafiə dəstələri, respublikada ilk alaylardan biri yaradılmışdı və s. Bəs nəticə niyə belə oldu?..

-Bilirsiz, öncə dediyim kimi, ayrı-ayrı fədakar insanlar həm rəhbərlikdə, həm yerlərdə xeyli idi. Amma ümumi sistem əvvəlcə Moskvanın tabeliyində işlədiyindən, müstəqilliyimizin ilk aylarında, illərində isə hakimiyyətsizlik və hakimiyyət uğrunda mübarizə şəraitinə tabe olduğundan xalqın bütün əziyyətləri hədər getdi və torpaqlarımız, o cümlədən Laçın işğal edildi...

Bəli, Laçın gəncləri də fəal idi... Hələ öncə haqqında bəhs etdiyimiz Qorbaçovun göstərişi ilə Dağlıq Qarabağda Xüsusi İdarəetmə Komitəsinin rəhbəri təyin edilmiş Arkadi Volski 1989-cu ildə Dağlıq Qarabağ və ətraf bölgələrdən SSRİ Ali Sovetinə deputat da seçilmişdi. O dövrdə yalnız Laçın rayon komsomol komitəsi xüsusi plenum keçirərək Azərbaycan seçiciləriinin etimadını doğrultmadığına, ölkəmizə qarşı xəyanətkar mövqe tutduğuna görə A.Volskinin deputatlıqdan geri çağırılmasıyla bağlı SSRİ Ali Sovetinə və baş katib Qorbaçova müraciət ünvanladı. Həmin plenumda Azərbaycan Komsomolu Mərkəzi Komitəsiinin nümayəndələri Kamal Mədətov və Elmar Zeynalov da iştirak etdilər. Yəni, Azərbaycan komsomolunun rəhbərliyi də, Laçın rayon partiya komitəsinin 1-ci katibi rəhmətlik Xanlar Məmmədov da bizə birmənalı dəstək verdi. Bu, rayonumuz, həm də respublika üçün tarixi bir hadisə idi və mətbuatda da geniş işıqlandırıldı. Lakin təəssüf ki, o dövrdə Volskini "seçmiş” digər 15-20 rayon da bizə dəstək vermədi. Odur ki, məktubumuza Qorbaçovdan cavab da gəlmədi...

Yəni, o illərdə ayrı-ayrı fərdlər, qruplar istisna, ermənilərin məkrli planlarına qarşı sistematik, planlı iş görən yox idi. Amma bu gün cənab Prezident başda olmaqla Qarabağın azadlığı üçün həm siyasi, həm iqtisadi, həm hərbi müstəvidə planlı işlər görülsə də, nəinki Moskvada, Parisdə, Vaşinqtonda da dünənki Volskilərin daha geniş və "modern” formada davamçıları var. Hesab edirəm ki, artıq 26-cı ildir ki, ATƏT-in Minsk qrupu adlanan bir qurum Arkadi Volskinin Xüsusi İdarəetmə Komitəsinin ermənipərəst missiyasını Avropa və dünya miqyasında "uğurla” davam etdirir. Bu qurum yalnız ermənilərin xeyrinə vaxt keçirməklə, Azərbaycan xalqının başını qatmaqla məşğuldur. Bu gün mediadakı informasiyalardan da bəlli olur ki, Minsk qrupunun həmsədrləri olan Rusiya da, Fransa da, ABŞ da nəinki işğalçı, separatçı erməniləri yerində oturtmağa, əksinə, hər vasitə ilə onlara dəstək verməyə çalışır. Hər üç ölkənin rəsmi və qeyri-rəsmi nümayəndələri, alimləri, həkimləri, deputatları, incəsənət və iş adamları və s. Azərbaycanın işğal altındakı ərazilərinə mütəmadi səfərlər edir, müxtəlif tədbirlərdə iştirak edir və hətta onları təşkil edir, tikinti, təmir-bərpa işləri aparır, işğalçı ordu hissələrinə yardım edir, yeraltı-yerüstü sərvətlərimizin istismarıyla məşğul olurlar və s.

Digər tərəfdən, orta məktəb şagirdi də bunu dərk edər ki, Minsk Qrupunun həmsədri olan hər üç dövlət: ABŞ, Rusiya və Fransa dini baxımdan xristiandır. Ona görə də, kim nə deyir-desin, onların xristian Ermənistanı qoyub, müsəlman, türk dövləti olan Azərbaycana dəstək verməsi ağlasığan deyil... Yəni, ATƏT-in Minsk qrupu xristian klubundan başqa bir şey deyil...

-Bilirik, Laçından, doğma kəndinizdən ayrıldığınız son günlərdən danışmaq çətindir, sizin üçün...

-Nəinki çətindir... Dəhşətli bir əzabdır, əzab... 1992-ci il mayın 16-17-də Laçında, kəndimizdəki son günləri xatırlayanda keçirdiyim hissləri danışmaqla təsəvvür etmək mümkün deyil. Sanki həmin gün təbiət də, kənddəki ev heyvanları, it-pişik, mal-qara da yüz illərlə bu məkanda yaşamış insanların bilinməz müddətə buradan getməyinə yas saxlayırdı, şivən qoparırdı. Bir həftədən çox idi, işıqlar yanmırdı, gecələr kənd qatı zülmət içində idi, göydən sanki qara rəngli leysan bir yağış tökürdü... Elə bil, o dilsiz-ağılsız inəklər, qoyunlar, itlər, toyuq-cücələr öz mələşmələri, hürmələri, çığırtları ilə sanki deyirdilər ki, ey insanlar, bu gözəl yurdunuzu tərk edib haraya gedirsiniz...

...Evdən çıxdığımız son məqamda kiçik qardaşıma dedim ki, itimizi zəncirdən aç, yazıqdır, bağlı qalmasın... Hələ dinclik vaxtlarında o it iki dəfə qonşu erməni kəndindən gəlib evimizin yanından atla keçən kolxoz sədri Sərkisyan Qrişa ad-soyadlı erməniyə hücum edərək onun atını parçalamışdı. Artıq münaqişə başlananda bəlli oldu ki, həmin Qrişa erməni kəndindəki separatçıların lideri imiş... Yəni, sanki it də ermənilərin kəndimizə məkrli niyyətlərlə gəldiyini hiss edirdi... Xülasə, qardaşım itimizi zəncirdən açanda mən maşının qapısını açıq qoyub əyləşmişdim. İt həmişəki kimi açılan andaca kənara qaçmadı, maşının yanına gəldi və qabaq ayaqlarını qaldırıb dizlərimin üstünə qoyub başladı əllərimi yalamağa... Ona təpinəndə keçib çöməltmə oturdu maşının qarşısında və tərpənmədi... Sanki o dilsiz-ağılsız heyvan da deyirdi ki, ay etibarsızlar, bu torpağı, biz heyvanları yağı düşmənə qoyub hara gedirsiz... İnanırsız ki, biz o heyvanı bir təhər kənara qovub maşını sürdükdən sonra o it arxamızca 5-6 km-dək qaçdı... Sükan arxasında göz yaşları məni boğdu... O gün əlacsızlıq, acizlik, ayrılıq, həyəcan, utanc duyğularının biri-birinə qarışıb tüğyan etdiyi dəhşətli bir mənzərə idi... Heç vaxt gözümün önündən getmir, heç vaxt...

-Ramiz müəllim, yəqin, gündüzlər iş-güc başınızı qatır. Amma gecələr Laçını, Ağanusu düşünmək daha əzablı olur?..

-Elə bir gecə yoxdur ki, mən xəyalən Laçına qayıdıb kəndimizin cığırlarını, dağlarını, meşələrini, bulaqlarını, Laçın rayon mərkəzinin küçələrini qarış-qarış gəzməyim... Filan yerə gedən yolda neçə döngə vardı, həmin döngələrdə hansı qaya, daş, qumlaq, dərə vardı, hansı dərədə hansı bulaq vardı, hansı yolun kənarında böyük bir ağac vardı, hansı ağacın dibində gözəl yaşıllıq vardı, həyətimizin filan küncündə filan ağac əkilmişdi və s. və i.a. İnanın ki, bəlkə də bir gecə hiss etsəm ki, kəndimizdəhansısa yerin adını unutmuşam, başıma hava gələr...

Adətən insan yuxuya getməzdən öncə ya bu dünyada uzaq yerdə olan, yaxud həyatdan köçmüş əzizini yuxuda görməyi arzu edir. Mən isə hər gecə, üzr istəyirəm, yatağıma girəndə Yaradandan diləyirəm ki, ay Allah, nə olar, yalvarıram, elə et, bu gecə Qarabağı, Laçını, doğma kəndimizi, evimizi yuxuda görüm. Və o məkanlar yuxuma girdiyi gecə özümdə bir rahatlıq tapıram...

Ümidsiz yaşamaq insanın sonudur. Yenə də deyirəm, böyük imidlə yaşayıram ki, nəhayət, biz torpaqlarımıza qayıdacağıq. Amma mənim çiynimdə hazırda iki böyük yük var. Birincisi, torpaqlarımızın işğaldan azad edilməsi üçün bir vətəndaş olaraq əlindən gələni etmək...

İnsanın əsl vətəni onun doğulduğu yerdir. Mənim üçün əsl doğma vətən Azərbaycanın Laçın rayonunun Ağanus kəndidir. Hazırda yaşadığım yer isə paytaxtmız Bakıdır. Sözsüz ki, Azərbaycan hamımız üçün ümumi vətəndir və hər bir qarışı bizim üçün əzizdir. Ancaq doğulduğun məkana sevginin daha güclü olması insan fitrətindən gələn təbii bir haldır. Özü də insan yaşlaşdıqca doğulduğu yurdun torpağı, hər daşı, hər ağacı sanki maqnit kimi onu özünə çəkir...

Digər Xəbərlər