adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
19 Dekabr 2018 10:13
85604
MÜSAHİBƏ
A- A+

70 manatlıq kitabın müəllifi: Bu asan deyildi... - MÜSAHİBƏ

Adalet.az Çexiyada yaşayan həmvətənimiz rejissor, "Azərbaycan animasiyası” kitabının müəllifi Rəşid Ağamalıyevlə müsahibəni təqdim edir:

- Özünüz haqda məlumat verərdiniz...

- 1992-ci ildə Rusiyada doğulmuşam. Uşaqlığım Zığ qəsəbəsində, dəniz kənarında keçib. 16-17 yaşında Rüstəm İbrahimbəyovun beynəlxalq kino məktəbində oxumuşam.

2010-cu ildə Çexiyaya köçdüm. Özümü çox xoşbəxt insan sayıram. Çoxlu arzularım var. Biri budur ki, Azərbaycanda uşaqlarımız üçün gözəl cizgi filmləri çəkilsin. Bu istiqamətdə işləyirəm.

- Bildiyimə görə, Kafkanın şəhəri Praqada təhsil alırsız. Praqa sizin üçün necə şəhərdi? Orada təhsil necədi?

- Praqa mənim ikinci evimdir. Amma bura təzəcə köçmüşəm. Beş il Çexiyanın şərqində yerləşən Olomouts şəhərinin Palatski Universitetində "Kinoşünaslıq” və "İngilis dilinin filologiyası” ixtisasları üzrə bakalavr dərəcəsi almışam. 2015-ci ildə Hollandiyanın Utrext səhərinin eyni adlı universitetində fəlsəfə üzrə təhsilimi davam etdirmişəm. Sonra Praqanın FAMU-sunda (Səhnə Sənətləri Akademiyasının Kino və Televiziya fakültəsi) "Kinoprodüser” ixtisası üzrə kurs bitirmişəm. FAMU dünyanın ən yaxşı kino məktəbi sayılır. Avropa təhsilimdən çox məmnunam. Ən asası odur ki, səni düşünməyə öyrədirlər.


- "Azərbaycan animasiyası” kitabınız bu yaxınlarda Praqada çap olunub. Səhv etmirəmsə, qiyməti 70 manatdır. Kitablar necə qarşılandı, satılırmı?

-"Azərbaycan animasiyası”nın siqnal nüsxəsini il yarım bundan əvvəl Praqada çap elədik. Sonra kitab üzərində xeyli işlədik və nəhayət bu ilin oktyabrında Bakıda 200 nüsxə ilə çap elədik. Bu asan deyildi. Kitabı çap etdirmək üçün 10 ay Crowdfunding (kollektiv maliyyələşdirmə) kampaniyası aparırdıq və 200-ə yaxın insanın köməyi ilə kitabımızı çap etdirdik. Kitabımız adi kitab deyil – bu, Azərbaycan animasiyasının inkişaf etdirilməsi üzrə bir plandır. Animasiyamızı diriltmək üçün ilk növbədə onun tarixini bilmək lazımdır.

- Kitab hansı mövzulara toxunub?

- Bu kitabın yazılmasına çoxlu istedadlı insanlar cəlb edə bilmişəm. Hazırda Azərbaycan animasiya kinosu mövzusunda dissertasiya işi yazan Sevinc Əzimova əsl tapıntı oldu. Onun məzmunlu və çox maraqlı məqalələri Azərbaycan animasiyası haqqında geniş təsəvvür yaratmağa imkan verir. Kinoşünas Aygün Aslanova və Aliyə Dadaşovanın məqalələrində sosial-siyasi mövzuda olan filmlər araşdırılır. Rejissor Kəmalə Rzayeva isə öz məqaləsində ilk Azərbaycan animasiya filmlərinin müəllifi Rasim İsmayılov haqqında danışır. Korifey kinoşünas, Azərbaycan kinosu haqqında çoxsaylı kitabların müəllifi Aydın Kazımzadə özünün giriş məqaləsində Azərbaycan animasiya filmi tarixi haqqında qısa məlumat verir. Rejissor Leyla Novruzinin məqaləsi hələ tədqiq edilməmişdbir mövzuya – İran azərbaycanlılarının animasiya filmləri mövzusuna toxunur. Slovakiyalı kinoşünas Andrey Xovanets məqaləsində "Seans” filmini interpretasiya edir, çex rejissor-animator Karolina Çijkova isə müxtəlif illərə aid Cırtdan haqqında olan filmlərin misalında 70-80-ci illərin texniki işləmələr və ənənələrinin qorunub saxlanılmasının vacibliyini izah edir.

Mənim məqalələrim isə müəllif animasiya rejissorlarımızın yaradıcılığına həsr olunub – Ağanağı Axundov ("Cırtdan”, 1969), Firəngiz Qurbanova ("Anam ağaca çıxıb”, 1986), Məsud Pənahi ("Tıq-Tıq xanım”, 1974), Şamil Nəcəfzadə ("İthaf”, 1990) və digərləri. Müəllif animasiyası mənim üçün ən maraqlı mövzudur. Məqalələri yazarkən, məlum oldu ki, Azərbaycanda fərqli müəllif animasiyası olub və onlar beynəlxalq festivallarda uğurla nümayiş etdirilirdi. İstədiyim odur ki, bu ənənənin davamı olsun…


- İlk dəfə bu işə maraq sizdə haradan yaranıb? Xüsusi bir tarixçəsi varmı?

-Əslində var. Xəstəxanada idim. Çox ağır əməliyyatlardan sonra özümü əyləndirmək üçün cizgi filmlərinə baxırdım. Sonra bu maraq peşəkar bir arzuya çevrildi. Kinoşunas olaraq həmişə Azərbaycan kinosuna dair kitab yazmaq istəyirdim. Başlamaq çox çətin idi, araşdırmalar bir ilə yaxın davam etdi və dostların köməyi ilə bu il bu işi bitirdik.

- Azərbaycanda animasiya filmləri, ümumiyyətlə multfilm, demək olar ki, yox səviyyəsindədir. Bu sahədə nəsə etmək fikriniz varmı?

- Əfsuslar olsun ki, sözlərinizdə həqiqət var. Milli animasiyamız həqiqətən də aciz durumdadır. Biz bu istiqamətində artıq iki ildir ki, çalışırıq. Kitab, sadəcə, birinci addımdır. Əlavə olaraq bir neçə tədbir və masterklasslar keçirtdik.

Məsələn, İncəsənət universitetinin dəstəyilə "Müasir Azərbaycan animasiyası” adlı konfransı keçirtdik. Əsas müzakirə olunan məsələ "necə etmək lazımdır ki, uşaqlarımız ana dilində mulfilmlərə baxa bilsin?” sualına cavab tapmaq idi. Konfransın gedişində aydın oldu ki, Azərbaycanda animasiyanın inkişafı üçün dövlət dəstəyi olmalıdır və professional təhsil üçün universitetdə animasiya kafedrası açılmalıdır. Biz – kitab müəllifləri isə ümidvarıq ki, kitabımız həmin kafedranın tələbələri üçün ilk dərs vəsaiti olacaq.

Bundan sonrakı tədbirdə isə qərar verildi ki, milli animasiyanın inkişafı üçün beynəlxalq festival keçirilməsi vacibdir. Beləliklə, «ANİMAFİLM – 1-ci Bakı Beynəlxalq Animasiya Festivalı» ideyası meydana gəldi.

Festivalı bu ilin oktyabrında keçirtdik. Heç ağlımıza gəlməzdi ki, hər şey belə gözəl və səmimi alınacaq. Əsasən də maliyyə çətinliklərinə baxmayaraq biz böyük və balacalara xeyli müsbət enerji verə bildik, bir çox gənc müəllifləri işə həvəsləndirdik.

Qeyd edim ki, anima.az adlı elektron portalımız açılıb. Orada bu sahəyə aid bütün yenilik və xəbərlər yerləşdirilir.

- Dünya kinosunu izləyirsinizmi? Məsələn, hansı rejissorları sevirsiniz?

- Ən sevdiyim kinorejissor Terrence Malickdir. Animasiya rejissorlarından isə Yuri Norşteynə rəğbətim var.


- Bəs Azərbaycanda ən çox bəyəndiyiniz rejissor, aktyor kimdir?

- "Azərbaycan animasiyası” kitabı üzərində işləyərkən, demək olar ki, bütün animasiya rejissorlarımızla tanış oldum. Elçin Hami Axundov ("Cırtdan”) və Məsud Pənahi ("Tıq-Tıq xanım”) nəyinki gözəl rejissor, həm də möhtəşəm insanlardır. Belə insanlarla ünsiyyətdə olmaq böyük xoşbəxtlikdir.

- Bizim kino cameəsindən kiminlə əlaqəniz, dostluğunuz var?

- Kino və animasiya – ailə kimi bir şeydir. Hamı bir-birini tanıyır. Azərbaycanda və Avropada çoxlu kino və animasiya dostlarım, müəllimlərin vardır. Əlaqələrsiz iş alınmır. Ancaq bir-birimizi dəstəkləyərək ortaya gözəl iş çıxarmaq olar.


- Praqada nə ilə məşğulsunuz?

- Praqanın Barrandov kinostudiyasında tammetrajlı stop motion texnikasında animasiya filmi çəkirik. Bu layihə Çexiyanın tarixində ən bahalı animasiya layihəsidir – büdcəmiz 3,5 milyon avrodur. Baş prodüser yanında assistent işləyirəm. Xeyli təcrübə toplamışam. İndi isi bu iş ilə həvəslənərək öz layihələrimi başlamaq istəyirəm. İdeyalarım çoxdur. 

- Kinoyla bağlı nə arzularınız var?

- Rejissor və prodüser kimi səmimi və gözəl bədii və animasiya filmləri çəkmək. Və ən əsası, öz işimdən zövq almaq...