POETİK FİKİR VARSA...

VAQİF YUSİFLİ
17754 | 2018-12-17 21:45
("CƏNC ŞAİRLƏR, SÖZÜM SİZƏDİR" - VII MƏQALƏ)

VAQİF YUSİFLİ

(əvvəli ötən saylarımızda)

Günay Ymidin şeirlərinə də ("Ulduz", noyabr, 2017) ümidlə yanaşaq. "Evdar payız", "Qış nağılı", "Sən üşüyən adam deyilsən", "Təqvim", "Sərhəd", "Bayquş yuvası", "Renkarnasiya" şeirlərində Günay xanım sözün poetik nüvəsini ortalamağa çalışır, O da metaforalarla işləməyi çox sevir. "Sən gedəndən Mavi darvazanın ağzından Addım iyi gəlmədi. Dünəndən Küləyin çəkdiyi ahı Geyinirdi zirvədəki paltarlar" və ya "Boğazından asılan Kişi əlləri qədər Qəzəbliydi Bakı küləyi"-bu metaforalara indiyə kimi heç bir şeirdə rast gəlməmişəm. Günay xanımın "Qış" nağılı şeirini onun ən urvatlı bir şeiri hesab edirəm. Buna şərti olaraq "şeir-mənzərə" də demək olar. Ancaq bu mənzərə təkcə təbiətə aid deyil, fərdi duyğulardan dünyaya, insanlara, gerçəkliyə boylanmaqdır. Bu qış nağılınla balıqlar ağlayır,"narıncı köynəklər geyinmiş yuxular gördü dənizlər" "Televizorların gözünə dürtdülər Müharibədən dili tutulmuş, Alnındakı səngərdə qocalmış uşağı"..Günay qışın gözəlliyindən deyil, qışda yaranan təbiət və insan faciələrindən söz açır. Ancaq təbii ki, bu təsvirlər nağıl deyil, reallıqdır. Cavan şairlər "nağıl" adı ilə əslində, reallıqları qələmə alır ona nağıl donu geyirndirilər.
"Ulduz"un 2018-ci il aprel sayında Emin Akifin yeddi şeirini oxudum. Nağılvarilik onun şeirlərində də nəzərə çarpır. "Detdom uşağı"na yazdığı şeir poeziyamızda epikliyə meylin yeni bir nümunəsi kimi diqqəti cəlb etdi. Burada bir insan taleyinə acımaq hissi, həyatın ağır sınaqlarına düçar olan "detdom uşağı"nın taleyi nəql edilir. Bu uşaq "dəsiəsindən ayrı düşmüş ördəyə" oxşayır, içi iktiyə bölünüb, talesizlik onu hara sürükləyir? Qışqıra da bilmir ki, desin: "Ey adamlar i"bir az heykələm, bir az adamam. İndi evlərin çölündən görünməyən şüşəsi kimiyəm"..Emin Akif poetik təhkiyəyə daha çox meyl edir, onun şeirlərində təfərrüatlar üstündür, istəyir ki, nədən danışırsa, şərhə, yozuma diqqət yetirsin və bu, onunla nəticələnir ki, şeirdə müəyyən, həm də konkret bir obraz yaratsın. Məsələn, "Yorğun gənc" şeirində olduğu kimi.

alnının tərini sil, gənc,
yorulmusan,
əllərini sinənə daya əsa kimi,
daha rahat yorulmaq üçün.

Doğrudur, bu şeirdə "yorğun gənc"in nədən yorulması haqqında söhbət getmir, sadəcə o gəncin düşdüyü durum xatırlanır. "Gedək qış yuxusuna" şeirində də belədir. Akif uzun, həcmcə bir qədər geniş, təfərrüatlı şeirlərə meyl edir və deyim ki, bu tipli şeirlərlə uğur qazanmaq o qədər də asan deyil. Mənə Akifin "Ulduz"un 2017-ci mart sayında dərc edilmiş iki şeiri daha çox sevindirdi. Baxın:

nəfəsin çırpınan quş nəfəsidi,
dodağın ən şirin nar dənəsidi,
sənin göz yaşların qar dənəsidi,
əlimi açıram, quşbaşı yağır.

kəsdin qollarımı budaqlar kimi,
adam sığındığı budağı kəsməz.
bayquşlar bəxtimə ağı deyirlər,
günəş gəlməyincə bu ağı kəsməz.

Mən bu məqamda məqaləmin kontekstindən ayrılıb bir gənc şairin ilk şeirlər kitabından söz açmaq istəyirəm. Cavan şairlər haqqında bu yazımı da elə həmin şeir kitabıyla bitirmək istəyirəm.
Beləliklə...


"ŞAHANƏNİN NAĞILI"

Şahanə Müşfiq çağdaş şeirimizin ən sonuncu nəslinə mənsubdu-26 yaşı var, amma yaşından çox irəli gedir - bu gənc şair-publisist qız demək olar ki, "525-ci qəzet"in hər sayında yeni bir yazısı (xəbər yazılarından tutmuş sırf publisistik yazılarına, ədəbi-tənqidi düşüncələrini ifadə edən məqalələrinə qədər) ilə bizi görüşdürür. Yazılarından hiss olunur ki, məlumatlıdır, incəsənətin - xüsusilə, ədəbiyyatın bütün janrlarına və problemlərinə bələdliyi var. Bir sözlə, yorulmaq bilmir, Söz onun, o da Sözün əlindən tutur. Amma publisistik yazılarından fərqli olaraq Şahəninin poeziya ilə bağlı öz dünyası var. "Şahanənin nağılı" ilk şeirlər kitabında toplanan şeirləri bizi onun o poeziya dünyasına çəkib aparır.

Gəl, sənə nağıl danışım;
"Biri var idi, biri yox idi" ilə başlayan,
Sonda göydən üç alma düşən nağıl.

Nağıl danışmaq təkcə atalara, babalara, nənələrə, əmilərə, dayılara aid deyil, yaşından asılı olmayaraq hər kəs nağıl danışa bilər ya da özündən nağıl uydura bilər. Poeziyada da belə nağıllar çox olur. Poeziyada nağıllar iki aspektdə diqqəti cəlb edir-şairlər məlum nağılları nəzmə çəkirlər, beləliklə, nağıl sadəcə, janrını, formasını dəyişir, nəsr şeirə çevrilir. Amma həyat hadisələrini, reallıqları, şairin dünyaya, cəmiyyətə, gerçəkliyə münasibətini nağıl kontekstində təqdim etməklə də nağıl yaratmaq olurmuş. Əgər bu yeni nağılda folklor janrının qədim nümunəsi olan nağıllara xas olan üslubi xüsusiyyətlər-dinamiklik, oxucunu cəlb edib onu öz sehri altında saxlamaq- varsa, bu nağıllara da qulaq asmaq olar. Ancaq qədim nağıllarla bu yeni nağıllar arasında bircə fərq olur- yalan olmasın, uydurma olmasın, mübaliğə olmasın. Şahanənin nağıllarında da yalan yox, uydurma yox, mübaliğə yox...Sadəcə, həyatın reallıqlarından doğan duyğular, hadisələr, təfərrüatlar diqqəti cəlb edir...
Şahanənin kitabına ön söz yazın Xalq şairi Sabir Rüstəxanlı yazır ki: "Şahanənin nağılının əsas qəhrəmanı özüdür. Nağıl boyu o, özündən danışır, öz acılı-şirinli duyğularını, istək və arzularını ifadə edir, sevgisindən, sevincindən və iztirabından söz açır, təkliyindən yorulub evə qayıtması da bir nağıl süjetinə dönür, Bakı küləyi də, anası ilə üz-üzə gəldiyi vaxtın yaşantıları da..."
"Şahanənin nağılı"nda mən bir neçə "nağılı" oxudum.
Birinci nağıl- Tənhalığın nağılıdır. Tənhalıq haqqında hər şairin öz mülahizəsi, "təhkiyeyi-kəlamı" var. Əksər tənhalıq şeirlərində minor moltivlər diqqəti cəlb edir, ya tənhalığın insana dərd gətirməsindən, ya onu boşluğa sürüməsindən, ya da cəmiyyətdən, mühitdən, hətta ailəsindən, sevgilisindən təcrid olunmasından söz açılır. Mən Əli Kərimin tənhalıq haqqında bir şeirini daha çox bəyənirəm. Deyir ki: "Tənhalıq boşluq deyil-Səni gözləyən varsa; Doludur ümid günəşilə, Həsrət ayparasıyla...Gözləyənin yoxdursa,- Tənhalığın da yoxdur. Harda dünya başlayır, hamısını sən bilmirsən, harda dünyayala birləşirsən, onu da bilmirsən. Yaşayırsınız-bir-birinə bir ümid şüası verməyən pis qonşular kimi. Tənhalıq istəyirəm-Böyük, dərin, dolu təqnhalıq". Şahanənin "Tənhalıq simfoniyası"nda isə insan tənhalığının müxtəlif çeşidləri ilə qarşılaşırıq. Mənalandırma, Rəsul Rzanın "Rənglər" silsiləsinə məxsus bir ahənglə tənhalıq oğrazının cizgiləri yaranır:

Səndən başqa dünyada
Heç kimin qalmamasıdır tənhalıq.
Tənhalıq qapı ağzındakı sənə aid
bir cüt ayaqqabıdır.
Onlar da darıxar təklikdən sənin kimi.
Üzü qaprıya tərəf dayanar,
birinin həsrətində olan sevdalılar kimi.
Tənhalıq danışmağa kimsəni tapmayanda...
çay süzdüyün stəkanla söhbətildir,
Dinləyənin belə olmaz.
Tənhalıq soyuq qış gecəsində
Yorğandan kənardakı qolundur.
Tənhalıq...
Tənhalıq ölümsüzlüyündür,
Çünki tənha adamı ölüm belə unudar...

İkinci nağıl- Sevginin və sənsizliyin nağılıdır. Mən Şahanənin sevgi şeirlərində dahi Füzulidən gələn eşq şölələrinin izini görürəm. Soruşmayın ki, Füzuli-dünya ədəbiyyatında mükəmməl Eşq konsepsiyasının əsasını qoyan bir dahi hara, cavan şair-Şahanə hara? Məsələyə belə meyarla yanaşmaq doğru deyil. Füzuli şeiri beş əsrdən çoxdur ki, dövriyyədədir. Rəhmətlik füzulişünas Sabir Əliyev demişkən: "Bu saat Azərbaycan şeirində adı Füzuli olmayan füzulilər yaşayır, hər şairdə bir Füzuli dövr edir, amma bütöv Füzuli yoxdur". Və Şahanənin sevgi şeirlərində də Füzulidən bir dad, bir duz var. "Leyli və Məcnun"da Leyli deyirdi: "Eşq daminə giriftar olalı zar olubam, Nə bəladır ki, ona böylə giriftar olubam?". Şahanənin lirik qəhrəmanı da məhz eşq daminə giriftardır-amma fərqi budur ki, Füzulinin Leylisi XVI əsrin, Şahanənin lirik qəhrəmanı isə XXI əsrin-qloballaşma və kompüter əsrinin övladıdır. Amma eşqin mahiyyəti dəyişməz qalır.Şeirə yeni sözlər, poetexniki elementlər daxil olsa da, "mən və sən" qoşalığı-vəhdəti dəyişmir:

Avtobusun növbəti dayanacağı-sən!
Metroda gələcək stansiya-sən!
Bütün yollların son ünvanı-sən!
Bu gün də heç nə etmədim
səni sevməkdən başqa;
Yenə də otağım sən qoxuludur.
Bir nəfəslik səsini itirməmək üçün
tutdum nəfəsimi.
Kirpiklərimdən asılı qaldı arzularım...
Bu gün də ancaq səni sevdim
dünənki kimi,
...o günki kimi, həmişəki kimi.

Füzuli Məcnunun diliylə deyirdi: "Küfri-zülfün salalı rəxnələr imanimizə, Kafir ağlar bizim əhvali-pərişanimizə"-yəni saçının küfrü-qaralığı imanımıza zədələr salalı, kafir də bizim pərişan halımıza ağlayır. Haşanənin lirik qəhrəmanı da eyni halı yaşayır:
Əgər biz ayrılsaq;
Dünya yarandığı günə lənət oxuyar,
Küsər öz oxundan,
dövr eləməız,
Qaranlığa qərq olarıq.
Əgər biz ayrılsaq;
Günəş üz döndərər Yerdən.
Tanrı küsər öz yaratdıqlarından.
Cəhənnəmi göndərər hələ biz sağkən.
Əgər biz ayrılsaq,
Ahımdan qopar Nuh tufanı.
Aşiqlər həsrət qalar bir-birinə,
Sevgi çəkilər ərşə...
Əgər biz ayrılsaq...
Şahanənin lirik qəhrəmanının sevgisi coşqun bir qəlbin yerinə-yatağına sığmayan bir çayı xatırladır. "Məni sevmək göy qurşağında qar axtarmaq"dır deyir. Ayrılığı dəhşət kimi yox, vəhdət kimi qəbul edir:
"Bircə dəfə ayrılmağın nə dadı, təkrar-təkrar, dönə-dönə ayrılaq" deyir.Füzulinin lirik qəhrəmanı üçün də ayrılıq yaşamaq, ölməmək, ölmək varsa da, yenidən dirilmək idi.
Üçüncü nağıl- Vətən nağılıdır. "Şəhid", "Qəpik-qəpik unudulan Vətən", "Müharibə qurbanı körpələrin xatirəsinə" şeirlərini heç də "qorxulu nağıllar" adlandırmıram, Vətənə tərənnümdən uzaq, onun dərdlərini ürəyində daşıyan bir insanın-bizdən hər birinin həqiqət səsi kimi - vətənpərvərlik duyğusu kimi anlayırıq. "Şəhid" şeirində Şəhidliyin Azərbaycan obrazı yaradılır. "bu el üçün, bu yurd üçün düşmənin kor gülləsinə sinəsini sipər edən oğul da" şəhid, "balası torpaqda yatan, Qolları yalın, qucağı yetim ana da şəhid", bacı da şəhid, qardaş da, nişanlı qız da, körpə də şəhid və sonda:
"Sənin Vətən olmağıyçün daha neçə ŞƏHİD lazım, AZƏRBAYCAN?!.Mən Sabir Rüstəmxanlının Şahanənin "Qəpik-qəpik unudulan Vətən" şeirinə yüksək dəyər verməsi ilə tam razıyam: "Vətən haqqında çox yazılıb. "Qurban olum sənə Vətən" də deyilir, "ey cənnət Vətən" də. Lakin göz önündə paramparça olmuş, iki yüz ildən bəri sinəsindən sərhədlər keçən, torpaqlarının iyirmi faizi işğal edilmiş, dərdlərinə çarə tapa bilməyən, üstəlik, ədalətsizliyin və insanları əzən maddi və mənəvi problemlərin at oynatdığı bir Vətən də var"-Şahanə öz şeirində məhz bu Vətəndən danışır:

Övladın xatırlayır səni ildə
bir-iki yol,
20 Yanvarda,
26 fevralda...
Bir də, bir də seçkilərdə.
Unudulmusan, Vətən!
Övladının əməliyyat pulu üçün
bu bankdan digərinə tələsən ata
elə yoldaca salıb itirdi səni.
Manat-manat,
qəpik-qəpik,
kredimt-kredit,
qayğı-qayğı azalmısan övladının
yaddaşından.
Başından müğayət ol, Vətən!

"Şahanənin nağılı" ilə bağlı bu qısa qeydlərimi burada bitirirəm və Şahanə Müşfiq qızı Mahmudzadəyə yaradıcılıq uğurları arzulayıram.

TƏQVİM / ARXİV