adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Dekabr 2018 21:41
18767
ƏDƏBİYYAT
A- A+

LAYİQSƏN SEVGİYƏ, SÖZƏ LAYISQI

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən saylarımızda)

Baş Layısqı kəndinin milli tərkibi bütün sənədlərdə tatar (türk) olduğu, dini dünyagörüş etibarilə Məhəmməd Peyğəmbərinin dininə mənsubluğu qeyd edilir, əhalinin soyad sonluqlarında Rusiya İmperiyasının köləlik nişanəsi olan "ov, yev və ski" şəkilçilərinə rast gəlinmir.
Baş Layısqı ilə bağlı arxiv materiallarının üzə çıxarılması Abdulla Yusifli üçün gözlənilməz sürpriz oldu. Doğrusu, axtarışlara başlayanda inanmazdım ki, bu qədər dəyərli sənədləri aşkar etmək, onları tədqiq və təhlil edərək dəyərləndirmək mənə nəsib ola bilər.
Üzə çıxarılan sənədlər kəndin tarixi üçün qiymətli məxəzlər sayılsa da, bir fakt istisna olmaqla "Layısqı" sözünün etimologiyası, məna çalarları ilə bağlı bizə heç nə vəd etmirdi. Belə çətin durumda Abdulla müəllim ilə məsləhətləşib Azərbaycanda toponomik adları fədakar və istedadlı tədqiqatçısı, AMEA Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əjdər Fərzəlini bu istiqamətdə araşdırmaya dəvət etdik. Onunla Baş Layısqıya getməyi, tarixi yerləri, müqəddəs ocaqları ziyarət etməyi, ağsaqqallarla görüşməyi planlaşdırdıq.
Əjdər müəllim təklifi məmnunluqla qəbul etdi. O, 2010-cu ilin may ayının 27-də Bakıdan Baş Layısqıya yollanan taksidə səfərin ürəyincə olduğunu, dəfələrlə şəkili dostlarının, o cümlədən "İpəkçi" qəzetinin sabiq redaktoru Salis Məmmədovun onu bu gözəl diyara qonaq çağırdığını, lakin imkanı olmadığını, indiki səfərə isə taleyin qismət etdiyi fürsət kimi yanaşdığını vurğulayırdı.
Axşamüstü Şəki şəhərində bizi Abdulla müəllimin qardaşı, fəlsəfə doktoru Mehman Yusifli qarşıladı. Baş Layısqı rayon mərkəzindən təxminən 35-40 km məsafədə yerləşir. Bu da yaşıllığa bürünmüş, başı qarlı Qafqaz sıra dağlarının köksünə sığınmış qədim və sirli-sehrli Baş Layısqı...
Kənd üç tərəfdən təbii müdafiə sədləri - uca dağlar, sıldırım qayalar ilə əhatələnib. Yaşı min illərlə ölçülən qədim qalaların kurqanların, məzar yerlərinin bu günümüzə gəlib çatan izləri Layısqının strateji məkan və əski mədəniyyyətimizin daşıyıcısı olduğunu təsdiqləyir. Ötən əsrin 80-ci ilində burada bir kurqandan tapılan 90-dan çox adda müxtəlif bürünc nümunələr Layısqının eramızdan əvvəl VIII-VII əsrlərdə mövcudluğundan, burada yüksək zövqlü insanların yaşadığından xəbər verir. Kəndin toponimlərində alban, hun, oğuz, qıpçaq və s. türk soylarının, tayfalarının, mifik düşüncələrinin izləri yaşamaqdadır. Baş Layısqı ilə dərindən tanış olmağımıza, yaşı 85 haqlamış (üç il öncə isə 88 yaşında haqq dünyasına qovuşmuş - A.R.) görkəmli maarıf xadimi, işıqlı və müdrik ziyalı, xeyirxah el ağsaqqqalı Əhməd Salman oğlu bələdçilik etdi.
Əhməd müəllimin Layısqının dünəni, keçmişi haqqında söhbətləri gecə keçənə qədər davam etdi. Əjdər müəllim müsahibinə daha çox suallar verdi. Vaxtsız yatsaq da, bülbüllərin nəğməsi bizi o başdan oyatdı. 28 may səhərinin Layısqıdakı gözəlliyi bənzərsiz idi. Əjdər müəllim üzü Çakıl dağlarına sarı dayanaraq ilkin təəssüratlarını belə ifadə etdi:
"Vallah, adam bu cənnəti görəndə heyranlığını bildirmək üçün dayanmalı, fikrə getməli, düşüncəyə dalmalı olur. Bura Azərbaycanın gözəllik səltənətidir. Bu yerlərin əsrarəngiz təbiətində Layısqı sözünün mənasını görürəm. Dağlar burada bir-birindən lay-lay ayrılır... Yaşılıqlar bir-birini lay-lay əvəz edir... Vadilər qarşımızda laybalay açılır... Başı qarlı zirvələrin yetirdiyi, sınağa çəkdiyi insanlar da təbiətin özünə oxşayır - gözəl, istiqanlı, qonaqpərvər, vüqarlı... Əhməd müəllimi bu dağlardan birinə bənzədirəm. Elə bilirəm onu "Avesta"dan, "Bilqamıs" dastanından, "Kitabi- Dədə Qorqud"dan tanıyıram."
Əjdər müəllimlə istiqlal bayramımız Layısqıda çox yaddaqalan oldu. O, kəndin ziyalıları, ağsaqalları ilə görüşdü, Əhməd müəllimdən müsahibələr aldı, eşitdikləri barədə hər şeyi dəftərçəsinə qeyd etdi. Mən isə ziyalılardan Əvvəl Hüseynli və Şöhrət Həmidli ilə iki min metr yüksəklikdə yerləşən ensiz dağ cığırları ilə Eşik qalasına qalxdım. XIX əsrdə Alban çarlığı dövründə gözətçi məntəqəsi kimi tikildiyi ehtimal edilən, Baş Layısqı kəndi ilə Şin çayı arasında yerləşən üçbucaq şəkilli bu qala diqqətdən və tədqiqatdan kənarda qalmış, divarlarının böyük bir qismi sökülüb dağılmışdır. Maddi mədəniyyət abidələrinə qayğının artdığı bir zamanda tarixi keçmişimizə ehtiram əlaməti olaraq Eşik qalasının bərpası məsələsinin vacibliyi barədə düşüncələr altında Layısqıya qayıdırıq. Molla Cümənin abidəsini, ev muzeyini, kənd məscidini, orta məktəbi, tarixi yerləri ziyarət edirik.
Baş Layısqıda yeddi qədimi ziyarətgah var. Şeyx Nurullah Əfəndi, Mütüş baba, Hacı Salah baba, Əfəndi baba, Qəsib baba, Nişanlı qız-oğlan və Günahsız gənclər ziyarətgahları... Bu ziyarətgahların hər biri haqqında kənd camaatı arasında əfsanələr dolaşmaqdadır. Əhməd Salman oğlunun təşəbbüsü və Yusiflilər ailəsinin maddi dəstəyi ilə bu ziyarətgahların sırasına daha ikisi əlavə edilib; Böyük Vətən Müharibəsində həlak olan və iştirak edən kənd sakinlərinin şərəfinə ucaldılmış möhtəşəm abidə və Qarabağ müharibəsində qəhrəmanlıqla həlak olanlar üçün salınmış "Şəhidlər Xiyabanı"... Bu ziyarətgahlar ətraf yaşayış məntəqələri üçün də müqəddəs sayılır və layısqılıların and yerinə çevrilib.

(ardı gələn sayımızda)

Asif Rüstəmli
Filologiya üzrə elmlər doktoru, professor
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ