adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 Dekabr 2018 21:32
24274
ƏDƏBİYYAT
A- A+

CƏNNƏT KEŞİKÇİSİ

Əlisəfa Azayev

Əlli illikdə üzürlü səbəbdən bir vaxtlar təhsil aldığı Kürdəmir rayonundakı Mollakənd kənd orta məktəbinə gedə bilməmişdi. Bir xoş payız günü xətrini istədiyim taksi sürücüsü Güldar kişi ilə yol aldıq. Mollakənd kəndi tərəfə. Nə gizlətsin, əvvəl Çərtəyər kəndində olmaq, oradakı Suvarma Sistemləri idarəsinin rəisi Əhliman müəllimlə görüşmək istədi. Qonşu kənddən idi. Yeni çapdan çıxmış Sovet İttifaqı Qəhrəmanı Məmiş Şahbaz oğlu Abdullayevin həyatından, cəbhə, döyüş yolundan bəhs edən "Qürbət ellər"də romanının bir neçə nüsxəsini yayacağına söz vermişdi.
Rəis yerində olmasa da orada şirin, cavan bir oğlan ona yaxınlaşıb soruşdu:
- Əlisəfa müəllim deyilsiz?
- Bəli...
- Xoş gəlmisiz, müəllim!..
Oğlanın bu xoş istiqanlılığı qarşısında onun adını, kimliyini soruşanda dedi:
- Məzayımın oğluyam da...
Məzayım sadə bir musiqiçi olsa da, Aşıq Əli ilə birlikdə Kürqırağı kəndlərin xeyir iş məclislərini yola verərdi. Aşıq Əli nə səbəbdənsə qıçın çəkir, ağsayırdı. Məzayım klarnetini, zurnasını, balabanını səsləndirəndə ona qulaq asmamaq, dinləməmək mümkün deyildi! İlahi, bu iki nəfər necə böyük toy, xeyir işi məclisləri yola verərdilər!.. Odur ki, tez soruşdu:
- Kimin?!. Məzayımın?.. Gözəl insanın...
- Allah razı olsun...
- Atan gərək ki...
- Bəli, rəhmətə gedib.
- Allah rəhmət eləsin. Nə qədər şən, gümrah adam idi! Görəndə adamı min dillə dindirər, özünə tam yaxın, qohum bilərdi.
- Biz camaat deyilik.
- Deyirsən də... Adam var ki, görəndə elə uzaq qaçmaq istəyirsən...
- Əlbəttə ki... Düzdür...
Oğlan onlardan əl çəkmək istəmirdi:
- Gedəyin bizə, qonağım olun.
- İnşallah, başqa vaxt... İndi tələsirik, gedəsi yerimiz var. Daha doğrusu Mollakənd kənd orta məktəbində olmalıyam. Bir vaxtlar oxuduğum məktəbdə.
- Çox gözəl...
Ondan bir vaxtlar dərs dediyi ibtidai məktəbi soruşdu. Dedi:
- Yox... İndi həmin yerdə deyil. Təzə məktəb tikilib.
- Əla...
İstər-istəməz həmin məktəbdə dərs dediyi günləri xatırladı. Daha doğrusu, o, Ərəbxana kənd orta məktəbində sinif aparırdı. Burada günortadan sonra olub, rus dili dərslərini deyirdi. Bir gün bayraq - flaq, znamya məsələsində cəncəl anlar yaşadı... Daha doğrusu əslən onların kəndindən olan Böyükkişinin qızı Afət onun sözlərini başa düşməmiş, evdə bu barədə hamını sorğu-suala tutubmuş. Onlar onda QŞK-a - Qarabağ, Şirvan Kollektorları idarəsinin həyətindəki yaşayış, rahat evlərin birində yaşayırdılar. Cənnət kimi bağlı-bağatlı bir məskən idi. Böyükkişinin həyat yoldaşı Əminə xanım olduqca mədəni, ali təhsilli qadın idi. Uşaq evində böyümüşdü. Sanki bu sıxıntının əvəzini hamıya vermək istəyirmiş kimi, insanlarla çox xoş, yaxşı münasibətdə olar, min dillə dindirərdi. İxtisasca mühəndis idi.
Bir gün məktəbin müəlliməsi Anaxanım müəllimə ona yaxınlaşıb sıxıla-sıxıla dedi:
- Əlisəfa müəllim, bilirsiz də, bu kiçik məktəb yaşlı uşaqlarla işləmək çox çətindi...
- Bəli, bilirəm...
- Onda bir az ehtiyatlı olun...
- Necə bəyəm?!.
- Bağışlayın, deyəcəyəm... Bilsəniz yaxşıdır. O gün bir qız sinifdəcə paltarını isladıb... Əlbəttə ki, gərginlikdən, qorxudan...
Pis olduğunu görən müəllimə təəssüf hissi ilə dedi:
- Əlbəttə, bilirəm, siz də istəməzdiniz ki, belə olsun...
Bir dəfə də həmin məktəbdə oxuyan başsız bir qadının oğluna mağazadan şalvar alıb vermək istədi. Onda orada dərs deyən Bahadur müəllim dedi:
- Yox... Lazım deyil... Onun anası bir az ayağı sürüşkən kimidi. Sonra başqa yerə yozar, qanını qaraldar...
Bahadur müəllim onun sinif müəllimi olmuşdu. Bir sözünü iki eləməzdi. İndi də sözlərindən, məsləhətindən çıxa bilmədi. Hətta dedi:
- Bu yaxınlarda uşaqlar üçün yardım alasıyıq. Onda nəzərə alarıq.
Ancaq nahaq... Həmin uşağın sökülüb-tökülmüş şalvarı ona dərd oldu, onu həmişə narahat edərdi... Xasiyyətcə belədi... Qərar verdiyi bir işi icra etməyəndə, vicdan əzabı çəkərdi! Gərək onda o uşağı mağazaya aparıb, ona yaraşan bir şalvar alaydı. Bunun sonralar illər boyu peşmançılığını çəkdi.
Mollakənd kəndinə çatıb, məktəb yolunu soruşdular. Əvvəllər kənd məktəbinin yolu Kür çayı tərəfdən, məsənüstü idi. İndi isə deyəsən daha çox arxa tərəfdən hərəkət edirdilər. Bir sözlə vaxtı ilə kolxoz idarə heyətinin yerləşdiyi idarə binasına gedən yol tərəfdən. Onda həmin kolxozda necə də xoş konsertlər verər, tamaşalar göstərərdilər! Bir vaxtlar orada böyük şairimiz Səməd Vurğunun "Vaqif" dramından parçalar oynamışdılar.
Soraqlaşa-soraqlaşa məktəbə dönən yola dönürlər. Bu anlar çəkdiyi vicdan əzabını Allah heç kimə göstərməsin! İş-gücdən macal olurdu ki... Siyəzəndən tez-tələsik, qaça-qaça Kürdəmirə, Qaramahmudlu kəndinə gəlib, oradan da elə beləcə geri qayıdardı. Düzdü, arada məktəbə gəlmişdi... Onda bir çox tanış müləlimlər orada işləyirdi. Onu görcək çox səs -küylə, mehribançılıqla qarşıladılar. Kitablarından onlara hədiyyə etdi. Geri qayıdanda kənd kitabxanasında oldu. Onda orada bir vaxtlar bir yerdə işlədiyi, Kürdəmir rayon Sovetinin katibi Hafizə Məmmədovanın bacısı işləyirdi.
Məktəbin həyət qapısına çatdılar. Uşaqlar iməcilik edirdilər. Deyəsən, məktəbin həyətində təmizlik işi aparırdılar. Bu vaxt ona iki müəllim yaxınlaşdı. Biri onu tanıyan kimi oldu:
- Əlisəfa müəllim, xoş gəlmisiniz!
- Sağ olun... - deyə onların hər ikisi ilə görüşsə də, onu salamlayanı sorğu-suala tutdu: - Bağışla, tanış gəlirsiniz... Ancaq adınızı unudan kimiyəm...
O qırx yaşlarında quləş bir cavan idi... Elə beləcə, gülümsər halda dedi:
- Tanımadınız?!. Mən Rizvan- Cənnət keşikçisiyəm də!.. Malik də ki Cəhənnəm keşikçisi...
İstər-istəməz hərbi xidmətdə olan qız nəvəsi Rizvanı xatırladı! Nə vaxtdan idi ki, onun haqqında yazı yazmaq istəsə də, mövzu onu hələ tam tutmur, yazıya başlıq tapa bilmirdi. İndi isə sanki dəfinə tapmışdı: "Cənnət keşikçisi! Axı onun qızı Xalidənin oğlunun adı da Rizvan idi. Babasının adı ilə adlandırmışdılar. Ancaq elə öz aralarında ona Şoşu deyirdilər. Komediya artistlərindən Şoşu o qədər fəallıq göstərdi ki, Rizvan əsgərliyə gedəndə deyirdilər: "Ermənilər vahimə içində!.. Şoşu gəlir!.."
Halbuki Şoşu cılız bir oğlan idi. Əvvəl heç əsgər aparmaq istəmədilər. Bir il pul gücünə saxlatsalar da, Şoşu bu işə üsyan edirdi: - "Vallah-billah, sizin hamınızı verəcəyəm orqanın, korrupsiya idarəsinin cənginə..." Utanmırsınız, xəcalət çəkmirsiniz də... Xalqın oğlu, övladı şəhid olub gəlir... Torpaq dardadı... Bunlar məni hərbi xidmətdən yayındırmaq istəiyrlər..."
Atası Hafizə bir söz deyə bilməsə də, onun hədəfi anası Xalidə idi:
- Buna bax!.. Xalq deputatlığına namizəd idi... Yaxşı elə səni seçmədilər! Belə deputatlıq edəcəkdin?!. Hərbi komissara aparıb pul verməyinə bax! Qoyaydın heç olmasa onu başqası aparaydı da...
Şoşu məktəbdə bir o qədər yaxşı oxumasa da, fəal uşaq idi. Prezident İlham Əliyev Kürdəmirə gələndə məktəbin yuxarı mərtəbəsinə çıxıb, Prezidentə daha yaxından baxmaq, onu salamlamaq istəmişdi. Bunu bilən məktəb müəllimi onun valideyinlərindən bir şey qopartmaq üçün yüz oyun çıxartdı. Onu gah məktəbdən qovacağı, gah sinifə buraxmayacağı, gah da töhmət verəcəyi ilə hədələyirdi. Onsuz da bir qədər ərköyün olan anası Xalidə lap cin atına minən kimi olmuşdu. Elə hey deyirdi:
- Mənim oğlum nə edib ey?! Atəşfəşanlıq idi də!.. Prezidenti daha yaxından görmək onu salamlamaq istəyirmiş də!..
Beləcə, anasına bir söz deyə bilməsələr də, TIR sürücüsü, hərdən Türkiyəyə gedib-gələn atası Hafizi ovsunlayıblar... Guya oğlunun hərəkətlərinə görə cərimə olunub... Sınan şüşələrin pulunu verməlidir... Bunu biləndə Xalidə bir daha haldan çıxdı. Onsuz da xəsisin biri idi. İstəməzdi ki, bir manatı əlavə xərclənsin. Ancaq özü üçün istədiyini alar, zövqlə geyirəndi. Pal-paltarı, rəng-pudrası elə ayda nə qədər pul aparardı. Səsləndi:
- Sən onlara pul vermisən də?! İnan, o məktəbi dağıdacağam! Sən də qalacaqsan əldə! Get verdiyin pulları geri al!..
- İndi arsız-arsız gedib pul alacağam da...
- Yüz manat vermisən?
- Yox...
- Bəs nə qədər?! Əlli manat vermisən?
- İyirmi manat.
- İnanmıram...
- Lar əlli manat vermişəm. İndi gedib geri alım?
- Sən almırsan, mən alaram.
- Gör də məni rüsvay edə bilirsənmi də.
- Onda xoşuna gəlib ki, vermisən də...
Bu daha başqa cəncəl bir mövzunun söhbəti idi. Onların oğulları Rizvanı gündə biri Hərbi Komissarlığa çağırır, gah ürəyinin xəstə, gah yumrularının olmadığını, gah da hərbi xidmətə tam yararsız olduğunu deyirdilər. Bu səbəbdən ailə qanıqara günlərini yaşamaqda idi. Əlacsız qalıb Şoşunu bir neçə dəfə orda-burda müayinə etdirəsi olmuşdular.
Şoşu kişi kimi ayağını dirəyib əsgər gedəndə, onu saxlamaq üçün üç min manat pul istəmişdilər. Anası əlacsız qalıb Bankdan həmin məbləğdə kredit də götürdü. Ancaq Rizvan - Cənnət keşikçisi adını nahaq daşımırdı ki! Kişi kimi əsgər getdi. Onu heç kim bu yoldan döndərə, çəkindirə bilmədi.
Hərbi andı Gəncədə içəndə, o da babası kimi getmiş, korpus komandirləri, Müdafiə Nazirinin müavini və başqa yoldaşlarla xitabət kürsüsündə dayanmış, hərbi and içən, sonra nizami addımlarla tribuna önnüdən keçən əsgərlərə baxırdılar. Hamısı eyni, təzə formada idilər. Rizvanı görə bilmədi. Görüşəndə isə ona dedi:
- Baba, mən səni gördüm... Generalın yanında dayanmışdın...
İlk əvvəllər anasına deyərdi: "Burada çox da görünmə. Gələndə də allı -güllü yox, saya geyin ki, diqqəti cəlb etməyəsən. Telefonla danışanda da, elə elə ki, səsin yaşlı qadın səsinə oxşasın." Bax bizim Şoşu əvvəllər belə Şoşu idi. Sonradan lap dəyişilən kimi olub, az-çox müasirləşdi...
Onunla müəllim işlədiyi illəri, ayları, gündləri xatırladı. Bir daha onun əlini sıxaraq üzürxahlıq elədi:
- Sən Allah bağışla...
- Allah bağışlasın...
- Ancaq nə dedin... Rizvan - Cənnət keşikçisi!
- Adımın mənası budu da...
- Malik də ki...
- Cəhənnəm keşikçisi.
İstər-istəməz orta məktəbdə oxuyanda bir sinifdə oxuduğu Maliki, Siyəzəndə Qaz idarəsinin rəisi olan Maliki, bir də qonşuları gənc Maliki yada saldı. Sinif yoldaşı Malik müəllim Azərbaycan Tibb Universitetinin prorektoru idi. Tikinti sahəsinə baxırdı. Qaz Malik baməzə bir adam idi. Səxavətdə də pis deyildi. Ölünü desəydin dirildə bilərdi. Gənc Malik gülərüz, xoş baxışlı bir oğlan idi. Qonşuluqda yaşayırdılar. Nənəsi Səbirə xala vaxtında çox gözəl-göyçək olmuş, hətta ölüm işi ilə əlaqədar Mircəfər Bağırovun qəbuluna düşüb, onunla söhbət edə bilmişdi. Bu barədə sağlığında elə həvəslə danışardı ki...
Bu vaxt direktorlarını soruşdu:
- Gərək ki, direktorunuz Xəlil müəllimin oğlu Akif müəllimdi də?..
- Bəli... Özüdür ki var. Elə budur, özü də gəlir... - Sonra da izahat verdi: - Məktəbə qaz çəkilişinin açılışı olacaq. Deyilənə görə deputat, başçı da gələcək. Ona görə səliqə-səhman, təmizlik işi ilə məşğuluq.
Direktorları Akif müəllim elə iş paltarında idi. Ölüm rəmzinə oxşayan iri bir dəryaz da əlindəg Bir vaxtlar, Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin təşkilat şöbəsinin müdiri olanda, o da Molla kənd XDS İcraiyyə komitəsinin sədri idi. Görüşəndı köhnə tanışlar kimi öpüşüb-görüşürdülər. Dilləndi:
- Xoş gəlmisiniz, Əlisəfa müəllim!
- Çox sağ olun... İstər-istəməz sizi, məktəbi görürəm, yadına İbrahim -xəlil müəllim, Xəlil müəllim, elə başqaları da düşür...
- Çox sağ olun. Heç olmasa yada salırsınızg
- Nə danışırsınız, onlarsız bu məktəbi mən təsəvvür etmirəm. Onlar əsil mənada təkcə müəllim yox, həm də sanki köhnə qvardiyanın müsəlləh əsgərləri idilər.
- Düzdür... İndi onlar kimi müəllimlər haradadı ki...
- Əlbəttə ki...
Akif müəllimlə məktəbin əsas binasına tərəf addımlayası olurlar. Elə hey soruşur:
- Müəllim, sən Allah necəsiz, indi harada olursunuz?
- Təqaüddəyəm. Elə kitablarımın çapı, yayılması ilə məşğul oluram. Bakıda, Kürdəmirdə, başqa rayonlarda da oluram. Görüşlərim təşkil olunub keçirilir. O gün olsun ki, burada da belə bir tədbir keçirək.
Akif müəllimin otağına daxil olub əyləşirlər. Fərəh hissi ilə deyirdi:
- Əlbəttə ki... Biz də keçirərik. Özü də lap yaxın bir vaxtda. Ancaq şeirlərinizdən, mənsur şeirlərimizdən bizə verin.
- Kitablardan gətirmişəm. Onlardan da təşkil etdirərəm.
- Çox sağ olun.
- Adı məktəbə verilmiş Əfqanıstan şəhidi Qacarın adına bir mənsur şeirim də olmalıdı.
- Çox xahiş edirəm...
- İcra Hakimiyyətində işləyən ümumi şöbə müdiri İnqilab Məmmədov qaynımdı. Verərəm, ondan götürərsiniz.
- Minnətdar olarıq.
O, əziz sevimli müəllimi Xəlil İbrahimovun oğlanlarından biri idi. Onlar orta məktəbində oxuyanda hələ balaca idilər. Bir-bir onları soruşmağa başladı. Coşqun indi Neft sahəsində işləyirdi. Mühəndis idi. Yaxşı şeirlər, hekayələr yazırdı. Kitabları çap olunmuşdu. Dedi:
- Akif müəllim, bu məktəb illərində iki müəllim mənim üçün daha əziz, unudulmazdı: tarix müəllimi İbrahim xəlil Hüseynov, dil-ədəbiyyat müəllimi Xəlil İbrahimov. Onların şəklini mənim üçün təşkil elə. Onlar haqqında qəzetdə çıxış edəcək, sonra da həmin yazıları kitablarımdan birinə daxil edəcəyəm. Qoy ruhları şad olsun. Xidmətləri olub mənim üstümdə.
Akif müəllim mütəəssir olmuş halda dedi:
- Çox sağ olun... Təşkil edərəm.
Görüşüb, sağollaşaraq ondan ayrılır... Ölüm rəmzi dəryazı yenə əlinə alır Akif müəllim. Eyni atası kimi zəhmətkeş, çalışqandı. Bir vaxtlar Xəlil müəllim onlara dərs deməklə yanaşı, rayonun qabaqcıl əmək adamları haqqında yazdığı yazılar respublikanın qəzet və jurnallarında çap olunar, əsil mənada onların bəzəyi olardı.
Cənnət keşikçisi Rizvan müəllimlə də görüşüb ayrılır və istər-istəməz yenə də əsgər nəvəsi Rizvanı xatırlayır... Son görüşləri Şəmkirdə oldu. İndi ora dəyişilmişdi. Bir qədər dilxor görünürdü. Hətta yaxınlarına deyibmiş: "Kişi olan əsgər gedər... Mən hərbi xidmətdən sonra soruşanlara nə deyəcəyəm... Deyəcəm ki, orada zibil, papiros kötüyü yığmışam..."
Yalnız bundan sonra onun bu hərbi hissədən nə üçün getmək istədiyi aydın oldu. Ancaq az keçməmiş xoş xəbərlər eşitdilər. Dedilər ki, Şoşu zəng çalanda deyib:
- Özümün otağım... Kofe də dəmləyib içirəm...
Bir sözlə beləcə xidmətə alışdı. hətta atası yanında olanda ona demişdi:
- Xidməti başa vurana kimi gizirlik məktəbində oxuyacağam. Sonra da elə hərbi hissələrin birində işləyərəm... Hərbi xidmət pis deyil ey... Bir az əvvəl çətinliyi olur, adam darıxır, uyğunlaşa bilmirsən...
O bir qədər şəriətə bağlı oğlan idi. Bəlkə də dini qaydalara əməl edə bilməməsi onu təngitmiş, darıxdırmışdı. İndi özünü çox yaxşı hiss edirdi. Arada ona da zəng çalmışdı. Sevincək soruşdu:
- Necəsən?!
- Allaha şükür!.. Hər şey qaydasındadır!..
Xoş, gümrah səsini eşidib dedi:
- Adının mənasını bilirsən də?
- Bəli... Cənnət keşikçisi!...
İstər-istəməz kövrəldi, gözləri doldu. O, bu gün əsgər idi. Cənnət kimi bir yurdun keşiyini çəkir, onun keşikçisi idi! Hərbi xidmətdə növbədə dayanmışdı. Əsgər paltarında, silahlı halda!..
İnşallah, yurdumuza günəş doğar! Qarabağ torpaqlarımız alınar! Şuşamız, Xocalımız yenə bizim olar! Elə başqa rayon, şəhər mərkəzlərimiz də! Torpağın tutulması, şəhərin işğal olunması hələ hər şeyin sonu deyil! Əsas odur ki, millətin, xalqın iradəsi qırılmasın! Necə ki, Moskva fransızlar, Napaleon tərəfindən tam işğal olunsa da, rus xalqı sarsılmadı! Birləşə, güc toplaya bildi! O gün gələcək! İnşallah gələcək! Prezidentimizin rəhbərliyi ilə yeni bir Aprel döyüşü, hücumu da olacaq! Onda Rizvan nəvəsi də hücumçu əsgərlərdən biri olacaq! Qələbəni təmin edən belə cəsur əsgərlər olur axı!