adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
17 Dekabr 2018 21:21
14505
ƏDƏBİYYAT
A- A+

ƏDALƏT VƏ MƏRHƏMƏT

Ələmdar Məmmədov
Təqaüddə olan
Baş ədliyyə müşaviri


(əvvəli ötən saylarımızda)

Cabirin qaçırılması belə olur. İlkin azadlığa çıxdıqdan sonra, hər gün Cabirin yanına gəlir və polis işçiləri ilə ünsiyyət yaradır. Cabirin "nişanlısı" ilə görüşməsi barədə bir neçə dəfə polis rəisindən xahiş edir. Nəhayət razılıq alır. Cabir arıq, 50-55 kq çəkidə, çənəsi sınmış, xəstə görkəmli bir adam idi. Üçüncü mərtəbədə Cabiri nişanlısı ilə bir otağa salırlar. Qapının arxasında dayanmış polis işçiləri fasizləsiz danışıq səsləri eşidirlər. Təqribən 10 dəqiqədən sonra polis işçilərindən biri maraq üçün qapını aralayıb içəri baxanda görür ki, qadın tək-tənha oturub öz-özünə af-uf edir. Cabir pəncərənin gözlüyündən çıxaraq 3-cü mərtəbədən tullanmış, pəhlivan cüssəli İlkin onu havada tutaraq, maşına qoyub qaçmışdı. Böyük ehtimalla Moskvadakı xəstəxanadan da Cabir eyni üsulla qaçırılmışdı.
İlkinin barəsində həbs qəti-imkan tədrinin dəyişdirilməsi ilə əlaqədar saysız-hesabsız xahiş və təhdidlərin səbəbini yalnız indi başa düşdüm.
Ətraf rayonlardan kriminogen elementlər "qərargaha" toplaşmışdılar. Rayonda polis işçilərinin sayı azalmışdı. Hətta bir dəfə rəis təklif etdi ki, "qərargaha" gedib, onlarla söhbət etmək lazımdır. Mən ona kəskin və sərt cavab verdim (Sonralar eşitdim ki, bir çox adamlar kimi rəis də "qərargaha" gedib, onların bığının altından keçib).
Nə gizlədim! Vəziyyətin təhlükəliliyini hiss edirdim. Ona görə də işə piyada gedir, mahir nişançı olan sürücüm Boris isə arxadan gəlirdi. Polis şöbəsindən götürdüyüm tapança ilə Borisi də silahlandırmışdım. Hər küçənin tinində 5-10 nəfərin dayandığını görürdüm. Əslən Zaqatalalı olan məhkəmə sədri Aydın Bayramov həmin adamların məni qorumaq üçün toplaşdığını və narahatçılıq üçün səbəb olmadığını bildirdi. O günlərdə mənim müdafiəmə qalxanlardan Ömər adlı gənc döyüşçü ilə də tanış oldum ( O, sonralar Moskva şəhərində qısa müddətdə nüfuzlu şəxs olmuş, bir qəza nəticəsində dünyasını dəyişmişdi).
Təxminən 10 gündən sonra həmyerlim Zaqatala-Balakən bölgəsində məhşur müğənni Rəşidlə - çox hörmət bəslədiyim, respublikada tanınmış "idmançı" (adını çəkmirəm) yanıma gəldilər. "İdmançı" utana-utana dedi:
- Ələmdar müəllim, məlumunuz olsun ki, İlkin yaxın qohumumdur. Dünən "qərargaha" getmişdim. Sizinlə əlaqədar narahatçılığımı bildirdim. Cabir dedi ki, bizim prokurorla nə işimiz var? Prokurorun vəzifəsi adam tutmaqdır. İşim mənimlə badələşən, pul bölən, pay alan adamlarladır. Əgər cinayətkar idimsə, niyə mənimlə oturub dururdular?
Gizlətmirəm. Xeyli yüngüllük hiss etdim. Təhlükəsizlik tədbirllərini azaltdım.
Cabir və İlkin Rusiyaya getdilər. Təxminən bir il sonra Moskva şəhər prokurorluğundan xüsusi tapşırıq gəldi. İlkin saunada bir nəfəri vena damarlarını kəsməklə öldürmüşdü. Ailə üzvülərini- anasını və böyük qardaşını dəvət edərək, onlara xüsusi tapşırıq üzrə dindirilməli olduqlarını izah etdim. Anası ağlayaraq:- O vaxt Sizin sözünüzə baxmadıq. Oğlum bir-iki il iş alsaydı, bu hadisə də baş verməzdi,-dedi. Sonra İlkinin haqqında həbs qəti-imkan tədrini dəyişmiş müstəntiqi lənətlədi:
- Haram olsun ona verdiyim çörək. (İlkin haqqında qəti-imkan tədbirini dəyişdikdən sonra müstəntiq iki dəfə onların evində olmuşdu).
1998-ci ildə Rusiya Federasiyasının Daxili İşlər Naziri Kulikov televiziyada çıxışında 15 adam öldürmüş məhşur killer "Cabirin" yaxalandığını elan etdi. Çıxışlarının birində Azərbaycan Respublikasının Daxili İşlər Naziri Ramil Usubov da 15 nəfərin qatili "Cabirin" yaxalandığını bildirdi. (yəni Cabir istintaqdan qaçıb gizləndikdən sonra daha 10 nəfər adam öldürmüşdü).
İlkin haqqında həbs qəti-imkan tədrini dəyişmiş müstəntiqin vəzifəsi daha da böyüdü. Onu hər dəfə görəndə ikrak hissi keçirirdim. Bu gün də anlamıram. Bu qədər qan tökülməsi üçün heç əzab çəkdimi?! Tökülən qanlara görə bu dünyada olmasa da, haqqın dərgahında cavab vermək lazım gələcəkdir. Allah hər şeyi görən və biləndir. Bir məsələni xüsusi vurğulamaq istəyirəm. İşə düşən adamın yaxınlarının narahatçılığı, xahiş,-minnət etməsi başa düşüləndir. Lakin, bəzi kateqoriya cinayətkarların - odlu silah gəzdirən, narkotik maddə satışı ilə məşğul olan, qəsdən adam öldürən, sərxoş vəziyyətdə hər hansı cinayət etmiş şəxslər barədə hüquq-mühafizə orqan işçilərinin xahişçi, minnətçi düşməsini yumşaq formada desək həmişə özümə qarşı hörmətsizlik hesab etmişəm.

ŞƏR VAR XEYİR
GƏTİRƏR...

1994-cü ilin may ayında Zaqatala Rayon Polis şöbəsinin əməkdaşları Gəncə şəhər sakini "A"-nın maşınına baxış keçirərkən "Makarov" tipli tapança və "Kalaşnikov" avtomat silah aşkar edib götürmüşdülər. Cinayət işi başlanmış və "A" haqqında həbs qətimkan tədbiri seçilmişdi.
Məhkumluğu barədə arayışdan görünürdü ki, bir neçə ay əvvəl ətraf bölgələrin birində saxlanılarkən, idarə etdiyi maşınında daha çox silah-sürsat aşkar edilmiş, "Şəxsi zaminliklə" məhkəməyə verilmiş və məhkəmənin hökmü ilə cəzası şərti hesab edilmişdi.
Yenə xahiş edənlərin ardı-arası kəsilmirdi. Bir neçə rayonun hüquq- mühafizə orqan rəhbərləri təşrif gətirib, "A"-nın dəyərli adam olmasını, ona görə də barəsindəki həbs qəti-imkan tədbirinin dəyişdirilməsini xahiş edirdilər.
Nəhayət, müqəssirin atası iki nəfər tanışımla yanıma gəldi. Mən ona bildirdim ki, belə əməllərə görə həmişə həbs qəti-imkan tədbiri seçmişəm. Sizin oğlunuz bir neçə ay əvvəl CM-nin 220-ci maddəsi ilə şərti məhkum edilib. Əgər məhkəmə onu azadlıqdan məhrum etmə ilə cəzalandırsaydı, bu gün daha ağır maddə ilə (təkrarlıq) ittiham olunmazdı.Müqəssirin atası oğlunun və özünün "Lələ" ilə yaxınlığından və digər imkanlarından danışdı. Qəti-imkan tədbirini dəyişmədim. Məndən narazı qaldı. Ayrılarkən görüşmədi. Məhkəmənin hökmü ilə həmin şəxs beş il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edildi. 1994-cü ilin məlum oktyabr hadisələrindən bir ay keçmiş, "A"-nın atası Gəncədən yanıma gəldi. Görüşüb hal-əhval tutduqdan sonra aşağıdakıları bildirdi: - Ələmdar müəllim, mən həm sevinirəm, həm də peşimançılıq hissi keçirirəm. Sevinirəm ona görə ki, oğlum beş il iş almasaydı yəqin ki, Kəramətin dəstəsində olacaqdı və indi vətənə xəyanət maddəsi ilə təqsirləndirilirdi. Peşimanam ona görə ki, kaş birinci dəfə tutulanda ona "şərti cəza almayaydım".

QANUN HÖRÜMÇƏK TORU DEYİL Kİ..

1995-ci ildə bir idarə müdiri sərxoş vəziyyətdə maşını idarə edərkən, iki polis işçisi onu saxlayır. O, maşından düşən kimi polis əməkdaşlarını söyüb təhqir edir və birini də əli ilə vuraraq, xəsarət yetirir. Polis şöbəsinə gətirildikdən sonra da hay-küy qaldırır və əməkdaşları nalayiq sözlərlə təhqir edərək şöbənin iş fəaliyyətini pozur.
Həmin şəxsin qardaşı yüksək vəzifədə işləməklə Zaqatalada, həm də hüquq-mühafizə orqan rəhbərləri yanında hörmət və nüfuza malik adam idi. Zaqatalaya gələndə həmişə görüşərdik. Axırıncı dəfə üç gün öncə İcra Hakimiyyətinin başçısı və digər rəhbər işçilərlə bərabər məclisdə olmuşduq. Gecə saat 01 radələrində icra başçısı telefonla xahiş etdi ki, idarə müdirini polis şöbəsində saxlamasınlar.(Bundan əvvəl RPŞ-nin rəisi Hamlet Salahov hadisə barədə mənə məlumat vermişdi.) Mən dedim ki, Rəfael müəllim, onu sərxoş vəziyyətdə evə buraxmaq olmaz. Sabah məsələni araşdırdıqdan sonra, qərar qəbul edərik.
Səhər 9:00-da polis işçiləri yanıma gəldilər. Birinin gözünün altı qaralmışdı. Dedi:
- Yoldaş prokuror, mən 15 gündür ailə həyatı qurmuşam. O, mənə ailə söyüşü söyüb. Müstəntiq Afər Nəsirovu çağırdım. Dərhal cinayət işi başlandı. Saat 13:00 radələrində Bakıdan "ağır çəkili nümayəndə heyəti" təşrif buyurarkən idarə müdirinə artıq "sanksiya" verilmişdi. Qətimkan tədbirinin dəyişdirilməsi barədə çox xahişlər oldu. Hətta Baş Prokurorluqda yüksək vəzifə sahibləri olan iki dostum da zəng etdilər.
Dedim:
- Mən onun düşməni deyiləm. Həbs qətimkan tədbirini dəyişməyəcəyəm. İstəyirsiniz işi götürün, başqa rayona verin. Orda nə istəyirsiz edin. Məhkəmədə də cəza məsələsinə qarışmayacağam. Bu misalı ona görə gətirdim ki, prokuror eyni əmələ görə birinin başına "od ələyib, digərinə su çiləməməlidir".
Ən böyük səadət və sücaət qanun qarşısında hamının eyni dərəcədə məsuliyyət daşıdığını həyata keçirmək bacarığıd

ELİN GÖZÜ TƏRƏZİDİR

Rəhbər şəxsin ictimai rəyə fikir verməməsi fəlakətdir. İnsanlar hamıya eyni gözlə baxan rəhbərə daha çox hörmət edirlər.
1996-ci ildə həyətində becərilməsi qadağan edilən çətənə əkib-becərən şəxsin həbsini sanksiyalaşdırmışdım. Təxminən 10 nəfər kənd ağsaqqalı yanıma gəlib, qəti-imkan tədbirinin dəyişdirilməsini xahiş etdilər. Mən onlara nəzakətlə dedim ki, belə əməllərə görə hamını həbsə alıb, məhkəməyə vermişəm. İndi sizin xahişinizi yerinə yetirsəm, başqaları mənə nə deyərlər?
Ağsaqqalardan biri ayağa qalxlb dedi:
- Yoldaş prokuror, 1992-ci ildə qonşu kənddə "filankəsi" həbsə almışdınız. Sonra buraxdınız. Bizim adamımızı niyə buraxmırsınız?
Tez nəzarət icraatını gətizdirdim. Doğrudan da 1993-cü ilin əvvələrində ağsaqqalın dediyi şəxsin haqqında həbs qəti-imkan tədbirini dəyişib "şəxsi zaminliklə" əvəz etmişdim. Səbəb cəbhədə şəhid olan oğlunun cənazəsinin gətirilməsi idi. Ağsaqqallar onun səxsi zaminliyə buraxılması səbəbini bildikdən sonra razılıqla otağımı tərk etdilər.
Canilərdə mərhəmət
göstərə bilərmiş

1976 ci-ildə Yevlax rayon prokurorluğunda stajyor idim.Həmin vaxt Yevlax pambiq təmizləmə zavodunun işçiləri barədə aparilan cinayət işinin istintaqı ilə əlaqədar, yerli müstəntiqlər istintaq qrupuna cəlb edilmişdilər.Rayon prokurorluğunda işin bütün ağırlığı baş mustəntiq Əziz Səlimovun üzərinə düşürdü.Onun icraatında 20-ə qədər cinayət işi, stajyor olmağıma baxmayaraq mənim icraatımda da 5-6 cinayət işi var idi.
Bir gün milis şöbəsindən məlumat verdilər ki,iki nəfərin həyatina sui- qəsd olunub.Əvvəllər 14 il məhkum həyatı yaşamış Eldar Agayev yetkinlik yaşına catmamiş oğlu Etibarı da cinayətkar fəaliyyətə cəlb edərək,arvadı və onun iş yoldaşı olmuş bir kişini balta və bıcaqla çoxsaylı xəsarət yetirməklə,hər ikisini qəsdən, xüsusi amansızlıqla öldürməyə cəhd etmişdilər.CM-nın 15,17,94 maddəsi ilə (Ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə sui-qəsd) başlanmış cinayət işində ilkin istintaq hərəkətləri Əziz Səlimov tərəfindən yerinə yetirildikdən sonra, işin istintaqını mən aparmalı oldum.
Başqalarından fərqli olaraq Eldar Ağayevə insani münasibət göstərir,dindirmə zamanı istəyəndə siqaret verir,çay hazirlayıb içəndə onada bir stəkan süzürdüm.Hətta bir dəfə otağima yemək gətizdirib, birlikdə nahar da etmişdik.
Onu ekspertiza rəyləri ilə taniş edirdim.Milis işcilərini çölə cıxartmışdım.Cinayətin aləti kimi götürülmüş balta və uzun tiyəli çörək bıcağı stolun üstündə idi.Mən başı aşağı yazırdım.Birdən bağırtılı səs eşitdim.Götür onu! Götür onu! Eldar maddi sübutlara əlini uzadaraq, qışqırırdı.Səsə qapının dalında dayanmiş milis işçiləri içəri girdilər.O,əllərini qandallanmaq üçün uzadaraq, qışqıra-qışqıra milis işçilərinə dedi:
-Siz məni kafir etmək istəyirsiniz?!Bu uşaqı tək qoyub hara getmisiniz?
Onun siması tamam dəyişmişdi.Gözlərində qeyri-adi parıltı var idi.Ağzı köpüklənmişdi.Nə gizlədim çaşıb qalmışdım.Prokuror Cahangir Nəsirov,müstəntiqlər Əziz Səlimov və Tapdıq Seyidov məni bərk danladılar.Belə residivistlə otaqda tək qalmaq olar?!
Səhərsi günü dindirməni davam etdirmək üçün milis şöbəsinə getdim.Eldar dindirmə zamanı dedi ki,iki dəfə məni balta ilə vurub qacmaq istəyib.Lakin duz-çörəyi tapdalamayıb.Özünü saxlaya bilməyəcəyini görüb qışqırıb-bağırıb.O, mənə məhkum həyatından epizodlar danışdı.Tayqada cəza cəkərkən, balta-bucaq atmağı saatlarla məşq edir,10-15 metrdən hədəfi dəqiq vururmuş.Sonra o, mənə nəsihətlər verməyə başladı:
-Cavansan,təcrübəsizsən,mənim kimi cinayətkarla otaqda tək qalmaq olmaz.
Mən onun "nəsihətlərini"hec vaxt unutmadım.Doğrudanda hətta canilərin də qəlbində mərhəmət hissi olarmış. Bir müddətdən sonra məni Masallı rayon prokurorluğuna ezam etdilər.Həmin cinayət işini Əziz Səlimov yekunlaşdırdı.Sonradan eşitdim ki,Ali Məhkəmənin hökmü ilə Eldar Ağayev 14 il müddətinə azadlıqdan məhrum edilmişdir.
(ardı olacaq)