adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
17 Dekabr 2018 18:00
13124
SİYASƏT
A- A+

Gürcüstan müxalifəti genişmiqyaslı aksiyalara başlayır

"Vahid milli hərəkat” partiyasının üzvü, "Güc birlikdədir” müxalif blokundan prezidentliyə namizəd olmuş Qriqol Vaşadze sabahdan etibarən Gürcüstanda genişmiqyaslı və aramsız etiraz aksiyalarına başlayacaqlarını bəyan edib.

Adalet.az "Sputnik Qruziya”ya istinadən xəbər verir ki, "Güc birlikdədir” müxalif bloku 28 noyabrdakı prezident seçkilərində səsvermənin nəticələrini tanımadığını bildirərək, növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edib.

"Biz artıq sabahdan etibarən aksiyalara başlayırıq və bir gün belə olsa aksiyalara ara verməyəcəyik. İndi məndən soruşmayın ki, bu nə aksiyası olacaq, çünki bu barədə tərəfdarlarımızı axşam məlumatlandıracağıq. Sabahdan isə Gürcüstan konstitusiyası və qanunvericiliyinə uyğun olaraq aramsız dinc aksiyalara başlayacağıq”,- deyə Vaşadze bu gün keçirdiyi brifinqdə vurğulayıb.

Gürcüstanın Daxili İşlər Nazirliyindən isə bildiriblər ki, əgər qanun çərçivəsində olarsa, "Güc birlikdədir” müxalif hərəkatının aksiya keçirməsində heç bir problem görmürlər.

Qeyd edək ki, ötən gün Gürcüstanın yeni - beşinci prezidenti Salome Zurabişvilinin inaqurasiyası zamanı seçkilərdə məğlub olmuş Vaşadzenin tərəfdarları maşın karvanları ilə mərasimin keçirildiyi Telavi şəhərinə yollanaraq dinc aksiyaya cəhd ediblər. Lakin polis onları şəhərin 30 kilometrliyində saxlayaraq ya piyada getməyi, ya da alternativ yollardan istifadə etməyi məsləhət görüb. Nəticədə iğtişaş yaşanıb və aksiyaçılar kordonunu yararaq polis maşınlarına zərər vurublar.