adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 Dekabr 2018 12:42
14399
DÜNYA
A- A+

Putin Rusiyada reperləri nəzarətə götürür

Rusiya prezidenti Vladimir Putin ölkəsinin gəncləri arasında getdikcə məşhurlaşan, hətta bəzən ölkə idarəçiliyinə və polisə qarşı üsyançı ifadələrin yer aldığı rep musiqisinin nəzarət altına alınması barədə göstəriş verib.

Adalet.az "Associated Press”ə istinadən xəbər verir ki, ötən həftə Sankt-Peterburqda mədəniyyət üzrə məsləhətçiləri ilə görüş keçirən Putin rep deyən musiqiçilərə qarşı qadağaların reklam effekti verərək onları daha da populyarlaşdıracağını bildirib.

Rep musiqisinin təməlində "cinsi əlaqə, narkotik və üsyan” mövzularının dayandığını vurğulayan Putin başlıca narahatlığının məhz həmin musiqilərdə narkotik istifadəsinə təşviqlə bağlı olduğunu deyib. Rusiya prezidentinin fikrincə, bu, "bir milləti deqradasiyaya aparan yoldur”.

İclasda rep muqisinin bütün neqativ təsirlərini nəzərə alan Putin "əgər bunu dayandırmaq mümkün deyilsə, onda onu idarə edək və yönləndirək” deyib.

Qeyd edək ki, Putinin rep musiqisini nəzarət altına almaq istəyi Rusiya polisinin repçilərə qarşı apardığı əməliyyatların cəmiyyətdə, xüsusən də gənclər arasında etirazla qarşılanması ilə əlaqədardır. Belə ki, son vaxtlar Rusiyada rep musiqisinin sıxışdırılması cəhdləri, reperlərin konsertlərinin ləğvi və hətta onların həbsi böyük narazılığa səbəb olub. Nəticədə rep musiqilərində polis zorakılığı, ölkədə yoxsulluq və özbaşınalıqla bağlı ifadələr daha çox səslənməyə başlayıb.