adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Dekabr 2018 10:46
33452
MƏDƏNİYYƏT
A- A+

Metroda öpüşən duyğusuz cütlük

Şair demiş, dünya köhnə dünya deyil artıq. Bu sözlər sözün əsl mənasında keçmişdə qalıb. Dünyamız çox dəyişib. İnsanlar daha laqeyd, daha soyuqqanlı, daha monoton, daha depressiv kimliyə bürünüblər. Bu saat insanlar üçün özlərindən başqa dəyərli heç nə yoxdur. Özlərini o qədər çox sevirlər ki, az qala hamısı narsist xəstələridir.

İnternet, sosial şəbəkələr bizi bir-birimizdən daha da uzaqlaşdırdı. Uzun müddət görmədiyimiz dostumuzla bir kafedə görüşürük. Bir-iki cümlədən sonra öz dünyamıza çəkilirik. Ağıllı telefonlarımıza. Danışası nə var ki? Biz hər şeyi sosial şəbəkədə danışmışıq. Çox kədərli mənzərədi, həm də çox.

Həftəsonunu boş keçirməyim deyə bir filmə baxdım. Film deyirəm e sizə, əjdahadı. Dünyadan danışdıq, dəyişdikcə yaşanılan sıxıntılar da şəkil dəyişdirir. Ağrılar və bədbəxtliklər daha postmodern bir hala çevrilir. Bəhs edəcəyim film postmodern kabusu sadə, amma sərt dillə ekranlara daşıyır. Söhbət "Problem yaradan adam” filmindən gedir...

2006-cı ildə çəkilən Norveç filminin rejissoru Jens Liendir. Filmin açılış səhnəsi əslində hər şeyi kifayət qədər izah edir. Metro stansiyasında duyğusuzca, hisslərdən uzaq iki sevgili öpüşür. Elə bil avtomatik aparatdılar. Onlara uzaqdan "komanda” veribsən sanki. Ehtirassız eləcə öpüşürlər. Bu öpüş tamaşaçıda ikrah hissləri yaradır.

Filmdə, bir anda özünü bilmədiyi bir şəhərdə tapan Andreası görürük. O, dadsız, hissiz, monoton həyatın ortasında qalıb. Filmin girişində upuzun bir çöl qarşımızdadır. O çöldə bircə daxma var, o daxmada bir adam yaşayır və şəhərə gələn adamları xoşluqla qarşılayır. Qoca yeni gələn adamı öz maşınında şəhərə aparır və onu yeni həyatı ilə tanış edir. Filmin sonunda da yenə eyni maşınla geri qayıdır. Ancaq bu dəfə məkan fərqlidir. Bəmbəyaz bir sonsuzluqdur. Məncə, rejissor burda başlanğıc və sonu, doğum və ölümü göstərir.

Andreas şəhərdəki həyatına alışmağa çalışır. Artıq onun bir işi də var, hətta gözəl bir qadınla evlidir. Maaşı çox yaxşıdır. Bir sözlə, hər şeyi var. Əldə etmək istədiyi hər hansı bir şey yoxdur. Uşaq səslərindən başqa. Özünü çürüməkdə olan bir bitki kimi hiss edir. İçki içir, sərxoş ola bilmir, yemək yeyir. dad ala bilmir, qoxu belə hiss edə bilmir.

Evləndiyi qadınla sevişmə səhnəsi belə çox sünidir. Şirkətdəki adamlar sanki robotdurlar. Saxta təbəssümlər... Müdiri ona çox yaxşı münasibət bəsləyir. Deyir, əgər çox yorğunsansa istirahət et, evə get. Küçədə bir adamın intihar edib öldüyünü görür. Cəsədi şiş uclu çəpərə sancılıb. Ancaq yoldan keçən adamlar üçün bu mənzərə maraqlı deyil.

Yaxud da bir gün qəhrəmanımız başqa qadına aşiq olur. Bunu gəlib arvadına deyir. Və ayrılır. Aşiq olduğu qadının həyatında da üç kişi var. Bütün bunlardan sonra Andreas intihar edir. Özünü qatarın alıtna atır, ancaq ölmür. Qatar dəfələrlə üstündən keçir. Film həm də absurddur. Bu absurdun içində dəhşətli həqiqətlər var. Rejissor bizə Skandinaviya cəmiyyətinin necə soyquqanlı, laqeyd, hissiyatsız olduğunu göstərir. Həm də bəşəriyyətin buz kimi soyuqqanlığını bizim gözlərimizin qabağına gətirir. Yeni dünyanı, internet dünyasının necə çirkli olduğu mesajını bizlərə ötürür.

Avropa ölkləri – İsveçrə, Macarıstan, Finlandiya, Norveç kimi ölkələr intiharlara görə dünyada ilk sırada dururlar. Bizə xoşbəxtlər ölkəsi kimi təqdim edilən Norveç, Finlandiya kimi ölkər belə... Təsəvvür edin, Norveçdə insanlar problemsizlikdən intihar edirlər. Eynən bəhs etdiyim filmdəki kimi. Hər şeyləri var, ancaq xoşbəxt deyillər.

Filmdə həm də bu mesaj var: Həyat bizim istədiyimiz şeylərdən asılı deyil. O bizim üçün ssenari yazacaq, bizi taleyin amansız yollarına atacaq. Filmin sonunda Andreas bir evin zirzəmisindən səslər eşidər. Həmin səsə doğru gedər, oranı tapar. Zirzəmidəki nöqtə boyda olan deşiyi qazar və başqa bir evə çıxar. O evdə hər şey qaydasındadır. Radio var, keks qoxusu var, uşaq səsi var. Bu ev keçmişdi. Amma o keçmişə qayıtmaq qadağandır...