adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
17 Dekabr 2018 11:01
8901
MƏMLƏKƏT
A- A+

Ölkəmizdə 113 adda yeni müdafiə təyinatlı məmulat istehsal olunacaq

Müdafiə Sənayesi Nazirliyi fəaliyyətə başladığı gündən ilkin mərhələdə qarşıya qoyulmuş hədəflərə nail olub.

Adalet.az xəbər verir ki, bunu müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib.

Onun sözlərinə görə, ötən dövrdə nazirliyin müəssisələrində ən müasir texnologiya və avadanlıqlarla təchiz olunan 50-dən çox yeni istehsal sahəsi yaradılıb: "Yeni yaradılan müəssisə və istehsal sahələrində ümumi sahəsi 284 min kvadratmetrlik tikinti və yenidənqurma, 530 min kvadratmetr sahədə abadlaşdırma işləri aparılıb. İstehsal sahələrində müasir tələblərə cavab verən rəqəmsal, proqram təminatlı 25-dən çox mürəkkəb texnoloji xətt və avadanlıqlar quraşdırılıb. Eləcə də 2200-dən çox müxtəlif təyinatlı dəzgah, 10 minlərlə cihaz, alət və tərtibatlar alınıb istismara verilib".

Nazir müavini qeyd edib ki, 2018-ci ildə ümumi məhsul istehsalının həcmi 2007-ci illə müqayisədə 6,8 dəfə, müdafiə təyinatlı məmulatların həcmi isə 33 dəfə artıb.

"İstehsal olunan ümumi məhsulun 80 faizdən çoxu müdafiə, xüsusi təyinatlı məmulatlardır. Son illərdə isə bu nisbət 90 faizi ötüb. İstehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 1200-ü keçib. Nazirlik fəaliyyətə başladığı gündən ümumilikdə 251 mövzu üzrə müdafiə təyinatlı məmulatların yaradılması işləri aparılıb. Onlardan Müdafiə Nazirliyi və digər güc strukturlarının tələbatına uyğun 138 mövzu üzrə 370 adda müdafiə təyinatlı məmulatların yaradılma işləri başa çatdırılıb və silahlanmaya tövsiyə olunub. Məmulatların yaradılması zamanı 344 müxtəlif növ sınaqlar keçirilib. Hazırda müəssisələrdə 113 adda müdafiə təyinatlı məmulatın yaradılması istiqamətində təcrübi-konstruktor işləri davam etdirilir".