adalet.az header logo
  • Bakı 7°C
15 Dekabr 2018 09:29
7371
GÜNDƏM
A- A+

LAYİQSƏN SEVGİYƏ, SÖZƏ LAYISQI

(əvvəli ötən sayımızda)

***

1980-ci ildə Baş Layısqı kəndindən bir küp-qəbrin aşkar edilməsi tariximizin dərin laylarına işıq saldı. Eramızdan əvvəl VIII-VII əsrə aid edilən Layısqı tapıntılarının içərisində insan sümükləri, bəzək əşyaları ilə yanaşı, xeyli nizə ucluqları da vardır. Bu tapıntı ən qədim layısqının nüfuzlu sərkərdə, cəsur döyüşçü və ya mahir ovçu olduğuna işarədir.
Kürəkçay (1805), Gülüstan (1913) və Türkmənçay (1828) müqavilələrindən sonra Azərbaycan türkləri Rusiya İmperiyasının ordusunda hərbi xidmət əvəzinə əsgəri vergi ödəsələr də, Şəki əyalətində, o cümlədən Layısqıda ehtiyatda olan döyüşçülər vergidən azad idi və müharibə şəraitində olan yüksək səviyyədə silahlanaraq hərbdə iştirak edir, sülh şəraitində isə ipəkçilik, heyvandarlıq və ovçuluq ilə məşğul olurdular.
1824-cü il sənədlərinə əsasən Layısqının ilk ehtiyatda olan döyüşçüləri 7 nəfərdir.
Onlar Balaca Ağa Şıxqulu Yüzbaşı oğlu, Çələ(bi) Ağa Hacı Qasım oğlu, Zamin Hacı Qasım oğlu, Şıxı Qaragöz oğlu və Əhməd Əli Şıxı oğlundan ibarətdir. 1831-ci ildə Layısqıdan olan ehtiyat döyüşçülərin sayı 4 nəfərə enmiş və sonrakı illərdə bu zümrə ləğv edilmişdir.
Sənədlər üzərində müşahidələr belə bir qənaətə gəlməyə əsas verir ki, layısqılı ərənlər ailənin qadın üzvlərinin adlarının siyahılarda yer almasına qısqanclıqla yanaşmış, bu sahədə mərhəmliyə üstünlük vermişdilər. Altı ekspedisiyadan beşində layısqılı qadınların yalnız sayı qeydə alınmışdır. İstisna olaraq 1824-cü ildə kəndə əhalisinin siyahıyaalınmasında kişilərlə bərabər xanımların da adları yazılmışdır.
Bu incə məsələdə bir məqama xüsusi diqqət yetirilməlidir.
Ənənəvi olaraq sənədləşmə işlərini qeyri türklər həyata keçirdikləri halda, 1842-ci il siyahıyaalınmasının Layısqıdan yeddi nəfərlik qrup icra edilmişdir. Sənədə birinci imza atan Layısqının 70 yaşlı (O, 1772-ci ildə anadan olmuşdur - A.R.) nüfuzlu ağsaqqal və ziyalısı İsrafil Bayramoğlu olmuşdur.
Onun ardınca isə Allahyar Məhəmməd Vəli oğlu, Məhəmməd Ramazan oğlu, Şirin Rəfi oğlu, Kərim Şəfi oğlu, Bəkir Osman oğlu və Oruc İmamqulu oğlu qol çəkmiş, Əli Əfəndi Tahir oğlu isə imzaları təsdiqləmişdir (bax: AR DAT fond-29, siyahı-1, saxlama vahidi-21, vərəq-97).
İsrafil Bayram oğlunun ailəsi və təsərrüfatı haqqında məlumatlar yığcam olsa da fikir söyləməyə əsas verir. O, kəndin ən varlı adamı olmayıb. Bir atı, bir iribuynuzlu mal-qarası, buğda, arpa və çəltik üçün torpaq sahəsi, on iki min ağacdan ibarət baramaçılıq üçün bağı var idi. İsrafil Bayram oğlu Sona xanım ilə ailə qurmuş, bu izdivacdan onun Qurban (digər sənədlərdə Qurbanəli) və İbrahim adlı iki oğlu dünyaya gəlmişdir. 1842-ci il sənədinə əsasən Qurbanəli İsrafil oğlunu 30, İbrahim İsrafil oğlunun isə 20 yaşı vardı.
Bu vaxt kiçik qardaş subay, Qurbanəli İsrafil oğlu isə Xanım ilə ailə həyatı qurmuş, bu evlilikdən onların beş yaşında Usub (bu ad təhrif edilib, əsl adı Yusifdir - A.R.) və üç yaşında Həsən (bu ad da yanlışdır. İsrafil Bayram oğlu kiçik nəvəsi nə öz babası Hüseyn əfəndinin adını vermişdir -A.R.) adlı övladları var idi. Aradan 21il vaxt keçir. Bu zaman ərzində Baş Layısqı kəndində baş verən dəyişiklikləri izləmək müşkül məsələdir. Yalnız 1863-cü ildə yerli əhali yenidən siyahıya alınmışdır.
1863-cü il siyahıyaalınmasından sonrakı 1870-ci ilin sənədlərində Hüseyn Hacı Qurbanəli oğlunun adına rast gəlmirik. Amma onun böyük qardaşı Yusif əfəndi Hacı Qurbanəli oğlunun adı nüfuzlu şəxs kimi birinci qeyd edilmiş, ailənin tərkibi beş kişi, üç nəfər qadından ibarət olduğu göstərilmişdir. XIX əsr Baş Layısqının adlı-sanlı ziyalılar təbəqəsinə mənsub olan bu nəsil şəcərəsini sənədlər üzrə izlədikcə 1886-cı ildə ailələrin siyahıya alındığı əyalət dəftərində birinci sırada yenə Yusif əfəndi Hacı Qurbanəli oğlunun adı yazılmışdır.
Yusif əfəndi Hacı Qurbanəli oğlunun həyat yoldaşının və yeganə qızının adı sənəddə göstərilməmişdir. Kənd icmasının dini rəhbəri olan Yusif əfəndinin iki evi və doqquz atı olduğu qeyd edilmişdir. Əhməd Salman oğlunun bu sətirlərin müəllifinə söylədiyinə görə, babası Yusif əfəndi 1888-ci ildə, 54 yaşında, Qədr gecəsində yuxu gördüyünü, Məkkəyə ziyarətə gedəcəyini və oradan bir daha geri qayıtmayacağını yaxınlarına bildirir. Kənd əhalisi ilə halallaşır, böyük oğlu, ərəb və fars dillərini mükəmməl bilən, 20 yaşlı Molla Salmanı öz yerinə dini icmanın rəhbəri təyin edir. Müqəddəs yola çıxmamışdan öncə, camaatla vida mərasimində Molla Salman atasını qucaqlayaraq kövrək səslə deyir:
- Ata, bizi kimə tapşırıb gedirsən?!
Yusif əfəndi gənc oğlunun sualına müdrikliklə, hamının eşidəcəyi bir səslə cavab verir:
- Mən sizi halallığa, düzlüyə, ədalətliliyə tapşırıb gedirəm. Əgər bunlara əməl etsəniz, sizdən nigarançılığım olmayacaq. Kənd əhli bu dəyərli fikirləri Yusif əfəndinin son tapşırığı kimi qəbul edir.
Hacı Salman Yusif əfəndi oğlu 1928-ci ildə 64 yaşında vəfat etmişdir. Bu nəslin varislərinə indi də Baş Layısqıda "Bayramuşağı" nəsli deyirlər və şübhəsiz ki, bu zaman qocaman kənd sakinləri Yusiflilər ailəsinin ulu babası, XVIII yüzillikdə yaşamış Bayram Hüseyn oğlunun xatirələrdə yaşayan mərdliyinə, xeyirxahlığına, ədalətliyinə işarə edirlər.
1866-cı ildə Göynük sahəsinin pristavı Həbibbəyovun tərtib etdiyi, kənd sakinlərindən Molla Həbibulla İdris Əfəndi oğlunun, Hacı Əbdülqafur Əfəndi Hacı Əbdül Fəttah oğlunun, Kərim Səlim oğlunun və Əhməd Bayraməli oğlunun şəhadəti ilə Nuxa Qəza rəisinin köməkçisi, knyaz Andronikovun təsdiqlədiyi Əyalət dəftərindəki siyahıya əsasən bu vaxt Baş Layısqı kəndində 202 ailə, 1250 nəfərdən çox sakin yaşayırmış. Onlardan Gülməmməd Murtuzəli oğlu və Cəbrail Nurullah Məhəmmədəli oğlu 9 nəfərlik ailəsi ilə Cunud kəndindən Baş Layısqıya köçmüşdür.

(ardı gələn sayımızda)

Asif Rüstəmli
Filologiya üzrə elmlər doktoru, professor