Jurnalistlərin binası ətrafında ağaclar əkiləcək
Sevindirici haldır ki, "Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizi ilə başladığımız kampaniya hər kəs tərəfindən dəstəklənir və artıq kütləvi hal alıb.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova nazirlikdə keçirilən mətbuat konfransında deyib.
İradə İbrahimovanın sözlərinə görə, yeni yaşıllıqların salınması və artırılması Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən həyata keçirilir.
"Ağac əkilməsinin təşviqi məqsədilə ETSN tərəfindən "Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizi ilə başlanan payız ağacəkmə aksiyaları çərçivəsində nazirliyin əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Respublika ərazisində müxtəlif cinsli ağaclar əkilib: Aksiyalar bu gün də davam edir”.
O bildirib ki, dekabrın 15-i, saat 11-də jurnalistlərin təşəbbüsü ilə jurnalistlər binasının ətrafından nazirliyin əməkdaşları ilə birgə ağacəkmə aksiyası keçiriləcək və ərazidə müxtəlif cinsli ağaclar əkiləcək.
"Sevindirici haldır ki, "Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizi ilə başladığımız kampaniya hər kəs tərəfindən dəstəklənir və artıq kütləvi hal alıb. Ölkənin bütün regionlarında ictimaiyyət bu kampaniyaya qoşulub.
Aksiyalarda fəal iştirak edən hər kəsə, ictimaiyyət nümayəndələrinə, rayon icra hakimiyyətlərinin əməkdaşlarına təşəkkürümüzü bildiririk. Vətəndaşlardan xahiş edirik ki, qurumuş və təhlükəli ağaclar barədə Nazirliyin 24 saat fəaliyyət göstərən 168 nömrəli "Qaynar xətt”inə məlumat versinlər"