adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

POETİK FİKİR VARSA...

VAQİF YUSİFLİ
19212 | 2018-12-14 00:50

("CƏNC ŞAİRLƏR, SÖZÜM SİZƏDİR" - VII MƏQALƏ)

VAQİF YUSİFLİ

Onun üç şeirini ("Ulduz", iyul, 2017) ona görə uğurlu sayırıq ki, Fərid Müslümün yalvarış tərzinə Arzuda rast gəlmirik. "Gülə-gülə sev" şeiri sanki bugünkü şeirmizdə yalvarış şeirlərinə müxalif, zidd bir fikir kimi yazılıb.

Yenə incitdin məni,
Axı sənə nə deyim?
Dəli kimi sevməyi,
Burax, dəli ürəyim!

O səni necə sevir,
Sən də onu elə sev!
Ağlamaq nəyə lazım?
Sən də gülə-gülə sev!

Gedir, qoy çıxıb getsin,
Qayıdır özü bilər.
Kimə istəyir baxsın,
Baxışı, gözü bilər.

Heç doymadın ürəyim,
Yedin kədər, yedin qəm.
Sənin acgözlüyünün,
Cəzasını çəkirəm.

Doğrudan da, ağlamaq nəyə lazım? Hərçənd ki, sevgi əzabına görə ağlamaq da olar, insana göz yaşları qədər təsəlli olan nədir ki? Amma bu ağlamağı vay-şivənə çevirmək, intihar sərhəddinə gətirib çıxarmaq olarmı? Görəsən, Leyla Namazovanın "Ümid"şeiri ("Ulduz", yanvar, 2017) bu suallara cavab verə bilərmi?

Dünən bir misra ümid
əlləri qoynunda
keçdi yanımdan...
Səssiz bir haray
damla-damla
boylanırdı yanaqlarından.
Səbrim adam balası kimi laldı, lal.
İçimdə
üzü qibləyə durub
bir sual-
Görən kimi gözləyir,
bəxtimin uçuq divarı
dibində oturub,
son ümidini
yeyən acılar?!
Bu adamların
gözü görmür.
Lütfən, bu şeirimi
divarlara oxuyun,
qardaşım ağaclar...

"Ümid" adlanan bu şeirdə əslində, bir ümidsizlik harayı eşidilir. Ümid axtarışı hər halda ümidsizlikdən daha yaxşıdır.
Sevgi şeirlərində mümkün qədər səmimi olmaq, yalan toxumamaq, yaşanılan reallığa istinad etmək daha önəmlidir. Gülsadə İbrahimlinin "Dərgidə kitab" silsiləsindən olan şeirlərində məhz səmimiyyət hissi daha çox diqqəti cəlb edir.Həm də Gülsadənin şeirlərində əsl şeirə xas olan elementlər (dilin təmizliyi, bədii təsvir vasitələrinin incələnməsi, fikrin poetik ifadəsi və fikirlə hissin vəhdəti, şablondan, stereotipdən qaçmaq və s.) onun istedadlı bir şair olacağına ümid verir.Onun "Sənsizliyin əl izi", "Bu sevgini", "Ayrılıq xoru", "Sən də get!, "Qəlbimin qırıqları", "Bir qadın təkliyində" ("Ulduz". avqust, 2018) şeirləri sevgini bir qadın qəlbinin səmimi etirafları kimi nəzərə çarpır. "Sənsizliyin əl izləri qalacaqdır saçımda, Ağaracaq bu gecə də, bəlkə, bir telim daha"- "Sənsizliyin əl izi" şeiri bu misralarla başlayır və biz o "əl izi"nin nələrə səbəb olduğunu izləyirik: "Dönəcəyik, əlbət, günün birində. Görəcəyik bir ağac var, Bir əski park, Bir də zalıi qocalıq".
Gənc şairlərin sevgi, eləcə də başqa mövzularda qələmə aldıqları mövzularda qələmə aldıqları şeirlərdə bir məsdərə tez-tez rast gəlirik: DARIXMAQ təkcə şeirlərində işlənən söz deyil, həm də onların hazırki durumunu, hal-vəziyyətlərini ifadə edən bir sözdür. Əlbəttə, bunun səbəbini arayıb-axtarmaq niyyətində deyilik. Onsuz da cavan şairlərin bir çoxu darıxmaq haqqında öz fikirlərini izhar edirlər.
Darıxmaq insanın mənəvi sıxıntıya düsar olması, nədənsə bezməsi, təngə gəlməsi, narahatçılıq içərisində yaşaması, bütün bunları ürək ağrısı ilə hiss etməsidir. İnsan kimin üçün darıxar? Qürbətdə olanda Vətən üçün darıxar...Arzularının həyata keçmədiyini görəndə yaman darıxar. Yaxın adamından, dostundan, sevgilisindən ötrü darıxmağı da təbiidir.. Həyatında uğursuz anlar, bədbəxt hadisə baş verərsə, bir könül həmdəminə ehtiyac duyarsa, darıxar, üzülər. Bunlar insanın təbii yaşantılarıdır və zaman-zaman Azərbaycan şairlərinin şeirlərində də darıxmaq hissinin poetik çalarları ilə rastlaşmışıq.
Mərhum ədəbiyyatşünas Məsud Əlioğlunun belə bir kitabı var: "Darıxan adamlar" (iki cilddə, Bakı, "Təhsil" nəşriyyatı, 2009). Bu adı həmin kitaba kim seçib, deyə bilmərəm. Amma o kitabda Azərbaycan ədəbiyyatının klassiklərindən, onların yaradıcılığından söz açılır. Ümumən Azərbaycan ədəbiyyatının keçdiyi yolu (Nizamidən Cabbarlıya qədər) DARIXAN ADAMLARın həyat fəlsəfəsi, dünyaya baxışı kimi izah eləmək Məsud müəllimin metodoloji prinsipi idi. Bu konteksdə darıxmaq öz adi, lokal mənasından sıyrılır, geniş bir məna kəsb edir, düşünmək, mövcud və real həyatla barışmamaq, gələcək haqqında xoş xəyallara dalmaq, daxili-mənəvi təkamül prosesi keçirmək yazıçıların təsvir etdiyi qəhrəmanların məramına çevrilmişdi. Ona görə də, cavan şairlərin bir çoxunu darıxmaq hissini də təbii qəbul edək və görək onun şeirlərinə səpələdiyi bu sıxıntı, bu narahatlıq haradan doğur, bütün bunlar niyə mənəvi işgəncəyə aparıb çıxarır? Axı, darıxmağın da bir sonu olmalıdır, insan bütün ömrü boyu sıxıntı içində yaşaya bilməz, həyatı ancaq darıxmaq haləsinə bürümək olmaz. Bu, bir insan ömrünün faciəsinə yol açar. Yox, əgər bu darıxmaq daha gözəl arzulara və işığa yol açırsa, darıxmağa dəyməz. Gülsadə İbrahimlinin "Darıxmaq" şeirini onun fərdi-subyektiv izharı kimi də qəbul edə bilərik və əlbəttə, darıxmaqla bağlı bəzi fikirləri ilə tam razılaşa bilərik.

Darıxmaq-evdə onun qoxusunu
Axtarmaqdır.
Eşikdən gələn ayaq səsinə
Diksinibö qapıya qaçmaqdır
atasın gözləyən
uşaq kimi.
Gülməməkdir, məsələn,
Ya da üşüməkdir ən isti havalarda.
Çəkilib özünə səssizliyi arzulamaqdır.
Sevməkdir darıxmaq,
Sevdiyi hər şeyi sevməkdir.
O sevdiyi yeməkləri
ağlaya-ağlaya yeməkdir.
Ətəyindən çıxardığı köynəyi
ən müqəddəs
əşya kimi qorumaqdır.
Ciyərlərinə qədər çəkib qoxusun,
yastıq altda
gizləməkdir.
Bilirsənmi, sevdiyim,
bir qadın üçün qadın olmağa
nifrət etməkdir darıxmaq.

Başqa bir şair-Xatirə Xatun isə ("Ulduz", dekabr, 2017) darıxmaq hissini tamam fərqli izah edir. "Darıxdığın biri ola hardasa, Gülüşünün həsrətini çəkəsən"- burada artıq darıxmaq anlayışı qəmli, nostalji örtükdən çıxır-darıxmaq gözəlləşir. Ümumiyyətlə, cavan şairlərin şeirlərində nikbinlik, həyata inam çalarları dərdi, darıxmağı, qəm-qüssəni təsvir edən şeirlərlə müqayisədə azlıq təşkil edir. Məsələn, "Lərgidə kitab" ("Ulduz, iyun, 2017) müəlliflərindən biri olan Xəzər Süleymanlı poetik istedadına görə seçilə bilir, şeirlərində obrazlılıq, ifadələrin səlisliyi də nəzərdən qaçmır."Balıq yaddaşı" və "Günahkar" şeirləri ("Ulduz", iyun, 2017) onun şairliyini təsdiq edən nümunələr sayıla bilər.. "Mənim gözlərimdə həsrət iz salıb, Körpələr evinin pəncərəsitək"-bunu ancaq deyə bilər. Yaxud: "Gecəni ikiyə bölürəm indii, O yanında sən yat, bu yanında mən"-yaxşıdır. "Səndən də heç gözüm su içməmişdi, Bu qədər göz yaşım hardandı məndə?"-bu da yaxşı. Amma ümumilikdə götürdükdə, Xəzər Süleymanlının şeirlərində fərdi duyğulardan yaranan qüssə üstündür. Niyə axı, o, "qaranlıq adamı, gecə adamı, içki düşgünü, küçə adamı" təyini birləşmələri özünə yaraşdırsın. Qurtarmaq lazımdır bu "sənsizliklə bacarmıram" sindromundan.
Əlbəttə, sənsizlik, hər bir sevən üçün dərddi, -deyək. Və biz onlarla cavan şairlərin şeirlərində bu dərdin poetik izharını görmək istəyirik.

Hər yağış yağanda
istəyirəm heç kəsməsin,
yağsın elə...
Sənsizliyim bitənə kimi
günahlarım də bitər, bəlkə...

Bu şeirin müəllifi Zamiq Mehdisoydur ("Ulduz", avqust, 2017). Təqdir edirik bu sənsizliyi. Fikir var, ifadəsi də həmçinin. Amma elə həmin müəllif başqa bir şeirində deyir ki: "Sənsizlik elə bir boşluq ki, onu yalnızca Tanrı doldura bilər. Amma mən küsmüşəm sənsizliyimin memarından. Tanrıya da qıymaram səndən qalan boşluğu. Bir gün özümü o boşluqdan atıb çıxacam sənsizlikdən"- burada sənsizlik dərdinə Tanrını qarışdırmağın bir önəmi varmı? Zamiq Mehdisoyun "O gecə bəmbəyaz idi buludlar" misraları ilə başlayan şeirində sənsizlikdən doğan hisslər təbiidir: "O gecə ruhum soyunmuşdu ürəyimi, çılpaq qalmışdı, üşüyürdü səmada...sən getmişdin, sənsizliyin gecəsiydi o gecə". Amma "Hər gün neçə arzu intihar edir ürəyimdə... Bu gün son arzumu da dəfn elədim.Daha heç nə istəmirəm Tanrıdan, arzusuz öləcəm qalan ömrümü".
İndilikdə istedadlı hesab etdiyim, gələcəyinə isə böyük ümid doğuran, sabahına inam yaradan cavan şairlərdən bir neçəsi haqqında qısaca söz açmaq istəyirəm. Tural Turanı xüsusi qeyd etmək olar. Təptəzə, orijinal təşbihlərlə, metaforalarla və əlbəttə, poetik düşüncə tərzinin yeniliyilə o, yaşıdlarından seçilə bilir.Həm hecada, həm də sərbəstdə özünü sərbəst hiss edən Turalı bu günkü müasir poeziyamızda sözü adilikdən təcrid edib ona POETİK SÖZ səlahiyyəti bəxş edən şair kimi diqqəti cəlb edir. Metaforik düşüncə tərzi onun şeirlərində xüsusi önəm kəsb edir, təbiət insaniləşir, bu "çevrilmələr" görünən nəsnələrə yeni bir "həyat" bəxş edir ("Ulduz", iyul, 2018)..

Üşüyür göy üzü, günəşi
çiyninə salın..
Tanrı çay dəmləsin öz yağışından.
Deyin yatmasın buludlar,
qızdırıbdı göy üzü.
Bir az ulduz içizdirin
çolpanın çay qaşığında;
qoy açılsın göy üzü.

Tonqal-tonqal qalasın, yamyaşıl
ağacından
aparın alaçığına,
yumun, çadırının
yuxarıya baxan tikişlərini...
Gözünə kölgə düşməsin.
xumarlansın ağ saçında;
üşüyür göy üzü.

İndi isə göy üzündən Yer üzünə enək. Bədii təxəyyülün gücü ilə göyüzündə "baş verən prosesləri" uzaqdan-uzağa seyr edən Tural Turan görən doğma evini tərk edib özünü ayrılığın pəncəsinə atmış bir qadı haqqında yaxından-yaxına nə düşüynür? Bu qadının qayıtmasını arzulayan lirik qəhrəman-şair "qayıt" mövzusunda yazılan yüzlərlə şeirdən fərqli nəsə deyə biləcəkmi? Zənnimcə, deyə bilir.

...Qayıt, əlindən tut
ayaqları keyimiş məhəccərlərin,
qayıt, qadınsız yaşaya bilmir
bu evin döşəməsi.
Sən gedəli tavanlar iməkləyir
Döşəmənin üstündə.
Qayıt, beşiyində boğ,
böyüməsin üç yaşlı çarpayı tənhalığı.
...Sən gedəli bue vin divarları da
daş-daş göz yaşları tökür, qayıt...

(ardı gələn sayımızda)

TƏQVİM / ARXİV