adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
14 Dekabr 2018 00:29
12311
GÜNDƏM
A- A+

YADA DÜŞƏN XATİRƏLƏR

Olub keçənləri düşünərkən, xatirələr yada düşür. İnsan özü də hiss etmədən həmin xatirələr dünyasına üz tutur. Mən də sizinlə qardaşım Tofiq Bayramla bağlı xatirələrimi bölüşmək istəyirəm. Mən Azərbaycan Neft və Kimya İnstitunun (indiki Az.Dövlət Neft Akademiyası) geoloji kəşfiyyat fakultəsinin tələbəsiydim. 1965-ci ilin yayında bizi tələbə təcrübəsi keçmək üçün institutdan Gəncənin Göygöl rayonunun Çaykənd kəndində yerləşən 101 nömrəli "piket" deyilən piritkolçadanı filiz mədəninə göndərmişdilər.
Tələbə yoldaşlarımla birlikdə burada təcrübə keçməyə başladıq (çox əfsuslar olsun ki, həmin torpaqlar indi erməni qəsbkarlarının əlindədir). Bir neçə gün keçdikdən sonra tələbə yoldaşlarımdan biri "Qonaqların gəlib"-deyərək məni çağırdı. Mən çox təəcübləndim, fikirləşdim "kim ola bilər?" Çunki, biz olduğumuz yerdə telefon yox idi. Televizor da çox az adamda var idi. Bir də baxıb gördüm ki, qardaşım Tofiq Bayram və görkəmli sənətkarımız Polad Bülbüloğlu gəlib. Onların bu gəlişinə çox sevindim və təəcübləndim. O vaxt rəhmətlik atam Tofiqə "Moskviç" maşını almışdı. Amma o maşını sürə bilmirdi. Polad isə 19 yaşının olmasına baxmayaraq, maşın sürməkdə pərgar idi. O, Tofiqə maşını sürməyi öyrədə-öyrədə Göygölün Çaykəndinə gəlib çıxmışdılar. Tofiq Polada orada bacısının təcrübə keçməsini və onu gedib görmələrini demişdi. Onu da qeyd edim ki, Polad atası məşhur xanəndəmiz Bülbülün vəfatından sonra bizim Əmircandakı evimizə tez-tez gəlib-gedirdi. Tofiqlə möhkəm dost idi. Çaykənddə mənim tələbə yoldaşlarım, müəllimlər və kənd camaatı Tofiq Bayramla Polad Bülbüloğlunu böyük məhəbbətlə qarşıladılar. Maraqlı bir görüş alınmışdı. Onlara çoxlu sual verərək, Tofiqdən şeir söyləməsini, Poladdan isə mahnı oxumasını xahiş edirdilər. Polad gülərək "Yaxşı, Tofiq Bayram şairdir, onun üçün şeir demək asandır, mənim ücün musiqi aləti olmadan oxumaq isə çətindir". Ancaq buna baxmayaraq, müşayətsiz o vaxtı çox məşhur olan ilk mahnısını və bir çox mahnıları oxudu.
Hər iki görkəmli sənətkarı görmək hər kəsə çox gözəl təsir bağışladı. Dinləyənlər onları alqışlarla qarşılayıb, yola saldılar. O vaxtdan 53 il keçməsinə baxmayaraq, bu görüş yadımda qalan ən xoş xatirələrdən biridir.
Tamilə Əbdülrəhimova,
Tofiq Bayramın bacısı