adalet.az header logo
  • Bakı 7°C
13 Dekabr 2018 17:22
7599
GÜNDƏM
A- A+

Məhkəmə piyadanın ölümündə təqsirləndirilən sürücüyə bəraəti qüvvədə saxladı

Bakı Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol qəzasında təqsirləndirilən Emin Həsənovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Vəkil Əli Hüseynov Trend-ə bildirib ki, prosesdə şikayət araşdırılsa da təmin edilməyib.

Məhkəmə Sabunçu Rayon Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğunun birgə yaydığı məlumata əsasən, bu il fevralın 4-də saat 08 radələrində paytaxtın Sabunçu rayonu ərazisində naməlum avtomobilin sürücüsünün yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçən naməlum qadın piyadanı vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən orada ölməsi faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "Mercedes Benz E 200” markalı, 99-DH-407 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Həsənov Emin Hüseyn oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib.

Sabunçu Rayon Məhkəməsində hakim Süleyman Ağayevin sədrliyi ilə keçirilən prosesdə E.Həsənovun günahı sübuta yetirilmədiyi üçün ona bəraət verilib.

Qarşı tərəf isə hökmdən apellyasiya şikayəti vermişdi.