adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
14 Dekabr 2018 10:30
9960
GÜNDƏM
A- A+

VALLAH, MƏN ÖLMƏMİŞƏM

Mətbuatda oxudum ki, Naxçıvan Muxtar Respublikası baş nazirinin sabiq birinci müavini Asəf Məmmədov dekabrın 7-də evində özünü asaraq intihar edib. Yaxından-uzaqdan tanımasam da, üzüldüm. İndi də məlum olur ki, belə bir hadisə baş verməyib, «intihar» edən şəxs «Azinform»a açıqlama verib ki, bu xəbər doğru deyil.

Mənfur Sovet hökuməti vaxtı rəsmi ölüm kağızını redaksiyaya təqdim eləməsəydin qəzet başsağlığını çap etmirdi. Çünki bu böyük bir məsuliyyət idi. Hətta belə bir qanun da vardı, bir qəzet bir adamın ölümü ilə bağlı dörd və ya beşdən artıq başsağlığı qəbul etmirdi. Bunun da səbəbi o idi ki, vəzifəlinin, imkanlının yasına çox adam getdiyi kimi, qəzetdə başsağlığı verməyə də növbəyə dura bilərdilər, bərabərlik aradan qalxardı. Nə isə…

Amma bizim mətbuatda tez-tez belə hallara rast gəlirik. Filankəs öldü, bəhmənkəs öldü və sonra da məlum olur ki, yalan məlumatıymış.

Bu insanların ailəsi var, əzizləri var, sevənləri var, el-obası var. Hələ şəxsin özünü qoyuram bir kənara, belə yanlış xəbərlər təbii ki, onları sarsıdır.

İndi A. Məmmədov öz açıqlamasında deyib: «Əsası olmayan belə ağır xəbər bizə və doğmalarımıza çox pis təsir edib. Yəqin ki, hüquqi vasitələrdən istifadə edib mənəvi zərərin kompensasiyasını tələb edəcəm».

Çox haqlı olar belə bir addım atsa. Və yalan məlumatlar yazanlara da bir görk olar.

Yeri gəlmişkən, şou əhlindən bir nəfəri öldürdülər-diriltdilər, öldürdülər-diriltdilər, yazıq axırda məcbur olub öldü.