adalet.az header logo
  • Bakı 7°C
13 Dekabr 2018 13:21
70993
MÜSAHİBƏ
A- A+

“Burda peşəkarlıq o qədər yüksək səviyyədədir ki, sən ona çatmaq zorundasan”

Dünyanın ən məşhur telekanallarından birində çalışan azərbaycanlı jurnalist... Bəlkə də bu təqdimatdan sonra xüsusi sözə ehtiyac qalmır. Çünki o telekanal – "əl Cəzirə” biz azərbaycanlı jurnalistlər üçün bir peşəkarlıq etalonu, dünya media məkanındakı yüksək mərtəbə sayılır. Orda yer almaq, o böyük xəbər "qazanının” içində qaynamaq, tələblər, standartlar, oraya qədər gedən yol... Suallar o qədər çoxdur ki...

İllərdir xarici ölkələrdə təhsil alıb, karyera mərhələsində addımlayan Aysəba Umudlu "Yeni Müsavat”a müsahibəsində bu mötəbər kanaldakı işindən, gələcək planlarından və bizi maraqlandıran bir çox məqamlardan danışdı.

-Aysəba xanım, redaksiyamıza xoş gəlmisiniz. Təbii ki, öncə "əl Cəzirə” kanalı ilə yollarınızın necə kəsişməsi barədə danışardıq. Necə oldu ki, bu kanala gəldiniz, çalışmağa başladınız?

-Mən beynəlxalq media orqanında çalışmağı hər zaman arzu edirdim. Düzdür, müəyyən baryerlər olurdu. Bəzən insan öz arzusuna çatmaq üçün xeyli addımlar atır, amma alınmır. Məndə də elə olurdu və bəzən həvəsdən düşürdüm. "Əl Cəzirə” kanalı ilə bağlı durum isə belə olmadı. Mən orda təcrübə keçmək üçün CV-mi göndərdim. Onlar mənə kanalda təcrübə keçməyə imkan verdilər. Əslində təcrübə müddətində vaxt sərbəstliyi var. Sən kanalda 3 saat da qala bilərsən, 5 saat da. Onlar sənə heç nə deməyəcəklər. Normal işçilər 8 saat çalışırsa, mən 12 saat işdə olurdum. Əlimdən gələni edirdim ki, sonunda işləmək imkanı qazanım. Sonda onlar məni dəyərləndirdilər və işə götürdülər.

-Təcrübə müddətiniz nə qədər çəkdi?

-3 ay çəkdi. Əslində ilk ora getdiyimdə oranı kəşf etmək istədim, şöbələrində oldum. Siyasi proqramdan başladım, ordan xəbərlərə getdim, sonra da onlayn şöbəsində təcrübəmi davam etdirdim. Gördüm ki, yox, bəzən insanın istədikləri ilə bacardıqları fərqli olur. Məsələn, mənim ən çox istədiyim işə özümü hazır hesab etmədim. Amma onlayn şöbəsində bacarıqlarımı nümayiş edə bilərəm. Üstəlik, işi uyğun gördüyüm üçün düşündüm ki, özümü orda tapacam, imkanım olacaq işləmək üçün. Orda qaldım və maksimum çalışdım ki, o işə qəbul olunum. Sonda çox şükür ki, onlar məni işə qəbul etdilər.

-Ümumilikdə neçə aydır bu kanaldasız?

-Artıq 1 il 1 aydan artıqdır ki, bu kanaldayam.

-Amma kanala qəbul hekayəniz çox rahatmış kimi görünür. CV-nizi təqdim etdiniz, sizi qəbul etdilər, təcrübə keçdiniz və daha sonra işə qəbul edildiniz. Doğrudanmı "əl Cəzirə” kanalında əcnəbi jurnalistlər üçün işə qəbul bu qədər asandır?
-Əslində "əl Cəzirə”nin qapısı hər kəsə açıqdır. Amma bu mərhələləri mən sizə, bütün çətin detalların üstündən keçərək, qısa anlatdım. Mənim bu kanaldakı iş həyatım 1 il 1 aydır, amma yazışmalar, görüşmələri də saysaq, 3 ilə yaxın bir müddətdən söhbət gedir. Onlar ilk dəfədən "buyurun, gəlin” deyə bir cavab vermədilər. Onlarla kontakt yaratmaq, özümü ifadə etmək də asan olmadı. Amma sonucda çətinliklərdən, yazışmalardan sonra mənə şans verdilər.

-Televiziyada çalışmasaq da, Azərbaycandakı telekanallardakı iş rejimi, tələblərlə bağlı həmkarlar vasitəsilə az-çox məlumatlıyıq. Bəs "əl Cəzirə”də iş sistemi, tələblər, standartlar necədir? Günlük rejiminiz necədir? Nələri, necə hazırlayırsız? Bir sözlə, bizə bu kanaldakı iş həyatınızdan danışın, lütfən.

-Mən "əl Cəzirə”nin ingiliscə xidmətində çalışıram. Bu, beynəlxalq xidmət sayılır. Yəni, burda beynəlxalq dil ingilis dilidir. Mən də İngiltərədə təhsil almışam. Bundan başqa, hər zaman xarici tələbələr və jurnalistlərlə çalışdığım üçün artıq mənim ingiliscə dil biliklərim var idi. Orda da ilk olaraq tələb olunan sənin ingilis dilində bilgilərin, yazı qabiliyyətin, işə olan sevgin, işə göstərdiyin diqqətdir. Ən çox xoşuma gələn məqam isə onların əməyə diqqət verməsidir. Mən digər təcrübə keçənlərdən fərqli olaraq, əlimdən gələn hər şeyi edirdim. Burda peşəkarlıq o qədər yüksək səviyyədədir ki, sən o səviyyəyə çatmaq zorundasan. Əvvəl mən bilmirdim ki, orda işləyə biləcəm. Belə planlaşdırmışdım ki, orda maksimum təcrübə qazanıb, bunu ölkəmdə tətbiq edim. Öyrənə-öyrənə, zamanla anladım ki, məni işə də götürə bilərlər. Onda daha çox çalışdım. Bir stimul yarandı. Amma hər bir halda bilirdim ki, orda standartlar tamam fərqlidir, peşəkarlıq daha yüksək səviyyədədir. Mən bunu Azərbaycanda yaxşı şəkildə tətbiq edə bilərəm. Hələ ki, alındı. Deyə bilmərəm ki, hər şeyi öyrənmişəm. Gün-gündən işim daha da maraqlı olur mənə. Hər gün işə daha çox maraqla gedirəm. Səhər saat 8-dən günorta 4-ə qədər iş saatıdır. Amma mən heç vaxt saat 4-də işdən çıxmamışam. Saat 6 mənim ən tez işdən çıxdığım saatdır. Mənim növbəm o saatlardadır.

-Bəs işlədiyiniz sahədə hansı məqamlarda daha çox çətinliklə üzləşir, büdrəyir və öz üzərinizdə daha çox işləmək zərurəti hiss edirsiz?

-Mən sizə açıq deyim ki, hazırda onlayn şöbəsində çalışıram və orada videolar hazırlayıram. Bu videolar bizim sosial şəbəkələrdəki hesabımızda və Youtube-də yayınlanır. Müxtəlif mövzularda olur. Mənim mövzu seçimlərim hər zaman bəyənilir. Amma özümü inkişaf etdirmək istədiyim sahə məqalə yazmaqdır. Bu vaxta qədər bir neçə dəfə yazmışam, amma daha çox yazmaq istəyirəm. Videonu hazırlayarkən, onu hərtərəfli təhvil verməlisən. Yəni, video hazırlayırsansa, onun musiqisini də, mətnini də, montajını da sən edirsən. Birincisi, mövzunu təklif edirsən. Bəyənirlərsə, qəbul edirlər. Sonra isə yazdığın yazıdan videonun hər bir detalına qədər yayılır. Video hazırlamaq o demək deyil ki, sən yazı yazmırsan. Yazırsan, amma daha lakonik. Çox vaxt deyilir ki, videoya mətn yazmaq daha çətindir. Çünki qısa zamanda daha çox məlumat verməli, daha çox məlumatı çatdırmalısan. Mənim istədiyim daha çox araşdırma janrında yazılar yazmaqdır.

-Biz, azərbaycanlı jurnalistlər olaraq qonşu ölkələrin media orqanlarında Azərbaycanla bağlı xəbərlərə nadir hallarda rast gəlirik. Ancaq böyük siyasi hadisələr baş verəndə, nadir hallarda xəbər lentində Azərbaycan adını oxumaq mümkün olur. Bu, nə ilə bağlıdır?

-Azərbaycanla bağlı xəbərlərin az yer alması fikri ilə razıyam, amma zamanla daha çox yer alır. Azərbaycanla bağlı hansısa olay maraqlıdırsa, onu təklif edəndə qəbul olunur. Təbliğat xarakterli yazılara üstünlük verilmir. Daha çox araşdırma xarakterli yazılara, mədəniyyətlə bağlı xəbərlərə tələbat var. Tutaq ki, sən daim təbliğat xarakterli yazılar yazmaq istəsən, qəbul edilmir, buna icazə verilmir. Deyə bilərsiz ki, başqa ölkələrlə bağlı xəbərlərin daha çox olması nə ilə bağlıdır? Bu, ordakı bəzi işçilərin bu mövzuları diplomatik nöqteyi-nəzərdən önə çəkməsi ilə bağlıdır. Mən işlədiyim dövrdə iki dəfə Azərbaycanla bağlı məqalə hazırlamışdım. Zamanla bu məqalələrin sayını artırmaq istəyirəm. İngilis həmkarım Azərbaycana səfər etmişdi. O da Qarabağ, muğamla bağlı xəbər, reportaj hazırlamışdı. Mənim özümün Nobel qardaşları ilə bağlı materialım olmuşdu. Amma sırf azərbaycanlı olduğum üçün daim Azərbaycanla bağlı təbliğat xarakterli materiallar verməyim də düzgün qarşılanmaz və qəbul olunmaz.

-Türkiyədəki həmkarlarımızdan Azərbaycana dair xəbərlərin qardaş ölkənin mediasında yer almamasının səbəbini soruşanda onlar bunu mediada erməni əsilli, erməni simpatizanı olan şəxslərin rəhbərlikdə təmsil olunmaları ilə əlaqələndirirlər. Yəni, Azərbaycan xəbərlərinin məqsədli şəkildə arxa plana atılması ilə bağlı bir qənaət var. "Əl Cəzirə” kanalında da belədirmi?

-Mən bu qurumun içərisində olmasaydım, bəlkə də daxildə belə bir siyasət aparıldığını deyərdim. Qətiyyən "əl Cəzirə”nin elə bir siyasəti yoxdur. Onlar bütün ölkələrlə siyasətlərini bərabər məsafədə həyata keçirirlər. Sadəcə, "əl Cəzirə” kanalı beynəlxalq media qurumudur və düzgün informasiya çatdırmağa çalışır. Təbii ki, hər bir qurumda olduğu kimi, orda da bəzi insanlar öz maraqlarını ifadə etməyə çalışırlar. Bəzən bunun qarşısını almaq çox çətindir. Elə olub ki, məsələn, hansısa məqalə çıxanda mən onun kökünü araşdırmağa çalışmışam. Bəzən bu məqalənin məqsədli olmadığı üzə çıxır, bəzənsə onun arxasında erməni olduğu aydınlaşır. Onlar hər yerdə o qədər aktivdilər ki. Ona görə də o təbliğatı uğurla edə bilirlər. "Əl Cəzirə”də nə zamansa belə bir mövqeli xəbər yer alsa, bunun kanalla hər hansı əlaqəsi olmadığı məlum olacaq. "Əl Cəzirə” maksimum çalışır ki, təbliğat xarakterli heç nə olmasın. Sadəcə obyektiv informasiya tələb edilir.

-Siz Azərbaycanda da telekanallarda çalışmısız və bu baxımdan paralel aparmaq imkanınız var. Milli kanallarımız və "əl Cəzirə”... Texniki imkanlar, işçi potensialı və digər məqamlar... Nələr fərqlidir, bənzərliklər hansı detallardadır?

-Mən "Space” və "Xəzər” kanallarında çalışmışam. Təbii ki, bizim kanalların özünəməxsusluğu var. Onların da yaxşı cəhətləri var. Mən deyərdim ki, "əl Cəzirə”dəki professionallıq tamam fərqlidir. Texnika, insan resursları fərqlidir. Bəlkə də yanaşmaları da fərqlidir deyə bilərik. "Əl Cəzirə” CNN, BBC ilə müqayisə olunan kanaldır və oradakı standartlarla eynidir. Təbii ki, burdakı telekanallardan da xeyli şey öyrənmişəm və öyrəndiklərim "əl Cəzirə”də mənim əlimdən tutdu. Amma jurnalistikada bişməyimdə "əl Cəzirə”də öyrəndiklərim daha çox kömək oldu.

-Ərəb ölkəsi deyəndə qadın hüquqlarının minimal olduğu, mühafizəkar cəmiyyət göz önünə gəlir. Siz, orda təkbaşına yaşayan bir azərbaycanlı xanım olaraq hansı məqamda ərəb ölkəsinin çətinlikləri ilə qarşılaşır və onların öhdəsindən necə gəlirsiz?

-Qətər konservativ məkan deyil. Kənardan təsəvvür başqa cür ola bilər. Dini dəyərlər var orda, amma yerli əhali tamamən dini dəyərlər üzərində yaşamırlar. Biz eyni dindən gəldiyimiz üçün oxşar cəhətlər var. Amma işdə geyim normaları var ki, ona əməl edirsən. Ölkənin özü isə təhlükəsizdir.

-Geyim normalarının şərtləri nədir, nələr tələb olunur?

-Sadəcə müəyyən limitlər var. Qolsuz və ya qısa geyinmək olmaz. Amma ona da xüsusi təpki göstərilmir. Sadəcə öncədən sənə xəbərdarlıq edirlər ki, necə geyinmək lazımdır. Deyərdim ki, Qətər o qədər təhlükəsiz ölkədir ki, mühakimə edənlər və sənə problem yaradanlar yoxdur. Siz dediniz ki, qadın hüquqlarının minimal olduğu ölkə... Mən bununla razılaşmazdım. Hüquqlar normaldır. Mən orda hüquq pozuntusu görməmişəm. Əksinə, o qədər təhlükəsizdir ki... Şəhərdə bir nəfər də olsa polis görmürsən. Amma bir problem olsa, qaynar xəttə zəng edəndən 2 dəqiqə sonra bütün polislər kömək etmək üçün sənin ətrafına yığışır. Mən bu sahədə heç bir çətinlik görməmişəm.

-Mən xaricdə özünə karyera quran, təhsil alan həmvətənlərimizin Azərbaycana dönmə perspektivi barədə hər zaman soruşuram. Sizə də eyni sualı verim: öyrəndiklərinizi, təcrübənizi Azərbaycanda tətbiq etmək üçün bura qayıdacaqsızmı?

-Məni kanalın mühafizə xidmətinin əməkdaşları adımla yox, "Azərbaycan” deyə çağırırlar. Mənə o qədər xoş olur ki. Harda olmağımdan asılı olmayaraq, Azərbaycanı təmsil etmək mənə qürur verir. Əlimdən gələn qədər Azərbaycanı təmsil etmək, orda yaşayan azərbaycanlıları bir araya yığmaq istəyirəm.

-Orda çoxmu azərbaycanlı var?

-300 nəfərə yaxın azərbaycanlı var. Səfirimiz Rəşad İsmayılov çox aktiv fəaliyyət göstərir. Mən özüm azərbaycanlı olaraq, nəinki Qətərdə, həmçinin İngiltərədə oxuduğum universitetin Qətərdə səfiriyəm. Hərtərəfli ölkəmi təmsil etməyə çalışıram. Sualınıza gəldikdə isə, hələ ölkəmizi "əl Cəzirə”də yaxşı təmsil edirəmsə, burda məqsədlərim var. Məqsədlərimə çatım, Azərbaycan hər zaman mənim ürəyimdədir. Amma bu gündən sabahı planlamaq olmur. Bəlkə sabah daha fərqli imkanlar yaranacaq və sabah başqa yerdə olacam. Və ya Qətərdə olmağım Azərbaycanda olmağımdan daha çox xeyir verəcək vətənə, ölkəmizə. Ona görə də bunu zaman göstərəcək deyirəm.


Sevinc TELMANQIZI, "Yeni Müsavat”