adalet.az header logo
  • Bakı 7°C
13 Dekabr 2018 11:54
5771
GÜNDƏM
A- A+

Özəl tibb müəssisələri vergidən yayınır

Vergilər Nazirliyi cari ilin may-iyun aylarında pullu səhiyyə xidmətləri göstərən bir sıra iri müəssisələrin rəhbərlərini vergi orqanlarına dəvət edərək görüşlər keçirib, qanunvericiliyin tələblərini, həmçinin fəaliyyətin şəffaflaşdırılması tələbləri ətraflı şəkildə izah edilib. Lakin keçirilmiş görüşlərə baxmayaraq, aparılan təhlillər əsasında ötən dövr ərzində bu müəssisələrin əksəriyyətində dövriyyələrin artması müşahidə olunmayıb.

Adalet.az xəbər verir ki, bunu Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru Xəqani İsgəndərov deyib. Onun sözlərinə görə, mövcud rəqəmsal texnologiyalardan istifadə edilməklə bəyannamələrin və əlaqəli məlumatların geniş təhlili nəticəsində həmin müəssisələrdə yüksək vergidən yayınma risklərinin olduğu müəyyən edilib. Göstərilənləri nəzərə alaraq, Vergilər Nazirliyi noyabr ayında özəl tibb müəssisələrində vergi nəzarəti tədbirləri həyata keçirib.

"Aparılan tədbirlər zamanı vergidən yayınma halları, lisenziyalaşdırma məsələləri ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməsi məsələləri araşdırılıb, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması, əmək müqavilələrinin bağlanması vəziyyəti yoxlanılıb. Eyni zamanda, müəssisələrin real dövriyyələrinin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələr aparılıb. Vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş qara mühasibatlıq sənədləri və elektron fayllar əsasında yayındırılan dövriyyə məbləğləri və ödənilmiş real əməkhaqqı məbləğləri müəyyənləşdirilib.

İlkin araşdırmalar zamanı özəl tibb müəssisələrinin 77%-də əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması, 51%-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işə cəlb edilməsi, 61%-də pul vəsaitinin uçota alınmaması hallarına rast gəlinib".