Əbülfət Mədətoğludan yeni şeir: PIÇILTI...
Kirpiklərimdən damır -
çətirini götür , sən...
bu halda da gedərəm -
məni hara götürsən...
Düşdüyüm boran - qarla
ürəyim susuz tarla...
günəşim kimi parla -
buludumu ötür , sən!..
Həsrəti talayaram
ruhumu qalayaram...
duz kimi yalayaram -
səni , mənə gətirsən...
Nuh dövründən qalığam
az qalıbdı lalıxam!...
ovcundakı balığam -
əzab vermə , öldür sən...