POETİK FİKİR VARSA...

VAQİF YUSİFLİ
23182 | 2018-12-12 19:37
("CƏNC ŞAİRLƏR, SÖZÜM SİZƏDİR" - VII MƏQALƏ)

VAQİF YUSİFLİ

"Ulduz"un 2017 və 2018-ci il saylarını vərəqləyirəm. Gənc şairlərin yazılarını izləyirəm. Məqsədim yeni bir ulduz kəşf etmək deyil. "Ulduz"da ulduz axtarmaq yox, poetik fikir, bu fikrin poetik ifadəsi axtarışındayam. Və bu axtarışların sonu heç də məni pessimizmə sürükləmir. Gənc şairlərin şeirlərində bir oxucu və tənqidçt kimi məni razı salmayan məqamlar az deyil, bu da təbiidir. Axtarış həmişə uğurlu olmur. Lakin oxuduğum şeirlər içərisində poeziya havası ilə seçilən, "bax, bu əsil şeirdir" söyləməyə imkan verən nümünələrə sevinməmək mümkünmü?
Bəs əsil şeir nə deməkdir? V.Q.Belinski yazırdı ki: "Hər bir poetik əsər şairin bütün varlığına hakim kəsilən qüdrətli fikrin məhsuludur". Fikir varsa, təbii ki, bu fikrin poetik ifadəsi də olmalıdır. "Ulduz"un iki illik saylarında bu həqiqəti dərk edib şeirə yalnız məşğuliyyət kimi deyil, bir sənət hadisəsi kimi yanaşan və indidən böyük poeziyanın sıralarına qatılmaq istəyən cavanlar az deyil. Onların şeirlərinə indidən qayğı və həm də tələbkarlıqla yanaşmaq lazımdır ki, gedəcəkləri yolda büdrəməsinlər. "Ulduz" yalnız qayğı göstərir, onların şeirlərinə bəzən hədsiz səxavətlə yer də verir. Hətta bəzən güzəştə də gedir. "Ulduz"da o biri dərgilərdə olduğu kimi, həmişə yaxşı şeirlər gözləyə bilmərik. Ancaq o da var ki, bir sıra istedadlı cavan şairlər məhz "Ulduz"un səhifələrindən oxucuların rəğbətini qazanmışlar. Bu gün Ramil Əhmədin, Emin Pirinin, Faiq Hüseynbəylinin, Allahşükür Ağanın, İltimas Səmiminin, Tural Turanın, Oğuz Ayvazın, Sevinc Qəribin, Şəfa Vəlinin, Ruzbeh Məmmədin, Ruslan Dost Əlinin, Günay Səma Şirvanın, Səxavət Sahilin, Emin Akifin, Seymur Sunun, İntiqam Yaşarın, Gülsadə İbrahimlinin, Günay Ümidin şeirlərinin az-çox oxucu auditoriyasına yol tapması "Ulduz"un saylarından başlayıb. Mən Ramil Əhmədin, Emin Pirinin, Faiq Hüseynbəylinin, İltimas Səmiminin, Allahşükür Ağanın, Ruzğeh Məmmədin, Ruslan Dost Əlinin, İntiqam Yaşarın, Sevinc Qəribin şeirləri barədə mətbuatda öz sözümü demişəm. Gənclərin yaradıcılığına "qəddar tənqidçi" kimi deyil, onların gələcəyinə ümidlə boylanan bir müəllif kimi yanaşmışam.Tənqidçi üçün valeh olmaq, hətta çox sevdiyi bir şairin şeirlərini əliyyül-əla bilib ona tərif yağdırmaq ən azı obyektivlik meyarını itirməkdir. Amma mən bir tənqidçi və oxucu kimi cavanların şeirlərində nə isə özümə tanış olan bir şey tapıramsa, elə bir şey ki, bu həm də mənim özümündür və mən o zaman həmin şairi anlayıram. Və yenə Belinskiyə müraciət edirəm: "Şairin əsərlərini duyub yaşamaq-həmin əsərlərin bütün zənginliyini, məzmununun bütün dərinliyini öz daxili aləminə keçirmək, öz qəlbində duymaq deməkdir, onun xəstəliklərinə tutulmaq, oradakı təsvir olunan əzabları keçirmək, oradakı sevincə, təntənəyə qoşulmaq, ifadə olunan arzulardan həzz almaq deməkdir. Gərək müəyyən bir müddət şairin təsiri altına düşəsən, onun gözləri ilə həyata baxasan, onun qulağı ilə eşidəsən, onun dili ilə danışasan, belə olmasa-şairi anlaya bilməzsən".
Mən iyirmi dörd yahlı Ramil Əhmədin şeirlərini oxuyur və bu şeirlərdə onun keçirdiyi hisslər, duyğular mənim də hisslərimə duyğularıma hakim kəsilir.Ramilin şeirlərində fikir zənginliyi var.

Yolmayın
çobanyastığının günahsız ləçəklərini,
Yolmayın eyni suallarla onu:
Sevir, sevmir...
Gavabını bildiyiniz sualları
başqasından soruşmayın.
Çiçəklər uşaqlar kimidir,
yalan danışa bilməzlər...
Yalnız kiçik bir şeirdən misal gətirdim. Bu şeirdə fikir aydındır. Ramilin "Çiçəklər uşaqlar kimidir, yalan danışa bilməzlər" misralarında ifadə olunan fikir isə poetikdir. Onun "Uşaqlar" şeirində isə ifadə etdiyi fikrin məna çalarları bütövlüyü, dolğunluğu ilə diqqəti cəlb edir. Hər cür nəsihətdən, "pedoqoji" fikirdən uzaq olan bu şeirdə uşaqlarsız ailənin və ümumən həyatın doğrudan da mənasız olduğu necə də inandırıcıdır.

Uşaqlar,
siz olmayan evlərdə
televizorda heç vaxt
cizgi filmi göstərmirlər.
O evlərin nağılında
kişi qadından utanır,
qadın da kişidən.
O evlərin nağılında
bir-birini sevmirlər;
bir-birlərinə öyrəşirlər.
O evlərin nağılında
nə işıq gələn tərəf var,
nə də it hürən.
Uşaqlar
siz olmasanız,
kişilər ata olmaz,
qadınlar ana.

Ramilin şeirlərində hüznlü, ürək ağrıdan motivlər də çoxdu, hətta elə şeirləri var ki, sırf elegiya ruhundadır. Müharibədən sonra "Hərdən yuxuma girirdi Qədim kişinin iitkin əlləri, tutub boğurdu məni. Böyük uşaqlar ölümün nə demək olduğunu bildiyindən başa düşürdülər atalarının öldüyünü. Taxtadan tapança düzəldirdilər atalarının qisasını almağa". "Balaca qızcığaz gizlənpaç oynayırdı ki, gözlərini açanda atasını tapsın"-"Müharibədən sonra" şeirində qəmli bir ab-hava var və Ramil sadəcə, müharibənin doğurduğu fəlakəti, analara və uşaqlara çəkdirdiyi üzüntüləri qələmə alır.

Sürəyya deyirdi:
"Boyu uzun buray qızım,
saçı uzun suray qızım,
üç gecə yatandan sonra atan gələcək".
O üç gün gəlib çıxmadı-
qızcığaz saymağı bacarmırdı...

Hər hansı müharibə-istər lokal müharibə olsun, istərsə də uzun sürən və daim dəhşətlər törədən müharibə- həmişə şeirdə, bədii sözdə öz izini buraxır.Və müharibə haqqında ən dolğun, ən canlı təəssüratları o müharibəni görən, döyüş səngərlərindən keçən, yaralanan ya da qəhrəmanlıq göstərən insanlar ifadə edə bilər. Ancaq bu fikri də birmənalı şəkildə qəbul etmək olmaz. Müharibə və onun doğurduğu faciələrdən hamı yaza bilər, çünki müharibə təkcə döyüş səngərlərində deyil, həm də bu səncərlərdən uzaq evlərdə, otaqlarda, insanların həyatında davam edir. Hətta müharibə bitdikdən sonra da bu mövzu bitmir, çünki müharibənin törətdiyi ağrı-acılar hələ yaşayır. Ramil Əhmədtn müharibə ilə bağlı poetik düşüncələri də bu mənada anlaşılır-1994-cü ilin 1 yanvarında doğulan və Qarabağ müharibəsini görməyən bu gənc şair isə təbii ki, müharibənin doğurduğu ağrılardan yaza bilər. Burada təkcə bədii təxəyyül deyil, həm də fikirdə, zehində yaşanan müharibə obrazıdır- iyirmi dörd yaşlı bir gənc müharibə təhlükəsi sovuşmayan bir ölkədə yaşayır, hər gün torpaqlarımızın tezliklə azad ediləcəyi barədə düşünür, qaçqınlıq, köçkünlük həyatı keçirən həmyaşıdları ilə rastlaşır. Ona görə də, müharibə onun şeirlərində bitməyən bir ağrı kimi yaşanır.
Eyni fikri Emin Pirinin şeirləri barədə də söyləmək olar. "Şəhid oğlunun dedikləri" şeirinə diqqət yetirək:

Darıxır
anamın cehizlik ütüsü
atamın biçənək ətirli
pal-paltarıyçün...
Ütüyə gəlmir ancaq
heç birisi!...

Atamdan qalanlar
sandıq vətəndaşı,
illərdir qırışmır.
Anamın əlləri qırışıb ancaq,
Ütümüz də qocalıb.

Atamın pal-paltarı
cəzasını çəkir
sandıq küncündə
dərsə hazırlıqsız bir şagird kimi.
...Anamı heç belə görməmişdim-
atamı gətirəndə
sıxmışdı əllərini...
Camaat görməsəydi,
Yumruqlardı atamı:
"Bu iki yetimə bəs kim baxacaq?!"

Bir şəhid oğlunun təbii yaşantılarını əks etdirir bu şeir. Əlbəttə, Ramil Əhmədin, Emin Pirinin müharibənin doğurduğu ağrı-acılıqlar barədə şeir yazmaları yeni nəslin bədii düşüncəsindəki reallıqdan doğur. Amma yaxşı olar ki, müharibənin təkcə doğurduğu ağrı-acılardan deyil, həm də qələbəyə inam hissləri də öz əksini tapsın. Təkcə keçmiş döyüşçülərin (şəhidin) atasız qalmış uşaqlarının, ümidini itirmiş qadınının acı taleyindən deyil, həm də bugünkü əsgərin nə düşündüyündən də yazmaq lazımdır.
"Ulduz"un 2018-ci il 10-cu sayında gənc şair Seymur Sunun "Ceçim" şeirindən bu misraları seçdim:

Şeir nədir? Yaz-qızıl, amma susarsan-gümüş,
İnsan nədir? Odur ki, ətrafını bürümüş...
İnsan nədir? Ruh imiş, dəri, bir də sümükmüş,
Şeir nədir? Bildiyim hisslərdən də böyükmüş...

Bu bircə bənddə bizi yalnız dördüncü misra maraqlandırır. "Şeir nədir?" sualına ən qısa, amma dürüst cavablardan biri.. Şeir insan hisslərinin ucalığıdır, zirvəsidir,-deyək. Adi sözlərlə hissləri ifadə etmək olar, ancaq ŞEİR yaranmaz, ŞEİRin yaranması üçün "hisslərin odu, məna ənginliyi, söz kislorodu"(Əli Kərim) gərəkdir. Burada Əli Kərimin bir şeirini misal gətirmək istəyirəm:

Baxdım,
bulağa baxdım
O, yox idi elə bil,
Görünmürdü havatək.
(Bəlkə, elə su deyil?)
O duruydu,
o safdı,
Ən ülvi bir arzutək.
Özü görünmürdü ki,
Dibindəki,
rəngərəng
əfsanəni tez görək.
Əsl şeir də məhz o "rəngarəng əfsanəni" görməkdən başlayır. Şeir haqqında doğru bildiyim həmin misranın müəllifi-Seymur Sunun "Ulduz"da (2018, 10-cu say) dərc olunmuş üç şeirinə, həmçinin Azərbaycan Tərcümə Mərkəzinin nəşr etdiyi "Yeni söz" almanaxındakı altı şeirinə nəzər yetirdim? "bildiyi hisslərdən də böyük" şeir axtardım. "Dəniz, mən və sən...", "Dənizdə görüşmək", "Zaman, ya mən?"- bu üç şeirdə Seymur Su hisslərini mümkün qədər poeziya dili ilə ifadə etməyə çalışır. Müasir şeirin intellektual biçiminə uyğun, sərbəst yazı manerası ilə fikrini poetikləşdirməyə cəhd edir.
"Dənizdə görüşmək"-zənnimizcə, onun sevgililərin şablon görüş səhnəsindən və dəniz tamaşasından tamamilə fərqlidir.

Qağayılar günəşə gedən yolu bilir
nə qədər ağappaq səmaya ləkə olsa da.
Azadlığımıza bir quş səsi qədər
müstəmləkə olsa da...
Onlara çatdır ki,
qatarlar niyə keçmir əvvəlkitək
aramızdan?

Gənc şairlərin şeirlərində "mən və sən" paraleli ən çox diqqəti cəlb edən bir məqamdır. Ən çox sevgi şeirlərində buna təsadüf edirik. Təbii ki, bizim çoxəsrlik şeirimizdə "mən və sən" etirafı, dialoqu çox işlənib. Gözəlin çoxtərkibli təşbih və epitetlərlə tərifindən tutmuş, vəfasızlığına görə suçlanmağına qədər "mən və sən" "davası" bitib-tükənmir. Ancaq burada-bu ənənəvi münasibət fonunda təzə söz demək vacib deyilmi? "Ulduz"da "Debüt" ndən Fərid Müslümün "Məndən ayrı" şeiri ("Ulduz", 2018, iyul) "mən və sən" münasibətini ənənəvi stil üzrə davam etdirir. Yetmiş misradan artıq olan bu şeirdə təzə fikir tapmaq çətindir. Hərçənd ki, bu şeirdə babat misralar var: "Mən alışdım. Günəşdə yox! Sənsizlikdə".Amma şeirdə "sənsizlik" süni melodramatizm səviyyəsinə enir. "Sənsiz olmaq! Olmamaqdır!"-deyir cavan şair və sonda "Sən yoxsansa, mən də yoxam, Sən olmasan, mən olmaram! Mən də yoxam! Mən də yoxam!- deyir. Sanki birnəfəsə yazılan bu "sənsizlik" ərzi-halı yalvarışdan uzağa getmir.Arzu Göytürk adlı cavan bir şairin "debüt"ünü isə uğurlu saymaq olar.

(ardı gələn sayımızda)

TƏQVİM / ARXİV