adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Dekabr 2018 19:17
10654
GÜNDƏM
A- A+

Sələmçinin günahı Allah dərgahında anası ilə zina edənin günahı kimidir

Vaqif Cəliloğlu,
Tex. elmləri üzrə fəlsəfə doktoru

Faiz və Riba

Faiz sözü "çoxalıb axan, dolub daşan" mənasını verir. Bu söz azəri türkcəsində "borc qarşılığında bəlli zaman sonunda alınan müəyyən məbləğ və ya borcun təyin olunmuş vaxtda gətirdiyi qazanc" anlamına uyğundur. Ribanın lüğəti mənası isə "çoxalma, artma, böyümə" anlamını verir. Riba "borcludan borc müddətində alınan əlavə gəlirdir" və bu söz dilimizdəki faiz, sələm termininin tam qarşılığıdır.

Faiz yeyənin mədəsi daxili görünən və içi ilanlarla dolu olan bir evdir

Faiz İslamdan qabaq ərəblər arasında geniş yayılmışdı. Məkkə, Taif və Mədinədə faizlə məşğul olmaqla çalışmadan qazanan sələmçilər-bankirlər çox idi. Onlar müəyyən vaxtın sonunda verdikləri borca görə əlavə gəlir götürürdülər. Borclu təyin olunan vaxtda borcunu ödəmədiyi təqdirdə, faizin miqdarı artardı. Bu adət o qədər populyar idi ki, artıq bankirlər buna "alış-veriş də faiz kimidir" deyirdilər.
Cahiliyyət dövründə içki və faiz kimi kök atmış adətlər bədəvilərin adi həyat tərzi idi. Həmin səbəbdən Rəbbimiz oturuşmuş bu haramları birdən yox, tədricən yasaqlayırdı. Quranda içkinin qadağası 3-cü dəfə gerçəkləşdiyi kimi, faizin haram olması da 4-cü dəfə bildirilib. Faiz barədə nazil olan ilk ayə budur: "(Sərvətlərinizin) xalqın mal-dövləti hesabına artması üçün sələmlə verdiyiniz malın Allah yanında heç bir bərəkəti (artımı) olmaz..." (Rum 39). Bu ayədə faiz qadağan olmasa da, fəqət faiz qazancında bərəkətin olmadığı bildirilib. Müəyyən vaxt keçəndən sonra 2-ci ayə nazil olub: "Və qadağan olunmasına baxmayaraq (yəhudilər) sələm aldılar və xalqın malını haqsız yedilər. Biz onlardan olan kafirlər üçün şiddətli bir əzab hazırlamışıq" (Nisə 161). Bu ayədə faizin müsəlmanlara aid açıq bir hökmü olmasa da, fəqət Rəbbimiz məlum ifadə ilə faizin çox pis iş olduğunu buyurub.
Faizin artığının müsəlmanlara haram olması ilk dəfə bu ayə ilə təsbit olunub: "Ey iman gətirənlər! Ribanı (borc üzərinə qoyduğunuz faizi) qat-qat artırıb yeməyin. Allahdan qorxun ki, bəlkə, nicat tapasanız! (Ali-İmran 130). Göründüyü kimi, bu ayədə qoyulan faizin artığından ("qat-qat") söhbət gedir. Ayə faizin bir mənalı qadağasını ehtiva etmir. Lakin bu, faizə qurşanan bir cəmiyyəti hidayət yoluna aparan İlahi bir metod - tədricən haramdan çəkindirmə, bəlkə də, son xəbərdarlıqdır. İçkinin içilməsini haram etmədən sərxoş halda namaza yaxınlaşmanı qadağan edən ayə kimi (bax: Nisə 43).
Və nəhayət, müəyyən zamandan sonra içki, qumar, faiz kimi mərəzlərə mübtəla olan xəstə bir cəmiyyəti metodik surətdə tərbiyə edən Rəbbimiz faizi birmənalı haram buyurur: "Faiz (sələm) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq cin vurmuş (dəli) kimi qalxarlar. Bunların belə olmaları: "Alış-veriş də faiz kimi bir şeydir!" - dediklərinə görədir. Halbuki, Allah alış-verişi halal, faizi isə haram etmişdir... Allah faizi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilən malın bərəkətini) isə artırar... Doğrudan da, iman gətirmişsinizə, Alllahdan qorxub sələmdən vaz keçin! Belə etməsəniz, Allaha və onun Peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin..." (Bəqara 275-279). Göründüyü kimi, faizlə (sələm, riba) məşğul olmaq Quranda Allah və Onun Peyğəmbərinə qarşı müharibə etmək kimi təsbit olunub. Qeyd edək ki, müqəddəs Kitabda heç bir haram üçün belə formada təhdid istifadə edilməyib. Faizin haramlıq dərəcəsinin dəhşətini xarakterizə edən Peyğəmbər(ə) buyurub: "Merac gecəsi bir camaata rast gəldim. Kənardan baxdıqda onların mədələri daxili görünən və içi ilanlarla dolu olan bir evə bənzəyirdi. Cəbrail(ə)-dən soruşdum: "Kimdir bunlar"? Cavab verdi: "Bunlar faiz yeyənlərdir".

Təhrifli Tövrat və İncil faiz haqqında

Faiz təkcə İslamda yox, ondan qabaqkı hər iki monoteist dində də haram buyrulub: "Mənim xalqımdan kasıb bir kəsə borc versən, faizsiz ver. Onu darıxdırma" (Tövrat, Çıxış, XXII: 25); "Kasıb qardaşına yardım et, qoy o sənin yanında yaşasın. Ondan faiz alma və mənfəət güdmə. Məndən qorx!" (Orada, Levit, XXV: 35, 36); "Din qardaşına heç bir şeyi faizlə vermə.
Qeyri-yəhudiyə isə faizlə borc verə bilərsən", (Yenə orada, Təsniyə, XXIII: 19,20). Göründüyü kimi, İudaizmdə yəhudilərə öz aralarında faizlə iş körmək qadağan olunsa da, qeyri-yəhudilərdən faiz alınmasında qadağa yoxdur. İncildə isə deyilir: "Borcu almaq niyyətilə verəcəksənsə, sənin nə mükafatın olar? Zira günahkar da günahkara borc verir ki, sonradan onu alsın..." (İncil Lukaya görə, VI: 34,35).

Allah rəhmətindən xaric olanlar

"Zina və ya riba yayılan bir məmləkətdə yaşayanlara Allahu-Təalənin əzabı halaldır". Peyğəmbər(ə)-nin bu kəlamındakı hikmət ondan ibarətdir ki, cəmiyyət zina və sələmə qarşı mübarizə aparmalıdır. Əks halda onlar da məsuliyyət daşıyır. Bu hədisə söykənən İslam alimlərinə görə, faiz almaq və vermək həm də insanın son nəfəsdə imansız getməsinə səbəb olur.
Sələmin ən ağır günahlardan olduğunu nəzərə alan bəzi İslam alimləri isə hesab ediblər ki, azacıq alınan və ya verilən ribanın günahı Allahu-Təalə dərgahında anası ilə zina etmiş kəsin günahı kimidir. Hal belə ikən, ölkəmizdə fəaliyyət göstərən bəzi (bəzimi?) bankların: "İlk kreditini unudulmaz et: ilk sevgin kimi; övladlarının ilk addımları kimi" reklamlarına hansı adı vermək olar? Allaha və onun Peyğəmbərinə üsyanmı, ya Allahu-Təalə dərgahındag Sələmin mahiyyətini açan İmam Rəbbani (v.e.1624) deyib: "Qarşı tərəfin daha artığını ödəməsi şərtilə borc vermək faizdir. Haram anlaşma ilə qazanılan malın hamısını haram edər. Məs., 12 kisə buğda ödəməsi şərtilə 10 kisə buğdanın borc verilməsi, alınan 12 kisə buğdanın hamısını haram edər".
İslamiyyət tarixin müəyyən anlarında sələmin kökünü kəssə də, fəqət son zamanlar bu bəla yenidən xortlamağa başlayıb. Batıdan ixrac edilən bu köhnə mərəz bəzi çağdaş islam ölkələrinin iqtisadi qurumlarında yabançı bitki kimi inkişaf etməkdədir. Sələm, faiz sistemində çalışanlar isə xaricdən gətirilmədiyinə görə, sözsüz ki, bu sahəni həmin ölkənin vətəndaşları işlətməlidir. Və nəticədə faiz sistemində işləyənlər-müdirindən tutmuş adi işçiyə qədər, kimisi öz xoşu, kimisi də məcburiyyət qarşısında qalaraq bu işlə məşğul olurlar. Faizi bir mənalı haram buyuran Rəbbimiz bütün sahələrə faizi calaq edən, fürsət düşdükcə milləti faizə təşviq edən, biznes dünyasının borc alıb-vermə kimi etibar rəmzini gəmirən bir mərəzi bəyənərmi?! "Faiz yeyən, yedirdən, ona şahidlik edən və sənədləşdirən hər kəs Allah rəhmətindən xaricdir" (Müslim, v.e. 875, Müsaqat: 105) Peyğəmbər(ə) kəlamıdır. Göründüyü kimi, Bəqara 275 ayəsində sadəcə faiz yeyənlər zikr edilərkən, hədisdə isə faiz yeyən, yedizdirən, şahidlik və katiblik edən "Allah rəhmətindən xaricdir" kəlamı ilə ifadə edilib.

Nisyə satışda qiymət fərqinə
icazə verilirmi?

Çağdaş dünyanın iqtisadi və ticari münasibətləri sanki insanı faizə zorlayır, ona başqa sahədə qazanc əldə etməyə mane olur. Müxtəlif bank əməliyyatları, mənzil, avtomobil kreditləri, yeni istehsal sahəsinin açılması üçün bankdan pul götürmək faizə girmənin müxtəlif yollarıdır.
Alış-veriş isə istər nəqd, istərsə də nisyə olsun, dinin icazə verdiyi hüdudlar içində mübah (qadağa qoyulmayan) və caizdir (mümkündür). Bu barədə dini təşviqlər də mövcuddur. "Namaz qılıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın lütfündən ruzi diləyib axtarın (yenə öz işinizə qayıdın)" (Cümə 10) Rəbb kəlamı müsəlmanın həm dünyəvi, həm də ibadət həyatının vəhdətdə olmasını tövsiyə edir. Alış-veriş ticarət vasitəsilə qazanc gətirdiyi kimi, həm də sosial-iqtisadi sahənin bir seqmenti kimi cəmiyyətə xidmət növüdur. Bu, eyni zamanda mənəvi bir mükafatdır. Şəriət iş adamının sərmayəsini mühafizə etməsi və ticarətini halal yolla genişləndirməsi üçün nisyə satışla nəğd satış fərqini müəyyən edib. Bəqara 275, 276-cı ayələrinin hikməti hər iki növ alış-verişi mübah bilib, halal ticarətin təməlini göstərib. Quran hikmətinə söykənən Peyğəmbər(ə) isə bir satış içərisində iki-nisyə və nəqd satışın caiz olmadığını bildirib. Bu hədisi şərh edən alimlərin fərqli yozumları da var. Belə ki, bəzi islam alimləri nisyə satışın caiz olmadığını, digərləri isə vədə (sözləşmə, bir iş üçün qabaqcadan müəyyən edilmiş vaxt, möhlət) fərqinin faiz olmadığını, yəni hədisin qadağa həddinə girmədiyini bəyan ediblər. Əksər alimlərə görə: "Alıcı ilə satıcı müamilə edərkən, satıcı bu mal nisyə filən qiymətə, nəqd isə bu qiymətə desə və ya bir ay sonra ödəyərsən bu qiymətə, iki ay sonra ödəyərsən filən qiymət desə, iki qiymətdən birinin üzərində anlaşmadan müamiləni tamamlasalar, belə satış caiz deyil. Peyğəmbər(ə)-nin eyni zamanda iki şərtlə satışı yasaqlaması da buna görədir. Lakin nəqd və ya nisyə qiymətdə (ikisindən birində) anlaşılarsa, bu caiz olar". Bu gün bazarda müştəriyə ilk olaraq nəqd və ya nisyə qiymətlər söylənilir: "nəqd bu qədər, nisyə filən qiymətə" deyilir, bunlardan birini seçmək təklif olunur. Burada mühüm olan əqdin bir təklifə (nəqd və ya nisyəyə) bağlılığıdır. Bu anlaşmada şəriət baxımından heç bir maneə yoxdur. Diqqət yetiriləsi cəhət isə şübhəsiz ki, satıcı ilə müştəri arasındakı əqddə ödənişin bir forması üzərində aparılmasıdır. Lakin o da qeyd edilməlidir ki, nisyə mal verilməsi zaman satıcı vaxta görə qiyməti dəyişdirməməlidir. Yəni "filən vaxta pulu versən bu qiymətə, həmin vaxtdan keçərsə başqa qiymətə (daha bahasına) verirəm"deyib, şərt qoymamalıdır. Əks halda, bu anlaşma faizə girmək sayılır. Çünki bu əqddə alıcı ilə satıcı bir qiymət üzərində anlaşmırlar. Müsəlman üçün ən etibarlı satış isə nəqd və nisyə arasında fərqin yoxluğudur. Məhz belə davranış insanlar arasında etibarı, məhəbbəti, din qardaşlığını möhkəmlədir.

Faiz qadağasının fəlsəfəsi

Sələmdə başqasının zəhmətilə varlanmaq var. Halbuki, insan heç vaxt başqasının zəhmətilə mükafatlanmaz. Quranda bəyan edildiyi kimi: "İnsana ancaq öz əməli, öz zəhməti qalar! Şübhəsiz ki, onun əməli, zəhməti görünəcəkdir! Sonra da onun əməlinin tam əvəzi veriləcəkdir!" (Nəcm 39-41). "Necə çalışmaq" məsələsini isə Peyğəmbər(ə) belə açıqlayıb: "Halal qazanmaq hər müsəlman üzərində vacibdir". Kəlama görə, müsəlmanın özünü və himayəsində olanları dolandırması, onların borclarını ödəməsi və başqasının minnətini götürməyəcək miqdarda halaldan qazanması fərzdir. İslam hesab edir ki, bu prinsip hər bir imanlı şəxs üçün namus, ləyaqət və şərəf məsələsidir. Qeyri-islami, qeyri-insafi və qeyri-insani yollarla çalışmaq, rüşvət, korrupsiya, qumar, sələm və s. kimi haram qazanclar ümmət, millət və dövlət üçün bir illət (qüsur, xəstəlik) və bir zillətdir (alçaqlıq, rəzillikdir).
Halal dairəsindəki zəhmət və xidmətdə isə izzət, ləzzət, ümid, rahatlıq və sevinc var. Ailə və cəmiyyət üçün halal zəhmətlə qazanc əldə edənlər insanlar tərəfindən sevildiyi üçün, onlar Allah tərəfindən də əziz tutulur. "İnsanların ən xeyirlisi cəmiyyətə ən çox faydalı olanıdır" (Hədis). Belə insanlar Allah rəhmətilə əhatə olunur və Onun məğfirətilə bağışlanır. Belələrinin çalışmaları həm də günahlarına kəffarə olur. Onlara mələklər istiğfar, yardım etdikləri insanlar isə dua edərlər. Bir sözlə, gələcəyin sinəsindəki şərəf taxtına layiq olmanın və əbədi rəhmət qazanmanın ünvanıdır, halal zəhmət. Bunu "Çalışmaq ibadətdəndir" Peyğəmbər(ə) kəlamı da sübut edir.
Sələmin haram edilməsinin fəlsəfəsi həm Quranın Nəcm 39-41 ayəsi, həm də Rəsulu Əkrəm(ə)-nin "Çalışmaq ibadətdəndir" kəlamına söykənir . Yəni İslam sərmayənin işləmədən, çalışmadan artmasına, öz sahibinə qazanc gətirməsinə qadağa qoyur. Məlumdur ki, istehsal üç əsas komponentlə reallaşır: sərmayə, işçi qüvvəsi, avadanlıq. Sərmayə özü-özlüyündə mənfəət gətirə bilmədiyi üçün o, hökmən iş və avadanlıqla birgə olmalıdır. Belə olduqda sərmayə gəlirə də, zərərə də şərik olur. İşçi qüvvə isə müəssisənin gəlir və zərərlə işləməsindən asılı olmayaraq ən azı maaşını alır. Avadanlıq isə nə gəlirdə, nə də maaşda iştirak edir. O ancaq icarəyə verilə bilər. Bu 3 hökmdən aşağıdakı həqiqətlər üzə çıxır. İstehsalın 3 əsas amili (iş, sərmayə və avadanlıq) arasında əsas üstünlüyü iş təşkil edir. İş elə bir amildir ki, onun iş muzdu adı ilə sabit səhmi də ola bilər, mənfəətə də şərik ola bilər. Lakin iş dəymiş ziyana şərik olmaya bilər. Göründüyü kimi, sərmayə və avadanlıqdan fərqli olaraq, iş amilinin 3 üstünlüyü var.

Faiz bala qarışdırılan zəhərdir

Faiz cəmiyyətdə düşmənçilik, kin və həsəd hisslərinin önə keçməsinə rəvac verir, vətəndaş və ümmət həmrəyliyini harama qurban verir. Bu zaman yardımlaşma və mərhəmət duyğuları tədricən yox olar. Halbuki, bütün səməvi dinlərin xüsusən, İslamın ən birinci hədəfi toplumda qarşılıqlı yardımlaşma və mərhəmət hissinin şahlanmasını təmin etməkdir. Faizin cəmiyyətdə adi hala keçməsi həmin toplumun mənəvi dəyərlərinin aşılanmasının göstəricisidir. Faiz cəmiyyətdə bir kəsimin çalışmadan qazanmasını təmin etdiyi üçün, insanları çalışmaq kimi bir ibadətdən məhrum edir. Onları tənbəlləşdirir. Hamı var-dövlətini pula çevirib faizlə qazanmağa üstünlük versə, məmləkətin vəziyyəti necə olar? "Belə şey ola bilməz" deyən sələmçilərin toplumun hesabına ifrat qazanc əldə etməsi ədalətdirmi?! Axı faizlə pul verən heç bir əmək sərf etmədən həmişə qazancda olduğu halda, faizə borc götürən uzun müddət zəhmət çəkməklə iflas ehtimalı içində çabalayır. İnsaf və mürüvvət hissinin yoxluğu, "Mən" adlanan əqrəbin önə çıxması ilə vətəndaş həmrəyliyinin düşməni olan faiz, Allah və Onun Rəsulu ilə müharibə etmək deməkdir. Kaş, faiz yeyənlər bunu dərk edəydilər...

P.S. Tanınmış jurnalist dostlarımdan biri söhbət əsnasında dedi: "Rayona getmişdik. Qonşuluqda bir qadının üç gün can verdiyini və hamının bu vəziyyətdə onu tərk etdiyini öyrəndik. Can üstə olan qadının otağına girdikdə, oradakı dəhşət və vəhşət bizi sarsıtdı. İlahi bir qüvvə qadını tez-tez çarpayıdan qaldırıb endirirdi. Qadının ağlasığmaz vəziyəti, siması və gözlərinin eybəcər hala düşməsi ilk dəfə gördüyüm çox düşündüücü, fantastik bir durum idi. Qonşulardan bunun səbəbini soruşduq. Dedilər ki, bu qadın sələm yeyən əzazil bir adam idi. Kim vaxtında faizi vermirdisə onun evini, əşyalarını satdırardı. Buna görə hamı onu lənətləyirdi. İndiki qorxunc durumuna görə, hətta yaxınları belə otağa girməyə qorxurlar..."
Bəli, Allahdan həmin qadına rəhm diləyirəm, Allah günahlarını bağışlasın. Bu durum Allah və Onun Peyğəmbəri ilə müharibə edənlərə (faiz yeyənlərə) bir ibrət olsun.