adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Dekabr 2018 18:13
12871
DÜNYA
A- A+

Hindistanlı səfirin diplomatik fəaliyyəti başa çatıb

Xarici işlər naziri Elmar Məmmədyarov Hindistanın Azərbaycan Respublikasındakı səfiri Sanjay Rananı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-dən Adalet.az -a verilən xəbərə görə, iki ölkə arasında münasibətlərin inkişafından, o cümlədən davamlı siyasi dialoqun mövcudluğundan məmnunluğunu bildirən səfir son dövrlər Hindistan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmində artımın müşahidə olunmasını təqdirəlayiq bir hal kimi qiymətləndirdi.

Görüş zamanı tərəflər mövcud bağlılıq layihələri, Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizləri, gömrük sadələşdirmələri və humanitar sahələrdə əməkdaşlıq məsələlərini müzakirə etdilər. Hindistanın bağlılıq layihələrində maraqlı olduğunu qeyd edən səfir, bu nəqliyyat şəbəkələrinin ölkəsini geniş qonşuluqla birləşdirən körpü rolunda çıxış etdiyini bildirdi.

Tərəflər hər iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin vacibliyini vurğuladılar. Səfir Sanjay Rana diplomatik fəaliyyəti müddətində Azərbaycan tərəfindən ona göstərilən dəstəyi xüsusilə qeyd etdi və bu xüsusda öz təşəkkürünü ifadə etdi. Nazir Elmar Məmmədyarov səfir Sanjay Ranaya gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edib.