adalet.az header logo
  • Bakı 16°C
12 Dekabr 2018 00:24
12351
ƏDƏBİYYAT
A- A+

Yaşadı,qəlbində bir işıq oldu, Şeirlə,sənətlə yaraşıq oldu

Kamandar EYVAZLI

YAŞIYIM

Sağalmaz dərd göndər Allahım, mənə,
Ağrını-əzabı dadım,yaşıyım.
Hava-su yerinə,çörək yerinə,
Dərmanı batmanla udum,yaşıyım.

Gülən var başımdan çıxan tüstümə,
Gələn var arxadan-yannan üstümə,
İllərdi neçəsi durub qəsdimə
Yandır,ərşə çıxsın odum, yaşıyım.

Başına gələndə bildi Kamandar,
Kim nəyi axtarıb,kim nəyi tapar.
Arzuma çatmasam məni tez apar,
Yazılsın daşlara adım,yaşıyım.


GEDƏ BİLMİRƏM

Sözümün qüdrəti sözümdən düşüb,
Dizimin taqəti dizimdən düşüb,
Anamsız ev-eşik gözümdən düşüb,
Mən gedə bilmirəm o kəndə daha.

Əlimi üşüdən soyuq əl oldu,
Ürəyə toxunan acı dil oldu.
Bir yurdun yerində qalan kül oldu,
Mən gedə bilmirəm o kəndə daha.

Gedirdim,yolumdan döndəribdilər,
Uçurdum,göylərdən endəribdilər.
Nəyim var arxamca göndəribdilər,
Mən gedə bilmirəm o kəndə daha.

Məni bu hallara gətirən oldu,
Çəkdiyim zəhməti itirən oldu.
Şəklimi divardan götürən oldu,
Mən gedə bilmirəm o kəndə daha.

Çəməndən,çiçəkdən,çöldən olmuşam,
Arandan,yaylaqdan güldən olmuşam.
Ayaqdan qırılıb,beldən olmuşam,
Mən gedə bilmirəm o kəndə daha.

Yadımda ocağı-odu qalıbdı,
Qəlbimdə yaxını-yadı qalıbdı.
Müqəddəs bir yerin adı qalıbdı,
Mən gedə bilmirəm o kəndə daha.

Xatırla,yada sal,an,ay Kamandar,
Sən nələr çəkmisən can,ay Kamandar,
Yanırsan,neyləyim,yan,ay Kamandar,
Mən gedə bilmirəm o kəndə daha.

Axtarıram

Yordu yollar boyu yoxuşlar məni,
Bir az dincəlməyə düz axtarıram.
Çınqıllı zirvəni,qalın meşəni,
Keçməyə bir cığır,iz axtarıram.

Ağladım,gözlərim yaşda yaşadım,
Torpaqda cücərib,daşda yaşadım.
Bir ömür şaxtada,qışda yaşadım,
Şaddanıb gülməyə yaz axtarıram.

Kamandar,nə oldu,təkləndim yaman,
Bir yanım çisəkdi,bir yanım duman.
Ağrılar-acılar verməyir aman,
Məni ovutmağa söz axtapıram.

Nə imiş

Bir az yaşa dolub,yaşlananda mən,
Bildim ki,yaxşı nə,yaman nə imiş,
Başımın üstündə qaralan bulud,
Gözümün önündə duman nə imiş.

Çəməndə saraldı güllər, yox oldu,
Zirvədə qurudu sellər,yox oldu.
Ağardı,qapqara tellər,yox oldu,
Sən demə vaxt ötür,zaman nə imiş.

Düşdüm ovçuların ov həvəsinə,
Girdim qovhaqovun yaman bəhsinə,
Qaranlıq gecədə güllə səsinə
Yaranan təşvişdən aman nə imiş.

Qışda yaşasam da yazı görmüşəm,
Sevib seçdiyimdən nazı görmüşəm.
Yanıq Kərəmidə sazı görmüşəm,
Segahda,muğamda kaman nə imiş.

İlləri boş verib yatdın,Kamandar,
Hardaydın,haraya çatdın,Kamandar,
Dərd tapıb dəryada batdın,Kamandar,
Deyilən doğrudu,güman nə imiş.

TAPAMMADIM

Dedi dediyini, mən onun kimi,
Dəli görəmmədim, kür tapammadım.
Durub dayanmadan şeir oxudu,
Sözündə bir kəlmə dür tapammadım.

Solu yaralayıb, sağa da çəkdi,
Bağçadan söz deyib,bağa da çəkdi.
Misalı arana-dağa da çəkdi,
Beş baxıb, on gəzib, bir tapammadım.

Baş qoşmaz Kamandar belə hərifə,
Kim könül verməyib gələn tərifə?
Məni oxşatdılar Hüseyn Arifə,
Özümə məclisdə yer tapammadım.


ZƏLİMXAN

Ağırdı, bu yükü çəkə bilmirəm,
Salıbdı bizləri dərdə, Zəlimzan.
Haraya baxıram,onu görürəm,
Göydə Zəlimxandı,yerdə Zəlimxan.

Yaşadı,qəlbində bir işıq oldu,
Şeirlə,sənətlə yaraşıq oldu,
Soyuq məzara da yaraşıq oldu
Yatdığı torpaqda,yerdə,Zəlimxan.

Kamandar unutmaz hələ səsini,
Alovlu eşqini,od nəfəsini.
Görəydim Allahın möcüzəsini
Gələydi dünyaya bir də Zəlimxan.


KİMİYƏM

Qırov düşüb budağıma,
Qəm çöysəyib dodağıma,
Sükut çöküb otağıma,
Qulağı batmış kimiyəm.

Zirvə gördüm-qar olmadı,
Bağça saldım-bar olmadı,
Bir qız sevdim-yar olmadı,
Taleyi yatmış kimiyəm.

Fikrim çaşqın,nitqim laldı,
Başımda hey qeylü-qaldı.
Ay Kamandar,bu nə haldı?
Əcəli çatmış kimiyəm.