adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
12 Dekabr 2018 00:01
6008
GÜNDƏM
A- A+

Cocuq Mərcanlının bərpası Azərbaycan xalqının əyilməz ruhunun göstəricisidir


Ölkəmizdə həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən biri məcburi köçkünlərin problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, maddi rifahının yüksəldilməsidir. Dövlət tərəfindən bu istiqamətdə xüsusi proqramlar, irimiqyaslı layihələr icra olunur, mühüm tədbirlər həyata keçirilir. "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na əsasən məcburi köçkün ailələr üçün müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət məhəllələr inşa olunur, həmin yaşayış kompleksləri bütün zəruri infrastrukturla təchiz edilir. Məcburi köçkünlərin məşğulluğunun artırılması və yoxsulluğunun azaldılması daim diqqət mərkəzində saxlanılır.

Məcburi köçkünlərin
öz yurdlarına qayıtdıqları
ilk yaşayış məskəni

Məcburi köçkünlər üçün inşa edilən qəsəbə və məhəllələr arasında Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpa olunması xüsusi əhəmiyyət daşıyır. Çünki Cocuq Mərcanlıda məcburi köçkünlər üçün inşa edilmiş sayca 96-cı qəsəbə uzun illərdir yurd həsrəti ilə yaşayan soydaşlarımızın doğma torpaqlarına qaytarıldığı ilk yaşayış məskəni kimi tarixə düşüb. Ermənistan silahlı bölmələri tərəfindən dağıdılaraq xarabalığa çevrilən Cocuq Mərcanlının Prezident İlham Əliyevin sərəncamları ilə yenidən qurulması, 24 il didərginlik həyatından sonra kənd sakinlərinin doğma yurdlarına qayıdışı xalqımız üçün mühüm hadisədir.
Cocuq Mərcanlının giriş qapısından qəsəbəyə daxil olarkən qarşımızda müasir infrastruktura malik qəsəbənin gözəl panoramı açılır. Qəsəbənin küçələri ilə gəzdikcə dövlətimizin qüdrətinin, vətəndaşlara verilən yüksək dəyərin, məcburi köçkünlərə diqqət və qayğının, xalqımızın torpaq, yurd sevgisinin şahidi oluruq.
Dövlətimizin başçısının sərəncamları ilə Cocuq Mərcanlıda birinci mərhələdə 50 evin, məktəb binasının, məscidin, elektrik yarımstansiyasının tikintisi həyata keçirilib, qaz, elektrik, rabitə, içməli su xətləri, uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. Kənddə tikinti işlərinin növbəti mərhələsində daha 100 ev, uşaq bağçası, tibb məntəqəsi, poçt, klub-icma mərkəzi üçün binalar, uşaqların və gənclərin asudə vaxtlarının səmərəli keçirmələri üçün süni ot örtüklü idman meydançası və digər zəruri infrastruktur obyektləri inşa edilib. Tezliklə qəsəbədə istirahət parkının inşası da başa çatacaq.
Bu gün Cocuq Mərcanlıda həyat öz axarı ilə davam edir. Məcburi köçkünlük həyatına son qoyaraq doğma kəndlərindəki abad və yaraşıqlı mənzillərində firavan həyata başlayan cocuq mərcanlılılar uzun illər həsrətini çəkdikləri torpağı əkib-becərir, gündəlik məişət qayğıları ilə məşğul olurlar.
İndi Cocuq Mərcanlıda uzun illərin ağrı-acısından əsər-əlamət qalmayıb, həyat qaynayır.

"Sevinirəm ki, övladım ata yurdumda böyüyür, burada məktəbə gedir"

Qəsəbədə rast gəldiyimiz sakinlərlə söhbət zamanı onlar da yaradılan şəraitdən, doğma torpaqlarındakı güzəranlarından razılıqlarını ifadə edirlər. Qəsəbədə ilk həmsöhbətim həyətində tərəvəz yığan Almaz Hüseynova oldu. Söhbət zamanı doğma kəndlərinə qayıtmaqla ən böyük arzusuna çatdığını bildirən Cocuq Mərcanlı sakini dedi: "1993-cü ildən Biləcəri qəsəbəsində, şəraitsiz bir binada yaşayırdıq. Uzun həsrətdən sonra doğma kəndimizdə, öz evimizdəyik. Gördüyünüz kimi, həyətimizdə tərəvəz də becəririk. Sevincimin həddi-hüdudu yoxdur. Həm də ona görə sevinirəm ki, övladım ata yurdumda böyüyür, burada məktəbə gedir".
Cocuq mərcanlılılara göstərilən dövlət qayğısı təkcə onların bütün infrastruktura malik qəsəbədə evlərlə təmin edilməsi və rifahlarının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərlə bitmir. Burada kənd sakinlərinin sağlamlığı və təhsilinin qayğısına da diqqət ayrılıb, müasir məktəb, uşaq bağçası və tibb məntəqəsi inşa edilib. Dövlətimizin hərtərəfli qayğısını hələ kiçik yaşlarından üzərlərində hiss edən Cocuq Mərcanlının balaca sakinləri sağlam, bilikli və vətənpərvər ruhda böyüyürlər.
Şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbin direktoru Zamin Həziyev bildirdi ki, təhsil ocağında 100-ə yaxın şagirdin təlim-tərbiyəsi ilə 22 müəllim məşğul olur. Sinif otaqları, informatika, gənclərin çağırışaqədərki hazırlıq kabinələri, kimya-fizika laboratoriyası, müəllimlər otağından və kitabxanadan ibarət məktəb binası lazımi inventar və avadanlıqlarla, istilik sistemi və internetlə təchiz edilib. Dərsə davamiyyət də qaydasındadır. Uşaqlar həvəslə məktəbə gələrək, doğma kəndlərində elmə, biliyə yiyələnirlər.

Kəndin ətrafındakı sahələr uzun illərdən sonra əkin
dövriyyəsinə cəlb edilib

Kənddə sakinlərin məşğulluğunun təmin edilməsi və sosial rifahın yaxşılaşdırılması istiqamətində müxtəlif layihələr də həyata keçirilir. Cocuq Mərcanlı kənd icra nümayəndəsi Atakişi Atakişiyevlə söhbət zamanı dedi ki, sakinlərin bir çoxu burada yaradılan idarə və müəssisələrdə işlə təmin olunub. Habelə onların kənd təsərrüfatının ayrı-ayrı sahələrində çalışmaları, əkin üçün verilmiş torpaqlarda təsərrüfat işləri ilə məşğul olmaları üçün lazımi dəstək göstərilib. Azərbaycan Prezidentinin müvafiq sərəncamları əsasında Cocuq Mərcanlı kəndində əkinlərin suvarma suyu ilə təmin olunması üçün nasos stansiyasının, suvarma kanalının inşa edilməsi sakinlərin kənd təsərrüfatı ilə məşğul olmalarına şərait yaradıb. Kəndin ətrafındakı sahələr uzun illərdən sonra əkin dövriyyəsinə cəlb edilib. 24 il müddətində əkin-biçin aparılmadığı üçün torpaqlar münbitdir. Odur ki, əkilən bitkilərin məhsuldarlığı da yüksəkdir. Kəndə qayıdan ailələr cari ildə 189 ton taxıl, 168 ton qarğıdalı, 327 ton şəkər çuğunduru istehsal ediblər. Hazırda gələn ilin məhsulu üçün payızlıq səpin işləri həyata keçirilir. Bu günədək 96 hektarda şum qaldırılıb, 73 hektarda taxıl, 10 hektarda yonca əkilib. Bundan başqa 8 hektarda şəkər çuğunduru, baramaçılığın inkişafı üçün 3 hektarda 10 min ədəd tut tinginin əkilməsi də nəzərdə tutulur.

Cins heyvandarlıq kompleksi inşa olunacaq

A.Atakişiyevin dediyinə görə, Cocuq Mərcanlı sakinlərinin kənd işğal edilənə qədər əsas məşğuliyyət növlərindən biri heyvandarlıq olub. Bunu nəzərə alaraq kənddə aqrar sektorun digər sahələri kimi heyvandarlığın inkişafına da diqqət yetirilir. Kənddə yem emalı müəssisəsinin yaradılması sakinlərin heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətinin genişlənməsinə şərait yaradacaq, beləliklə də Cocuq Mərcanlının sosial-iqtisadi inkişafına və məşğulluğun təmin olunmasına öz töhfəsini verəcək. Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə maliyyələşdirilən "Sosial-iqtisadi inkişaf fəaliyyəti" layihəsi (SEDA) çərçivəsində yaradılan yem emalı müəssisəsində hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən, ot doğrayan avadanlıqlar quraşdırılıb. İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə həyata keçirdiyi layihələr çərçivəsində kənddə, həmçinin 150 başlıq cins heyvandarlıq kompleksinin inşası nəzərdə tutulub.
Cocuq Mərcanlıda əhalinin məşğulluğunun təmin edilməsi, kiçik ailə təsərrüfatlarının yaradılmasına yönələn tədbirlərdən biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramının həyata keçirilməsidir. Proqrama cəlb edilən 25 kənd sakininə kiçik biznesin təşkili üzrə bilik və bacarıqlara yiyələnmələri məqsədilə təlim kursları keçilib. 11 ailənin hər birinə yanında balası olan iki baş inək, 14 ailənin hər birinə isə 21 baş qoyun verilib. Bu tədbir yerli əhalinin məşğulluğunun artırılmasına, həmçinin ərazidə kiçik sahibkarlığın genişlənməsinə əlavə dəstək məqsədi daşıyır. Proqrama qoşulan kənd sakini Aynurə Təbrizli inəklərdən sağılan südlə ailəsinin süd məhsullarına olan tələbatını ödədiyini, gələcəkdə təsərrüfatı genişləndirmək, heyvanların sayını artırmaq fikrində olduğunu vurğulayır.

Cəbrayıl torpağında artıq
pətəklərindən ilk bal götürülüb

İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə həyata keçirdiyi layihələr çərçivəsində Cocuq Mərcanlı kəndində istixanalar və arıçılıq təsərrüfatlarının yaradılması da kənd sakinlərinin məşğulluğunun təmin edilməsi və sosial rifahın yaxşılaşdırılmasına yönəlib. 15 ailəyə verilən və hər biri 160 kvadratmetr sahəyə malik polietilen örtüklü tunel tipli istixanalar damcı suvarma sistemi ilə təchiz olunub. İstifadəçilərə toxum, gübrə və pestisidlər, bitkilərə qulluq üçün alət və avadanlıqlar verilib. İlkin olaraq istixanalarda xiyar bitkisi becərən kənd sakinləri məhsul satışından mənfəət də əldə ediblər.
Onlardan biri də kənd sakini Şahsuvar Şirinovdur. Söhbət zamanı bildirdi ki, kənddə yaradılan 15 istixanadan biri onun ailəsinə verilib: "İlkin olaraq xiyar bitkisi becərmişik və 400 kiloqramdan çox məhsul satmışıq. Hazırda tərəvəz bitkiləri becərmək üçün torpaq işləri görürük.
Qış fəslində istixanada yetişdirdiyimiz şüyüd, kərəviz, keşniş, turp və digər tərəvəzlərin satışını həyata keçirəcəyik. Yazda isə pomidor əkməyi nəzərdə tutmuşam".
Türkiyə ilə birgə həyata keçirilən layihəyə uyğun olaraq Cocuq Mərcanlıda 15 ailəyə hər birinə 10 arı ailəsi olmaqla 150 arı ailəsi verilib. Arı təsərrüfatlarının hər biri gələcəkdə təsərrüfatın genişləndirilməsi üçün əlavə 10 ədəd yeşiklə, həmçinin arıçılıq avadanlıqları və materiallarla, xəstəliklərə qarşı dərman vasitələri ilə təmin olunub. Kənd sakinlərinə arı ailələrini bəsləmək üçün kurslar keçirilib, maarifləndirici vəsait verilib. Arıçılığın sirlərinə yiyələnən sakinlər artıq pətəklərdən ilk bal da götürüblər.
Kənd sakini İlkin Təbrizli qeyd etdi ki, Cocuq Mərcanlıda arıçılığın inkişaf etdirilməsi üçün gözəl şərait var: "Kənd ərazisində yaz və yay mövsümündə böyürtkən, qanqal, biyan, yulğun, yonca kimi balverən bitkilər çoxluq təşkil edir. Bu isə arıçılığın inkişafına imkan verir. Kənddə arıçılıq təsərrüfatlarının yaradılması əhalinin məşğulluğuna, həmçinin təmiz, keyfiyyətli balla təmin olunmasına töhfə verəcək. Artıq pətəklərdən ilk məhsul da əldə etmişik. Pətəklər beçə olduğu üçün bu il 18 kiloqram balımız olub. Əminəm ki, növbəti illərdə hər yeşikdən 10-12 kiloqram bal, həmçinin digər arıçılıq məhsulları götürəcəyik".

Yerli və xarici bazarlarda "Cocuq Mərcanlı" loqosu il
suvenirlər satılacaq

Cocuq Mərcanlıda Türkiyə ilə həyata keçirilən layihələrin davamı olaraq suvenir istehsalı müəssisəsi də inşa edilir. Müəssisə fəaliyyətə başladıqdan sonra burada onlarla kənd sakini işlə təmin olunacaq. Məhsullar "Cocuq Mərcanlı" loqosu ilə həm Azərbaycanda, həm də xarici ölkələrdə satışa çıxarılacaq.
Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin yenidən qurulması, sakinlərin məşğulluğunun təmin edilməsi və sosial rifahın yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələr dövlətimizin qaçqın və məcburi köçkünlərə yüksək diqqət və qayğısının təzahürü olmaqla yanaşı, eyni zamanda, xalqımızın heç vaxt işğalla barışmayacağını göstərir.
Prezident İlham Əliyevin dediyi kimi, "Cocuq Mərcanlı kəndinin bərpası Azərbaycan xalqının əyilməz ruhunun göstəricisidir. Bu, bir daha göstərir ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Bu, bir daha onu göstərir ki, bütün məcburi köçkünlər bir arzu ilə - öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayırlar. Bu, bir daha onu göstərir ki, biz bu gün dağılmış vəziyyətdə olan bütün şəhərlərimizi işğaldan azad edəndən sonra tezliklə bərpa edəcəyik".

Tahir Ağaməmmədov
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün.