adalet.az header logo
  • Bakı 7°C
11 Dekabr 2018 18:00
6422
GÜNDƏM
A- A+

Akademik: Heydər Əliyev dövrü Azərbaycanın çoxəsrlik tarixinin şərəfli bir mərhələsidir

Ümummilli lider Heydər Əliyev Azərbaycanda müstəqil dövlətçiliyi bütün mümkün təhlükələrdən xilas edib, ölkədə ictimai-siyasi sabitlik yaradıb və gələcək böyük inkişa­fın möhkəm təməllərini formalaşdırıb.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, müstəqil dövlətçiliyimizin banisi və böyük qurucusu olan Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində Azərbaycan normal inkişaf templərinə malik və dünyada öz sözü ilə seçilən bir dövlət kimi qəbul olunub.

Akademik qeyd edib ki, ulu öndər Heydər Əliyev 1969-cu ildən başlanan və müstəqillik illərində uğurla davam edən böyük və şanlı bir dövr yaradıb: "Heydər Əliyev dövrü Azərbaycanın çoxəsrlik tarixinin şərəfli bir mərhələsidir. Cəmi 7 aydan sonra 50 illiyi tamam olacaq Heydər Əliyev dövrü Azərbaycan xalqının və dövlətinin xoşbəxtlik və azadlığının, inkişafı və müasirləşməsinin, özünü təsdiq etməsinin və möhkəmləndirilməsinin əsaslarını yaratmış, strategiya və taktikasını müəyyən etmiş böyük tarixi mərhələdir".

İ.Həbibbəyli ümummilli lider Heydər Əliyevi zamanın fövqünə qalxan və Azərbaycan cəmiyyətini inkişafa doğru bacarıqla və uzaqgörənliklə məqsədyönlü şəkildə istiqamətləndirən dahi lider kimi səciyyələndirib.

AMEA vitse-prezidenti bildirib ki, Heydər Əliyev yolu müstəqil Azərbaycan dövlətinin və xalqımızın əbədiyyət yoludur. Prezident İlham Əliyev həmin parlaq yolun davamçısı və böyük gələcəyin qüdrətli təminatçısıdır:

"Dövlətimizin başçısı yorulmaz fəaliyyəti ilə müstəqil dövlətimizin və xalqımızın inkişaf yollarına yeni, parlaq və qiymətli səhifələr əlavə edir. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi şərəfli 15 illik yeni mərhələ siyasi varisliklə müasirləşdirmənin vəhdətinə əsaslanan, ictimai-siyasi, iqtisadi-mədəni prosesləri hərtərəfli şəkildə irəli aparan xüsusi tarixi dövrdür".

İ.Həbibbəyli vurğulayıb ki, dünyanın digər tanınmış görkəmli dövlət xadimləri sırasında Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi yeri var: "Beynəlxalq aləmdə sülh və təhlükəsizlik, multikulturalizm və tolerantlıq, qarşılıqlı əməkdaşlıq və həmrəylik uğrunda aparılan mübarizədə Prezident İlham Əliyev söz sahibi olan liderdir".