adalet.az header logo
  • Bakı 7°C
11 Dekabr 2018 15:34
6782
MƏMLƏKƏT
A- A+

Hisə verilmiş təhlükəli ət məhsulları hazırlayanlar yaxalandı

Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları balıq, müxtəlif növ quş, eləcə də digər ət məhsullarını antisanitar şəraitdə hisə verərək bişirməkdə və satmaqda şübhəli bilinən Bakı şəhər sakini Vüqar Səmədovu saxlayıb. Onun idarə etdiyi "Opel” markalı avtomobilin yük yerinə baxış zamanı hisə verillən 8 ədəd kütüm, 8 ədəd çəki balığı, 4 ədəd dovşan, 4 ədəd toyuq və 4 ədəd ev ördəyi aşkar olunub.


DİN-dən Adalet.az-a bildirilib ki, araşdırma zamanı V.Səmədovun qeyd edilən məhsulları Xəzər rayonu Buzovna qəsəbəsində yaşayan, paytaxt sakini Rövşən Zaidlinin həyətində fəaliyyət göstərən qanunsuz obyektdə onunla birgə hazırlandığı müəyyən edilib. Əməliyyat tədbirlərinin davamı olaraq idarə əməkdaşları tərəfindən həmin obyektə baxış keçirilib. Oradan qeyd edilən məhsulları hazırlamaq üçün istifadə olunan kustar üsulla hazırlanan soba, gigiyenik normalara cavab verilmədən bişirilən hisə verilmiş hazır məhsullar və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.


Qeyd edək ki, hisə verilmiş məhsulları hazırlanmaq üçün istifadə olunan soba köhnə təkər qırıntılarının yanması nəticəsində işə salınır. Yanma prosesi zamanı yaranan kimyəvi üstü həmin məhsullarda müxtəlif bakteriyaların yaranmasını daha da sürətləndirir.


Aşkar edilən məhsullardan götürülən nümunələr ekspertizaya göndərilib. Ekspertiza nəticəsində müəyyən edilib ki, qeyd edilən məhsullar istifadəyə yararsızdır, eləcə də insan orqanizmində ağır qida toksiki infeksiyası qrupuna aid olan botulizm xəstəliyinin yaranmasına səbəb ola bilər. Qeyd edilən faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində araşdırmalar davam etdirilir.


Daxili işlər Nazirliyi hisə verilmiş məhsulları antisanitar şəraitdə müvafiq dövlət qurumlarından icazə almadan hazırlayan və satışını həyata keçirən şəxslərdən bu qanunusuz fəaliyyətlərinə son qoymağı tələb edir.