adalet.az header logo
  • Bakı 7°C
11 Dekabr 2018 13:02
7178
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: AVTOBUSLAR NİYƏ QƏZAYA UĞRAYIR?

Heç kim və heç kəs əvvəlcədən başına gələcək hadisəni bilmir. Və heç kim də, heç kəs də hər hansı qəzadan, bədbəxt hadisələrdən sığortalanmayıb. Hələ elə adam tapılmaz ki, sinəsinə döyüb desin: mənim başıma hər hansı faciə, qəza gəlməyəcək. Və qəribədir ki, biz bunu bilə-bilə bir çox halda özümüz belə bədbəxt hadisələr üçün münbit şərait yaradır, elə özümüzü də bu cür qəzaların içinə yuvarlayırıq.

Son aylar Bakıda və respublikamızın avtomobil yollarında avtobus və mikroavtobusların iştirakıyla ağır qəzalar baş verib. Baş vermiş faciələri gözümüz önünə gətirəndə adamın həyəcandan az qala ürəyi partlaya. Zarafat deyil, bizim hər birimiz bu cür trafik yol canavarının qurbanına çevrilə bilərik və evdən çıxıb işə gedəndə, qayıdanda çoxlarımız avtobuslardan istifadə edir. Elə ki, sağ-salamat işə çatırıq, yaxud da evə qayıdırıq, çiynimizdən ağır yük götürülür. Düşünürük, Allaha min şükür ki, sağ-salamat işə getmişik və ailəmizin yanına dönmüşük .

Ancaq bəzi avtobus sürücülərinin təcrübəsizliyi və səhlankarlığı üzündən qəza yaranır və bu zaman neçə-neçə insan ya dünyasını dəyişir, ya da ağır xəsarətlər alırlar. Görəsən, bu qəza zamanı avtobusun salonunda olan və faciəli anlar yaşayan o insanların günahı nə imiş? Onlar da səhər-səhər işə gedəndə evdəkilərlə hal-əhval tutur və qayıdacaqlarını deyirlər. Lakin səhlankar və məsuliyyətsiz sürücülərin naşılığından ömürləri yarıyolda qırılır, həyatları ilə vidalaşırlar.

Yadınızdadımı, Bakı-Quba avtomobil yolunun Xırdalandan keçən hissəsində bir il bundan əvvəl "Ford” markalı qırmızı rəngli mikroavtobus digər avtomobillə ötüşərkən idarəetməni itirmiş və yolun sağında dayanmış nasaz, yük daşıyan "Kamaz”a arxadan çırpılmışdı. Ağır qəza zamanı mikroavtobusun salonunda olan altı tələbə (onlar Sumqayıt Dövlət Universitetinin tələbələriymiş) dünyasını dəyişmiş, 17 nəfər isə ağır xəsarət almışlar. Biz bu hadisələri yada salıb yarasının qaysağı sağalmaqda olan insanların dərdini təzələmək istəmirik. Biz onu demək istəyirik ki, çoxları gözləyirdi, bu cür faciəli hadisədən sonra avtobus və mikroavtobusların iştirakıyla ağır qəzalar olmayacaq.

Ancaq ağır qəzalar olur və bu gün də artmaqda davam edir. Yol polisi nə qədər qabaqlayıcı tədbirlər görsə də, mütəmadi reydlər keçirsə də, qeyri-peşəkar sürücülər yenə sükan arxasında əyləşir və elə ağır qəzaların baş verməsinə şərait yaradırlar. Məsələn, Binəqədi rayonunun ərazisindəki dəmiryol xəttini qatar gələrkən keçmək istəyən avtobus yenidən ağır qəza törətdi. Qatarın ötməsini gözləməyən sürücü avtobus içərisində çoxlu sərnişin olsa da, dəmiryol xəttini keçmək istədi, keçə bilməyib avtobusu qatara çırpdı. Bu zaman da 18 nəfər xəsarət aldı. İki nəfər isə dünyasını dəyişdi. Çox təəssüf ki, yenə sürücü diqqətsizliyi üzündən bu ağır qəzaya yol açıldı.

Bu günlər isə Xırdalan şəhərindən metronun "Memar Əcəmi” stansiyası istiqamətində hərəkət edən avtobusun sürücüsü yenidən ağır qəza törədib. Belə ki, Bakı istiqamətinə hərəkət edən 119 nömrəli marşrutda işləyən avtobus idarəetməni itirərək aşıb. Ümumiyyətlə, bir faktı deyək ki, həmin marşrutda sükan arxasında əyləşən əksər sürücülər avtobusu yüksək sürətlə idarə edir, bir-birilə ötüşür və tez-tez qəza şəraiti yaradırlar.

"Ədalət” qəzeti olaraq dəfələrlə həmin avtobuslarda olan gördüyümüz nöqsanları qələmə alıb yazmışıq, problemi Bakı Nəqliyyat Agentliyinin və marşrut rəhbərliyinin nəzərinə çatdırmışıq. Çox təəssüf ki, hər iki qurum bizim tənqidi qeydlərimizi diqqətdə saxlamamış və bu cür nöqsanlara göz yummuşlar. Nəticədə isə 119 nömrəli marşrutda işləyən avtobusun aşması zamanı neçə-neçə sərnişin xəsarət almışdı.

Yaxud başqa bir misal. Bir həftə bundan öncə Qobu qəsəbəsində məktəbliləri aparan mikroavtobus sürücüsü idarəetməni itirmiş və maşını aparıb divara çırpmışdı. Mikroavtobusun divara çırpılması nəticəsində 8 məktəbli müxtəlif dərəcəli bədən xəsarəti almış, divar isə uçmuşdur. Yəni həmin hasarın sahibinə də xeyli maddi ziyan dəymişdi.

Polisin apardığı araşdırma nəticəsində məlum olmuşdu ki, sükan arxasında əyləşmiş adamın sürücülük hüququ yox imiş. Sürücülük hüququ və təcrübəsi olmayan insanın belə hadisə törətməsi heç də təəccüblü deyildi. Ona görə də sürücü barəsində hüquq-mühafizə orqanları 3 ay müddətində həbs-qəti imkanı seçmişdir.

Biz bu məsələləri gündəmə gətirməklə bir daha mövcud nöqsanları Bakı Nəqliyyat Agentliyinin və marşrutların məxsus olduğu MMC-lərin rəhbərlərinin diqqətinə çatdırırıq. Və Bakı şəhər yol polisinə də avtobuslarla bağlı reydlərin daha tez-tez keçirilməsini təklif edirik. Çünki sözün açığı, yol polisi bu sahədə çox böyük işlər görüb və bu gün də onun köməkliyinə bizə elə gəlir ki, böyük ehtiyac var. Ən azından ona görə ki, Bakıda nəqliyyat sahəsindəki mövcud problemləri yol polisinin köməyi olmadan Nəqliyyat Agentliyi heç vaxt təkbaşına həll edə bilməyəcək.