HACIBƏY ZAKATALSKiNi NiYƏ MüDAFiƏ EDiRLƏR?!

AQİL ABBAS
39205 | 2008-10-23 03:21
Xeyli müddətdir ki, separatçı qüvvələr, daha doğrusu, xarici kəşfiyyat orqanlarının əlində oyuncağa çevrilmiş bir para adamlar Zaqatalada dövlətçiliyimizə qarşı bir neçə cinayət əməli törətmişlər. Daxili Qoşunların hərbi hissəsinə hücum edilmiş, rayon polis şöbəsinə basqın törədilmiş, ayrı-ayrı insanlara qarşı sui-qəsd cəhdləri olmuş, dövlətçiliyimiz əleyhinə yazılı çağırışlar yayılmış və sair və ilaxır. Nəticədə bir neçə polis əməkdaşı, əsgər həlak olmuş və yaralananlar olmuşdu.
   
   Azərbaycanın xüsusi xidmət orqanları, eləcə də Daxili İşlər Nazirliyinin apardıqları uğurlu əməliyyatlar nəticəsində terrorçular zərərsizləşdirilmiş, həbs olunmuş, cinayət məsuliyyətinə cəlb edilmişdir. Zaqatalada dövlətçiliyimizə zərbə vurmaq istəyənlərin, ölkəmizdəki stabilliyi pozmaq istəyənlərin cəhdləri MTN-in, DİN-in və digər hüquq-mühafizə orqanlarının birgə səyi nəticəsində nəticəsiz qalmışdır. Zaqatalada baş verən olaylardan hamının xəbəri olduğu üçün geniş məlumata ehtiyac yoxdur.
   
   Söhbət son olaydan gedir. Oktyabr ayının əvvəllərində Zaqatalada yenə dövlətçiliyimizin əleyhinə yönəlmiş vərəqələr, braşürlər yayılmışdır. Milli Təhlükəsizlik Nazirliyi bununla əlaqədar əməliyyat tədbirləri həyata keçirmiş və bir neçə nəfər həbs olunaraq cinayət məsuliyyətinə cəlb edilmişdir. Həbs olunanlardan biri də Zaqataladakı "Ləzzət" istirahət mərkəzinin sahibi Hacıbəy Zakatalskidi. Eləcə də həmin istirahət mərkəzində çalışan digər iki nəfər də həbs olunublar. Onların barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə cinayət işi başlanılıb.
   
   Ortada hadisə var, fakt var, bu hadisəni törədənlər var və buna da müvafiq Cinayət Məcəlləsində maddə var. Hər şey ortadadır, gizli heç nə yoxdur və hər kəs də gördüyü əmələ görə məsuliyyət daşıyır.
   
   Amma təəssüf ki, bəzi müxalif qəzetlər MTN-in və digər hüquq-mühafizə orqanlarının apardıqları bu əməliyyata kölgə salmağa çalışır, ictimaiyyəti çaşdırır, məsələni təmiz başqa səmtə yönəltməyə çalışırlar.
   
   Adamlar ağır dövləti cinayət törədiblər, dövlətçiliyimizə zərbə vurublar, MTN də bu çibanı qoparıb atıb. Müxalif mətbuat bu uğurlu əməliyyatı həyata keçirən MTN-ə və digər hüquq-mühafizə orqanlarına sağ ol demək, onları alqışlamaq əvəzinə, təmiz başqa bir mövqe sərgiləyir.
   
   Guya "Ləzzət" istirahət mərkəzinə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun və ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun gözü düşdüyündən onlar Hacıbəy Zakatalskini zərərsizləşdirmək istəyiblər və nəticədə MTN bu əməliyyatı həyata keçirib. Əvvəla, MTN dövlətçiliyimizdə mühüm bir dövlət qurumudur. MTN heç vaxt hansısa bir sifarişlə hansısa bir əməliyyat həyata keçirməz. Adi bir uşaq da bilir ki, MTN hər hansı bir əməliyyatı həyata keçirmək üçün bir çox tutarlı faktları əvvəlcədən toplayır, sonra əməliyyata başlayır. Yəni MTN əlində tutarlı faktlar olmadan hansısa bir əməliyyatı keçirməz. Eləcə də digər hüquq-mühafizə orqanları. Zaqatalada baş verən hadisələr buna əsas verir ki, MTN və digər hüquq-mühafizə orqanları bu bölgəyə xüsusi diqqət yetirsinlər. Və həmişə də bu bölgə nəzarət altındadı. Çünki xarici kəşfiyyat orqanları bu bölgəyə daha çox nüfuz etməyə çalışırlar. Əvvəllər baş verən terror hadisələri də bunun əsas sübutudur.
   
   İkincisi, "Ləzzət" istirahət mərkəzində olanlar bilir ki, bura o qədər də önəmli bir yer deyil. Əvvəla, çox kustardı, heç on-on beş qonağınla və ya ailənlə orada rahat istirahət etməyə şərait yoxdur. Sadəcə olaraq, bu, Azərbaycanda yaranan ilk kooperativlərdən biri olduğuna görə və yaxşı reklam edildiyinə görə adı çıxıb. Bu gün həmin istirahət mərkəzi Roberto Karlos kimi bir şeydi. Və ora hansısa bir maya qoymaq üçün də şərait yoxdur. Yayda elə bəndəniz ailəsi ilə birlikdə Zaqatalaya gəzməyə getmişdi, yolumuzu "Ləzzət"ə də saldıq, amma gördük ki, burda çörək yeməyə dəyməz. Yendik Zaqatalada başqa bir yerdə çörəyimizi yedik. Yəni bura o qədər də önəmli yer deyil ki, hansısa nazirin və ya nazirlərin bura gözü düşə. Zaqatalada o qədər gözəl yerlər var ki! İstirahət mərkəzi açmaq istəyən həmin o gözəl yerlərdə açmaq istəyər. Sözgəlişi, H.Bağırov bunu hamıdan yaxşı bilir, bilavasitə onun sahəsidir. Bundan başqa, istirahət mərkəzi açmaq həm də bir zövq məsələsidi! Hər kəs həm öz zövqünə uyğun, həm də dünya standartlarına uyğun istirahət mərkəzi açmağa çalışar. Day gedib rütubətin içində kustar bir istirahət mərkəzinə göz dikməz.
   
   Müxalif mətbuatın düşü-nülmüş şəkildə MTN-in əməliyyatının üstünə kölgə salması və separatçı qüvvələri müdafiə eləməsi, bu məsələdə də K.Heydərovun və H. Bağırovun adını xüsusi hallandırması təkcə MTN-ə, K.Heydərova və H.Bağırova qarşı yönəldilmiş yeni bir kampaniya deyil, həm də ictimaiyyəti çaşdırmaqdı. Separatçı qüvvələrin qol-qanad açmasına şərait yaratmaqdı.
   
   Kiminsə kimdənsə xoşu gəlməyə bilər, Allaha şükür, demokratiyadı, buyur, ağlındakıları tök ortaya, nə qədər istəyirsən yaz, şərlə. Amma o şeydə ki, dövlətçilik var, orda diqqətli olmaq lazımdı, dostlar. Kimlərəsə, hansı dövlət qurumlarınasa kin-küdurətinizi dövlətçilikdən yuxarı qaldırmayın. Mənim sizə və ya kiməsə dərs vermək fikrim yoxdu, özümə dərs verən lazımdı. Sadəcə olaraq bir dost məsləhətidi.

TƏQVİM / ARXİV