adalet.az header logo
  • Bakı 7°C
10 Dekabr 2018 20:01
11062
ƏDƏBİYYAT
A- A+

Həyat etüdləri


Akif Cabbarlı

ANASI ÖLMÜŞ NEYLƏSİN AXI?..

Köhnəlmiş və olduqca yorğun görünən marşrut avtobusu 20-ci sahə dairəsindəki dayanacaqdan yükünü tutub sürətlə Azneft meydanı istiqamətinə "qanad açdı". Salonda sıxlıq idi. Badamdar yoxuşunda baş verən məlum təbiət hadisəsindən sonra marşrut xətlərində dəyişiklik edildiyindən sərnişinlər qarşılarına çıxan ilk avtobusa mindiyi üçün bu cür hallar tez-tez yaranırdı.
Qarşı tərəfdə - sürücünün lap arxasında güc-bəla özümə yer eləyib yıxılmamaq və kimisə narahat etməmək üçün salon boyu uzanan tutacaqdan möhkəm-möhkəm yapışmışdım. Birdən güzgüdə dolu sifətli, qapqara bığlı sürücünün iştahla nə isə yediyini gördüm. Fikirləşdim ki, bəlkə səhər-səhər ağzını dada gətirmək üçün konfet yeyir, amma sol tərəfindəki çantadan ara-sıra götürüb ağzına qoyduğu tikələri görəndə özlüyümdə aydınlaşdırdım ki, sən demə, səhər yeməyini elə sükan arxasında - iş başında yola verirmiş. Sürücü ağzını marçıldada-marçıldada yeməyini başa vurub, ədəb-ərkanla termosdan iri bir fincana çay da süzdü. O, bu prosesləri elə diribaşcasına, səliqə ilə yerinə yetirirdi ki, inanın, yerə bir damcı çay da, bir qırıq çörək də düşmürdü. İnsafən, maşını da babat idarə edirdi. Düzdür, arada kimsə kiminsə ayaqqabısına bir xatirə nişanəsi qoyurdu, amma sıxlığı nəzərə alıb sən deyən bir-birini yağlı söyüşlərə qonaq eləyən də olmurdu.
Birdən qarşıdakı döngədən iki məktəbli oğlan avtobusun lap qənşərindən yolu qaça-qaça keçmək istədi və anındaca sürücü əyləci basdı. Fincandakı içilməmiş çay sürücünün sinəsinə, qıpqırmızı qalstukunun üstünə töküldü. Yanımda dayanan, "Coca-Cola" gillədən oğlanın şüşəsindəki içki isə mən qarışıq üç-dörd nəfərin üst-başını islatmağa kifayət elədi. Daha dözə bilmədim:
-Ay kişi, evdən yeyib-içib çıxardın da, avtobus sənin üçün kafe, yaxud çayxana deyil axı, - dedim.
Kişi güzgüdəncə məni tərs-tərs süzüb cavab qaytarmaq üçün fikirləşirdi ki, yanımda dayanan ağbirçək bir qadın üz-gözünü turşudub nə desə yaxşıdır:
-Qardaş, xoşun gəlmir, düş, taksiyə min. Anası ölmüş neyləsin, gecə-gündüz sənin kimi demaqoqları ora-bura daşıyır. Onun vaxtımı var sizin kimi evində, ya da restoranda yeyib-içsin? Sözün var, söz danış, hətərən-pətərən söhbət lazım deyil burada.
Dinmədim. Sadəcə güzgüdən həvəslə siqaret tüstülədən sürücüyə baxdım. Yemişdi, içmişdi, indi də adəti üzrə üstündən bir siqaret də çəkməliydi axı bu zalım balası, anasıölmüş kişi...

MOLLADAN
QABAQ...

Yeni ilin gəlişinə bircə gün qalırdı. Əliyusif müəllim çoxdan bəri fikirləşdiyi bir eksperimenti reallaşdırmaq istədi. Sadəcə yoxlamaq istəyirdi ki, görəsən, dost-tanış, qohum-əqrəba onu işlədiyi, imkanlarının aşıb-daşdığı zamanlardakı kimi yenə də isti izlərlə axtarıb tapacaq, qonaqlıqlara, gəzintilərə dəvət edəcəklər, yoxsa işsiz-gücsüz, mənəvi və maddi cəhətdən axsayan, korluq çəkən bir bivec kimi heç yada da salmayacaq, Allahın bir quru təbrikini də qıymayacaqdılar.
Odur ki, Əliyusif müəllim telefonunu söndürdü və qərara aldı ki, heç küçəyə-bacaya da çıxmasın, kiminləsə təsadüfən də olsa, rastlaşmasın. Yeni ili ailəsi ilə, övladlarını, nəvələrini başına yığıb, el adəti üzrə qarşıladı.
Ötən ayın pensiyasından qırtladıb aldığı şampan şüşəsini də ortaya qoymuşdu ki, süfrələri zəngin, yaraşıqlı görünsün. Nə isə... İki gün sonra telefonu açdı və ötən müddətdə kimlərin zəng edib-etmədiyini yoxlamaq istədi. Telefonunun yaddaşında cəmi dörd zəng qeydə alınmışdı. Orta məktəb yoldaşlarından cəmisi dördü sağ qalmışdı, qalanlarının adı isə "rəhmətlik" sözü ilə yanaşı çəkilirdi.
Götürüb bir-bir nömrələri yığdı. Sinif "uşaqlarından" cəmi bircə nəfər dedi ki, qardaş, bayramını təbrik eləmək istəyirdim, heyif ki, düşə bilmədim. Yəqin elə yerdə oturmusan ki, zəng çatmayıb. Qalan üçü isə elə bil sözləşiblərmiş kimi kişinin ürəyini büsbütün bulandırdılar:
- Əşi, haradasan? Telefonuna da zəng çatmır. Dedik bəlkə... Uşaqlara de ki, vaxtı çatanda bizi yaddan çıxarmasınlar, molladan qabaq bizə xəbər eləsinlər ha...