Yer kürəsinin ən qiymətli sərvəti
Gərgin və yorucu iş günü, avtomobil tıxacları, səs-küylü şəhər həyatı, bəzən hər addımda üzləşdiyimiz əsəbi vəziyyət və bir sıra bu kimi amillər insanın tez yorulmasına səbəb olur. Duyğularımızı tarıma çəkən bu yorğunluqdan qurtulmaq, dincəlmək üçün sakit və rahat bir guşə axtarırıq. Belə vaxtlarda həm fiziki, həm də mənəvi dincəlmək üçün meşə gəzintiləri çox faydalıdır.
Meşələr təkcə istirahət ünvanı deyil, eyni zamanda, gözəlliklər məskənidir. Bəs bizə qucaq açan, mənəvi rahatlıq bəxş edən meşələri necə qoruyuruq? Bu məkanların qədrini lazımınca bilirikmi?
Meşələrin faydası
Təbiətin "oksigen fabriki" adlandırılan meşələr planetin quru səthinin üçdə birini tutur. Yer kürəsinin ən qiymətli təbii sərvəti olan meşə örtüyünün sahəsi 4 milyard hektardır. Meşə ilə örtülü sahələrin ölkələr üzrə sıralanmasında şimal qonşularımız - Rusiya Federasiyası birincidir - 809 milyon hektar. Bu siyahının ilk üçlüyünə ərazisinin 478 milyon hektarı meşə ilə örtülü olan Braziliya və 310 milyon hektar meşə sahəsinə malik Kanada da daxildir.
Meşələrin əsas xüsusiyyətlərindən biri bitki örtüyünün altında formalaşan mikroiqlimdir. Planetin "ağciyərləri"nin mikroiqlimi ətraf mühitin iqlimindən fərqlidir. Belə ki, açıq ərazilərdən fərqli olaraq meşədə qış mövsümündə havanın temperaturu 3-5° C yüksək olur. İsti yay günlərində isə əksinə, hərarət bir neçə dərəcə enir.
Meşə ekosisteminə daxil olan bütün komponentlər bir-biri ilə sıx əlaqədə olurlar. Məsələn, quşlar meyvə və toxumlarla qidalanaraq onları uzaq məsafəyə yayırlar. Məhv olmuş ağacların budaqlarının və gövdəsinin çürüməsində iştirak edən göbələklər mineral maddələrin torpağa qayıtmasına kömək edirlər.
Meşə ekosistemini süni şəkildə yaratmaq çox çətindir. Çünki meşənin müxtəlif tərkib hissələri arasında qarşılıqlı əlaqə uzun illər ərzində formalaşır.
Yer üzərində insan həyatı üçün ən mühüm ünsürlər olan oksigen, su, qida kimi əsas maddələrin tarazlığı meşələr tərəfindən təmin edilir. Meşələr havadakı karbon qazını və zəhərli maddələri udur, nəfəs aldığımız havanı oksigenlə zənginləşdirir, tozdan təmizləyir. Bir sözlə, bir növ süzgəc, filtr rolu oynayır. Meşələr həm də torpaqda su balansını nizama salır, kəskin iqlim dəyişikliyinin, sellərin və torpaq sürüşməsinin qarşısını alır, güclü küləklərin təsirini zəiflədir, sovrulan qum kütlələrinin hərəkətini saxlayır. Bundan başqa, qar örtüyünün bərabər yayılması və tədricən əriməsinə imkan yaradır, buxarlanmanı zəiflədir, qrunt sularının səviyyəsini endirir. Deyilənə görə, 1 hektar meşə 200 insanı xilas edə bilir.
Azərbaycan meşələri
XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35 faizi meşə ilə örtülü olub. Hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1213,7 min hektardır. Bu, ölkə ərazisinin 11,8 faizini təşkil edir.
Ölkəmizdə adambaşına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da dünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə azdır.
Azərbaycan meşələri növ zənginliyi ilə məşhurdur. Burada bitən 435 növ ağac və kolun 70-i endemik növlərə aiddir. Respublikamızın ərazisi üçün enliyarpaqlı meşələr səciyyəvidir. Belə meşələr Böyük və Kiçik Qafqazın, Talış dağlarının alçaq və orta dağlıq ərazilərində geniş yayılıb. Azərbaycanın əksər meşələri dağ yamaclarında yerləşir və torpaqqoruyucu, sutəmizləyici, iqlim saflaşdırıcı əhəmiyyətə malikdir. Azərbaycan meşələrinin 95 faizi dağlıq və dağətəyi sahələrdə, qalan 5 faizi isə əsasən su vadilərində, düzənlik ərazilərdə yerləşir.
Meşələrin qırılması
Dünyada əhali artımı meşələrin azalmasına güclü təsir göstərir və bunun nəticəsində yaşıllıqlar kənd təsərrüfatı ehtiyacları üçün, eləcə də ticarət, yanacaq və s. məqsədlə qırılır. Əkinçilik və maldarlıq yaranarkən bütün quru səthinin 56 faizi meşə ilə örtülü olub. Hazırda isə bu göstərici 30 faizə qədər enib. Meşələrin kütləvi şəkildə qırılması "istixana effekti"nə şərait yaradır. Belə ki, Yer kürəsində hərarətin 10 dərəcə artması faciələrə səbəb olar, qütb buzlaqlarının əriməsi sürətlənər. Mütəxəssislərin hesablamalarına görə, artıq əsrin ortalarında dünya okeanının səviyyəsi 1-5 metr qalxa bilər ki, bu da dünyada bir sıra ərazilərin su altında qalması ilə nəticələnər. Meşə təsərrüfatı mühəndisi, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Allahverdi Doluxanov bildirib ki, son 200 ildə dünyada meşələrin sayı iki, Azərbaycanda isə dörd dəfə azalıb: "Azərbaycan meşələri dünya meşələrinin birinci qrupuna aiddir. Yəni, meşələrdə ancaq səhiyyə qırıntısına yol verilə bilər. Hansı dövlətin ərazisində meşələrin sahəsi ölkə ərazisinin 20 faizdən azını təşkil edirsə, o ölkədə meşələr birinci qrupa aid edilir.
Ölkəmizin ərazisinin 11 faizə qədərini meşə fondu sahəsi təşkil edir. Bu sahəyə talalar və meşəsiz ərazilər də aid edilir. Belə ərazilərdə təbii mühitin bərpası vacibdir. Respublikamız Cənubi Qafqazın arid zonasında yerləşdiyinə görə burada təbii mühitin bərpası o qədər də asan deyil. Ona görə də daha çox quraqlığadavamlı, susuzluğadözümlü bitkilər əkilməlidir. Suvarılan ərazilərdə isə aqrotexniki tələblərə uyğun olaraq əkinlər aparılmalıdır. Meşələr yanğın, qanunsuz qırıntılar və xəstəliklərdən mühafizə olunmalıdır. Bununla yanaşı, əkin vaxtlarına düzgün əməl edilməlidir. Əgər ağac yarpağını tökərsə, onu payızda əkmək lazımdır. Həmişəyaşıldırsa, yəni istər enliyarpaqlı, istərsə də iynəyarpaqlı olsun erkən yazda əkilməsi məqsədəuyğundur".
Kürqırağı Tuqay meşələrinin tükənmək üzrə olduğunu deyən Allahverdi Doluxanov onları bərpa etməyin qeyri-mümkün ola biləcəyini də qeyd edib: "Tuqay meşələri daim suvarılmalı, bərpa üçün tarlaqoruyucu zolaqlar çəkilməlidir. Qoruyucu zolaqlar meşənin genetik fonduna aid olan ağac növlərindən əkilməlidir. Tarlaqoruyucu meşə zolaqları torpağın su rejimini normada saxlayır, nəticədə çox buxarlanma getmir. Qədim meşə fondunda olan ağaclardan çürüyüb qalan kök sistemi oyuqlar yaradır və suvarma zamanı su itkisinə səbəb olur. Torpaq hazırlığı işlərində buna da fikir verilməlidir. Əks təqdirdə əkinlər uğursuz olur. Çox təəssüf ki, hazırda həmin meşələrdə aidiyyəti olmayan ağaclar əkilir. Əkilən ağaclar ərazinin torpaq və iqlim şəraitinə uyğun olmalıdır".
Meşə yanğınlarına toxunan mütəxəssis bildirib ki, Azərbaycanda yerüstü yanğınlar çox olur. Yanğınların başvermə səbəbləri arasında antropogen amillər birinci yerdədir. Meşələrdə ocaq qalanması, siqaret kötüklərinin, şüşə butulkaların atılması və onların Günəşin perpendikulyar şüalarına məruz qalaraq qızması ətrafdakı ot örtüyünün alışmasına və yanğına səbəb olur. Bundan əlavə, kənd təsərrüfatı təyinatlı bitkilər biçiləndən sonra ərazi yandırılır. Bəzi yerlərdə yanğın biçilmiş zəmilərdən meşələrə keçir. Hər bir meşənin mühafizəsi üçün onların ətrafında mineral zolaqlar çəkilməlidir.
Meşələrin qorunması
istiqamətində tədbirlər
Xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı ekoloji tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayıb. Ulu Öndərin ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi siyasət sayəsində Azərbaycanda yeni meşələr, bir-birindən gözəl parklar və istirahət guşələri yaradılıb. Ümummilli lider Heydər Əliyev yaşıllıqların qorunmasından danışarkən deyirdi: "Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir". Ulu Öndərin bu sözləri təbiətə, o cümlədən meşələrə qayğının bir nümunəsi kimi çox ibrətamizdir.
Ümummilli Liderin həyata keçirdiyi ekoloji siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ətraf mühitin, meşələrin, yaşıllıqların qorunması daim ölkə başçısının diqqət mərkəzindədir. 2010-cu ili "Ekologiya ili" elan etməsi, habelə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın "Hərəyə bir ağac əkək!" çağırışı nəticəsində respublikamızın hər yerində yaşıllıqların çoxaldılması sahəsində çox böyük işlər görülüb. Hər il yaşından, vəzifəsindən asılı olmayaraq hər kəs yaşıllaşdırma marafonu çərçivəsində təbiət qarşısında öz borcunu yerinə yetirərək ağacəkmə tədbirlərində iştirak edir.
Ölkəmizdə meşə siyasəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi, onun müvafiq qurumu - Meşələrin İnkişafı Departamenti vasitəsilə həyata keçirilir.
Ötən il departament tərəfindən meşəbərpa və meşə ilə örtülü ərazilərin artırılması üzrə işlər aparılıb. Meşə fondu torpaqlarında 10152,2 hektar sahədə meşəbərpa tədbirləri həyata keçirilib, 4002,2 hektar sahədə aqromeşələr, o cümlədən cənub zonasında 55 hektar ərazidə sitrus bağları salınıb, 1538,9 min feyxoa, mandarin, portağal, yapon əzgili və limon ağacları əkilib. Meşələrin təbii bərpasına kömək tədbirləri isə 6150 hektar sahədə aparılıb.
Bununla yanaşı, nazirlik meşələrə, ağaclara qənim kəsilənlərə qarşı sərt tədbirlər görür.
Hazırda ölkə başçısının verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq nazirlik ağacəkmə aksiyaları keçirir, yeni yaşıllıqların salınmasından əlavə, qurumuş və təhlükə törədən ağaclar yeniləri ilə əvəzlənir.
Ölkəmizdə qiymətli bitki və ağac növlərinin qorunması üçün milli parklar, dövlət təbiət qoruqları, dövlət təbiət yasaqlıqları da fəaliyyət göstərir. Lakin bütün bunlarla yanaşı, meşə təsərrüfatı sistemində bir sıra problemlər hələ də mövcuddur. Belə ki, alternativ yanacaq növlərinin çatışmazlığı meşələrin qırılmasına, mal-qaranın qanunsuz otarılması isə təbii bərpa prosesinin pozulmasına səbəb olur.
Azərbaycanda ekoloji sabitliyin pozulmasının bir səbəbi də torpaqların bir hissəsinin işğal altında olmasıdır. Görülən tədbirlərə baxmayaraq, işğal altındakı ərazilərdə vəziyyət heç də ürəkaçan deyil.
Hazırda 261 min hektar meşə fondu sahəsi erməni vandallarının tapdağı altındadır. Həmin ərazilərdə qəsdən törədilmiş yanğınlar nəticəsində 100 min hektar otlaq, biçənək və yaşıllıqlar, həmçinin meşə sahələri yanaraq məhv olub, torpağın üst münbit qatı yararsız hala düşüb.
Erməni qəsbkarları fıstıq, irigövdəli qırmızı palıd meşələrini, çinar, qoz, ayıfındığı ağaclarını kütləvi şəkildə qıraraq müxtəlif məqsədlərlə xarici ölkələrə satırlar.
Statistik hesablamalara əsasən, 13 min 197 hektar qiymətli meşə sahəsi, 215 ədəd təbiət abidəsi, 5 geoloji-paleontoloji obyekt, hündürlüyü 45, diametri 6-8 metrədək çatan, yaşı 120 ildən 2000 ilədək olan pasportlaşdırılmış 145 Şərq çinarı və digər təbiət abidələri məhv edilib. Həmin ərazilərdə təbiətə vurulan ziyan milyard dollarla ölçülür.
Məşhur bir söz var: "Əkiblər yemişik, əkirik, yesinlər". Babalarımızın bizə miras qoyduğu meşə sərvətini biz də sonrakı nəsillərə ötürməyə borcluyuq.
Məhəmməd Peyğəmbərin (s.ə.s) bu barədə ibrətamiz bir kəlamı var: "Ömrünün sonuna bir gün qalsa da, ağac ək".
Ağac əkmək, bağ salmaq ən savab əməllərdən hesab edilir. Hər kəs əkdiyi ağacla, torpağa basdırdığı fidanla bu dünyada özünün "yaşıl imza"sını qoyur. Ana təbiət hər kəsdən belə bir "yaşıl imza" gözləyir. O "yaşıl imzalar" nə qədər çox olsa, bir o qədər yaxşıdır...
Süleyman QARADAĞLI
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim etmək üçündür.