adalet.az header logo
  • Bakı 7°C
10 Dekabr 2018 19:15
24997
ƏDƏBİYYAT
A- A+

ANA KİTAB!..

Nahaq demirlər ki, bəşəriyyətin yarandığı vaxtdan iki ən böyük kəşfi olubsa, onun biri çörək, digəri kitabdır!.. Biri bizi cismən, digəri mənən yaşadır! Böyüklü- kiçikli əldə etdiyimizin çoxuna görə kitablara borcluyuq. Çox təəssüflər olsun ki, bu həqiqəti az-çox dananlar, buna əhəmiyyət verməyənlər də var.
Gəlin etiraf edək ki, dünya bu böyük inkişafa kitabla çatıb. Nahaq demirlər ki, elm insanı nadanlıqdan, bədii ədəbiyyat isə onu naxələflikdən xilas edir, qurtarır. Fikir vermisinizmi, cinayət edənlərin çoxu ehtiyac içində olan, imkansız, vaxtında təhsil alıb, bir sənətə sahib ola bilməyənlərdi.
Kitabı lal müəllim adlandıran yunanlar nə qədər haqlı olublar. Romalılar üçün kitab əfsanəvi çıraq idi. Elə uzağı, yaxını, keçmişi götürək... Qədim yunanıstanda vəkilə ehtiyac yox idi. Hamı öz hüquqlarını müdafiə etməyi bacarmalı idi. Odur ki, orada natiqlik məktəbi inkişaf edib, gözəl zirvəsinə çatmışdı.
Qədim Romada isə buna ciddi ehtiyac vardı. Qanunlar çoxluğu yaranmışdı. Həm də bu dövrdə sənət, ədəbiyyat öz çiçəklənmə, intibah dövrünü yaşayırdı. On ikinci cədvəl qanunları... Mülkü hüquq. Öhdəlik hüququ. Qulun əmlak hesab edilməsi. Mülkiyyət hüququ.
Bir sözlə cəmiyyət hələ onda inkişafa doğru gedirdi.Hər şey də yazıya alınır, kitab şəklinə salınırdı. Bu sahədə çinlilər öndə idilər. Kağızı, ipəyi də onlar kəşf edib, uzun müddət gizli, sirr kimi saxlamışdılar.
Sovetlərin nəyi pis olsa da, təhsil, səhiyyə, hüquq məsələlərində ciddi idilər. Bu məsələlər isə tarix boyu diqqət mərkəzində olub. Bir alimin gözəl fikirləri var: "İstənilən şəraitdə müəllim öyrədir, həkim müalicə edir, hakim mühakimə..."
Dünya ədəbiyyatında necə böyük dahilər var. Onlar hamısı kitabın hesabına kamilləşib, belə bir yüksək zirvəyə çata biliblər. Vilyam Şekspir, Viktor Hüqo, Aleksandr Düma, Balzak...
Rus ədəbiyyatı ölməz simaları ilə bizi həmişə heyran edib. Lev Tolstoy, Fyodor Dostayevski, Anton Pavloviç Çexov, Turgenev... Elə bizimkilər... Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmaməddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Səməd Vurğun, Mikayıl Müşfiq, Bəxtiyar Vahabzadə, Məmməd Araz...
On doqquzuncu əsirdə olduğu kimi, iyirminci əsrin əvvəllərində də xalqımız olmazın müsibətlərini çəkib. Mikayıl Müşfiq susdurulub, Hüseyn Cavid Uzaq Şərqə - Sibirə sürgün olunub. Elə orada da dünyasını dəyişib. Bu əsil mənada körpə, sərt qış, soyuq görməyən, ştili açıq havaya çıxartmaq kimi bir iş idi.
Altmış, yetmişinci illərdə xalqımızın üzü gülsə, sərbəstlik verilsə də, hələ ürəklər qan ağlayırdı. Gizli qadağalar öz işində idi. Moskva xəfiyyələri vasitəsilə bildiyini edirdi.
Şəxsiyyəti boğan, ona sərbəstlik verməyən, dünya mühitindən uzaq saxlayan bu sistemin həm də elmə, sənətə olan yaxşı münasibəti bu gün də adamı heyrətdə qoyur. Bəyənilən kitabın necə çap olunduğunu, başa gəldiyini müəlliflər bilməzdilər.
Onda Respublikamızda kitaba olan münasibət belə deyildi. Bakıda olduğu kimi, rayon mərkəzlərində də müasir tipli kitab mağazaları tikilib, istifadəyə verilirdi. Öz dövrünə görə xeyli yaxşı, gözəl görünən geniş kitab mağazalarının biri də o vaxtlar qonşu rayon olan Ağsuda istifadəyə verildi. Onun açılışına şəxsən Respublika Mk-nin birinci katibi olan Heydər Əlirza oğlu Əliyev gəlmişdi.
Heydər Əliyev ədəbiyyatımızın, mənəviyyatımızın qoruyucusu, keşikçisi kimi belə işlərin görülməsinə xüsusi diqqət yetirərdi. Hətta onda Ağsuya, həmin kitabxanaya gedəndə hər şeyə nəzər salır, sanki Heydər Əliyevin, bu gözəl, mübariz, prinsipial insanın ayaq izlərini görmək istəyirdilər.
O kitab mağazalarından biri də Kürdəmirdə tikilmişdi. Özü də Ağsudakından fəqli olaraq, çox gözəl, yaraşıqlı, müasir, ikimərtəbəli, şüşəbəndli... Necə də ona həvəslə baxar, pilləkənləri ilə addımlayardılar. bir dəfə oradan bir kitab aldı. İçindən üç manat pul çıxdı. Qaytarıb aparıb verdi. Satıcı qız dedi ki, maarifdə makinaçı işləyən Bircənin olacaq. Bu kitabı alıb oxumağa aparmışdı.
Sonradan həmin kitab mağazasının başına nə işlər gəlmədi, İlahi! Əsil mənada cəbhəçilər köhnə kitablara qarşı sanki müharibə elan etdilər! Rəhbərlik də bu ağılsız işə, hərəkətə getdi. Heç o kirillə çap olunmuş kitabları da məhv etmək lazım deyildi... Əlifba dəyişib deyə qəbiristanlıqdakı qəbirləri, baş daşındakı yazıları da söküb-dağıdaq yəni?!. Axı bir vaxt, cəbhəçilər hakimiyyətdə olanda Kürdəmir rayonunun Qarabucaq kəndi tərəfdə, Ucarla sərhəddə bir " Oraq və Çəkic" abidəsi vardı. Belə işlərə mahir, səriştəli bir qaynaqçı düzəltmişdi. RTS-in partkomu idi həmin kişi.
Cəbhəçilər onu oradan çıxartdıranda, həmin qaynaqçı öz işi ilə fəxr edən bir adam kimi, əsəbi, hirsli halda İcra hakimiyyətinin akt zalına gəlib, kabinet iclası keçirən, cəbhəçilərə demiş, sorğu etmişdi:
- Deyin görüm, kimin həyətində, evində oraq, çəkic yoxdur?!.
Əlbəttə, oraq məhsulu biçmək, çəkic döymək, iş görmək, bir sözlə əmək rəmzləridi.
Yaşlı adam beləcə onların hamısının gününü qara edib, göy əskiyə bükmüş kimi, oradan uzaqlaşdı... Yolda da biri nankorluq edəndə soruşur:
- Ə, sən mənim canım, atan dəyirmana dəni necə aparırdı?
- Qonşunun ulağı ilə.
- Onu da tapanda tapır, tapmayanda kisələri elə öz çiyninə alıb aparırdı da?
- Bəli...
- İşlədiyi adlı-sanlı kolxozun da iki yük maşını vardı. Akkumliyator yoxluğundan arxasından basıb hərəkət gətirər, xoda salardılar.
- Düzdür...
- Onda, ə, qoduq, nə yekə-yekə danışır, nankorluq edirsiniz. İndi elə sizin qapıda beş maşın var. Hamısı da təzə, saz vəziyyətdə.
- Deyirsiz də...
- Yoxsa yalan deyirəm?!
- Yox...
Həmin kitab mağazası bir müddət sahibsiz qaldı. İçindəki minlərlə kitabı o -bu aparmalı idi. Sonra ora lap bərbad günə qaldı. Bir gün də biri oranı meyvə-tərəvəz mağazasına çevirdi. 1995-ci ildə orada olanda lap ürəyi ağrıdı. Gör dünya dahilərinin, rus klassiklərinin, elə öz mütəfəkkirlərimizin kitaları harada yan-yana qoyulmuşdu. Eləsi vardı ki, lap ayaq altında, yerdə gəzirdi.
Sonra da həmin bina Rayon Vergilər şöbəsinə verildi. Özləri üçün oranı yaxşıca təmir etdirmişdilər. Arada vergi bağlanıb, regionlaşdırıldı. Az sonra da oranı MTN-nin yerli şöbəsinin işçiləri tutdu. Halbuki düz rayonun mərkəzində Kənd Təsərrüfatı idarəsi, Rabitə Evinin binaları Misir ehramları kimi sahibsiz, istifadəsiz qalmışdılar.
Şöhrətpərəstliyin reallığı idi də. Gərək hökmən bina ona məxsus olsun, əzəmətli görünsün, qarşısına vurulmuş lövhə də... Təzə maşın da qarşıda dayansın...
Bunlar hamısı yaxşıdı, olsun. Biz də bir söz demirik. Bəs vicdan tərəzisi?!. Belələrinin heç vicdanı yoxdur?!. Onlara vicdanları əzab vermir ki, rayonun yeganə kitab mağazasını əllərindən almışıq?!. İnanın ki, Heydər Əliyev buna dözməzdi!.. İnanmır ki, belə-belə işlərdən İlham Əliyevin xəbəri var!..
Heydər Əliyev demişdir: "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir."
İlham Əliyevin sözləridir: "Azərbaycan kitabxanası Azərbaycan xalqının milli sərvətidir." Belə olduğu halda bəzi naxələflər kitabxananın ağzını açmayıb, onu niyə zülmət guşəsinə çevirirlər?!. Ağzı paslı, açarlı kitabxanaları az görmüşükmü. Kitabxanaçı var ki, əmək haqqı aldığı kartdan heç xəbəri yoxdur. Bığı sığallaya-sığallaya, zəvər qarnını yelləyə-yelləyə gəzməklə deyil. Gərək insanın qəlbi millət yolunda döyünə, onun qayğısını çəkməyi bacarasan. Onda xalq da səni unutmaz, yaşadar. Yoxsa bir yandan bildiyini edəsən, o biri yandan, tərəfdən də gileylənəsən ki, niyə belə oldu?!. Mənim xidmətlərim, medalım vardı.
Yadına gəlmir ki, Mərkəzi kitabxana rəhbərliyi bir dəfə təşəbbüs göstərsin, bir görüş təşkil edib keçirtsin. Belə görüşlər üçün ürəyimiz getmir, həsrətində də deyilik. Sadəcə olaraq ziyalı narahatçılığımız bunu tələb edir.
Keçid dövründə, müstəqilliyimizin ilk illərində Azərbaycan kitabı çox çətin, xoşagəlməz dövrünü yaşadı. Zirzəmilərdə, darısqal, qaranlıq mağazalarda, künc-bucaqlarda qiymətli kitablarımızı görəndə adam qəhərlənir, kövrəlir, gözləri dolur, ağlamaq istəyirdig Hərgah ki, belə zəifliyi vaxtında böyük şairimiz Mirzə Ələkbər Sabir də qamçılayıb demişdi: "Ağlaya -ağlaya İran oldu!.."
Şükür ki, ümidlərimiz boşa çıxmadı. Müstəqilliyimiz ayaq tutub yeridi. Əkilən toxumlar bəhrə verdi. Qoyulan sərmayələr çoxu özünü doğrultmağa başladı. Gül üzlü balaların üzü güldü. Millətimiz onu bürüyən sıxıntıdan az-çox qurtula bildi.
Bu günlərdə Statistika idarəsi ilə üzbəüz binada yerləşən "Aəzərkitab" kitab təbliğatı mərkəzində vətənpərvər jurnalist xanımımız Yaqut Əşrəfovaya bu münasibətlə verilən medalın təqdimat mərasimində idi. Orada gördükləri onu valeh etdi. Çıxışında da həmin təşkilatın nümayəndəsinə üz tutub dedi:
- Azərbaycan kitabını zirzəmidən çıxaranlardan biri olduğunuz üçün Sizə minnətdarıq!
Bu xoş sözlər bu sahədə xidməti olan hər bir iş adamına ünvanlanmışdı.
Nədənsə rus şairi Mayakovskini, onun "Çəp yağış" şeirini çox sevir... Bəzən biz yaşadığımız mühitdə başa düşülməyə bilərik. Nə etmək... Axı Həzrət Əli də demişdir ki, uşaqlarınızı yaşadığınız dövr üçün yox, onların dövrü üçün tərbiyə edin! Mayakovski də "Alın a, yana-yana qalın a, mən sovet vətəndaşıyam!" desə də, bəzən başa düşülmürdü. Belə anların birində də o məşhur "Çəp yağış" şeirini yazmışdı:

İstərəm Vətənim anlasın məni,
Əgər anlamazsa, neyləmək, nə qəm.
Çəpəki, köndələn yağışlar təki,
Ölkəmin yanından yağıb keçərəm!

İlahi, bu sadə şeirdə nə qədər böyük dərin məna, tutum var! Bəli, nə qədər incisə, incik olsa da öz qabiliyyətini, qabil olduğunu Vətəni, torpağı üçün sərf etməlidi. Biz belə yaşadıq, belə gördük!
Kitabın qüvvəsi, qüdrəti elə ondadı ki, o insan qəlbini riqqətə gətirə bilir. Zəif bir işığı nurlandıra, közərtini alovlandıra bilir! Əhsən belə yazıya, belə kitaba, belə müəllifə! Düzgün deyirlər ki, yaxşı kitab müəllifin bəşəriyyətə hədiyyəsidir! Bu kitablar bu gün ancaq və ancaq bizim maariflənməyimizə, mübarizə ruhumuzun güclənməsinə xidmət etməlidir. Necə ki, onların birində deyilir:

Əzizinəm, Qarabağ,
Şəki, Şirvan, Qərabağ!
Aləm cənnətə dönsə,
Yaddan çıxmaz, Qarabağ!

Həmin tədbirdə Yaqut Əşrəfovanın qrup yoldaşı, jurnalist xanım, əslən Qarabağlı olduğu üçün təsirlənmiş halda dedi:
- İnanı, and içmişəm! Torpaqlarımız azad olunan gün kəndimizə kimi pay-piyada, ayaqyalın gedəcəyəm!
Əhsən sənə, bacım! Heç onda maşınla getsən də biz sözüm yoxdur. Ancaq indi, zamanında sən öz sözünü dedin! Bax ziyalı sözünün qüdrəti budu! Sən bu sözlərinlə yatmış vicdanları oyadan, silkələyən kimi oldun. Silah tuta bilməsən də, mübariz bir azərbaycanlı qadını kimi sözünü dedin... O an Ağdamla bağlı sətirlər yada düşdü:

Bu görünən Ağdamdı,
Ağ damdı, qara damdı.
Yollaprına baxmaqdan,
Gözlərinə qan damdı.

Yaxşı deyirlər ki, həyat səbirlilərindi. Ancaq səbrin də bir həddi var da... SSRİ tarixində belə bir şeir vardı:

Ey qızıl günəş, ey al günəş,
Qızdır bizim kimi qara günləri!
Xeyirxah gəncləri, didərginləri!

Bəli, indi bəziləri var ki, onlara heç qaçqın, didərgin də demək olmaz. Ancaq torpaq həsrətini nə ilə əvəz etmək olar?!. Onun zənninə görə heç nə ilə! Əziz Vətən oğlu, o torpaq tək sənin yox, hamımızındır! Bütöv Azərbaycanındır!
İnşallah, o gün gələcək! Əsgər paltarında, əllərimizdə silah tutmuş halda, o torpaqlarda zəfər mahnısı oxuyacağıq, bizə doğma, əziz olan himnimizi səsləndirəcəyik:

Azərbaycan, Azərbaycan,
Ey qəhrəman övladımın şanlı vətəni!
Səndən ötrü can verməyə cümlə
hazırız!
Səndən ötrü qan tökməyə cümlə
qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!

Məlum həqiqətdir ki, bəzən inkişafımızı, irəliyə doğru hərəkətimizi ləngidən məsələlərlə, hallarla qarşılaşırıq. Bunların bəlkə də əsası, ən böyüyü ilə tərəfkeşlik, əyani, obyektiv gerçəkliyin ortalığa çıxmasına imkan verməməkdi. İşin işbilənlərə tapşırılmasıdı. Necə deyərlər, böyük şairimiz Şəhriyar demişkən:

Bizdən xeyli irəlidədi avropalılar,
İşi, işbilənə tapşırır onlar!

Bu gün Azərbaycan kitabı - Ana kitabımız nur saçır! İşimizə, əməlimizə, taleyimizə! Bu nurun daha gur olmasına çalışmalı, başqalarına da zərrə də olsa çatmasına şərait yaratmalıyıq. Yaşayırıqsa, cəmiyyətiksə!.. Heç vaxt insan, tək xoşbəxt ola bilməz! Gözlərimiz önündə bir anlıq şanı üzərində çalışan, hərəkət edən arıları gətirək. Görürsüz də, tənbəlləri necə dürtmələyir, tullayır, ayıltmağa çalışırlar! Həyat hərəkət deməkdir! Bu olandan sonra sağlamlıq, işgüzarlıq öz yerini tutacaq! Biri-birindən gözəl kitablar da yazılacaq!