adalet.az header logo
  • Bakı 7°C
10 Dekabr 2018 19:07
29162
ƏDƏBİYYAT
A- A+

Dilimizin saflığını qorumaq hər birimizin vətəndaşlıq borcudur!

"...Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə vəreklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışıqlarından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilib..."

İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
01 noyabr 2018-ci il

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan dilinin saflığı uğrunda mübarizə bu gün onun siyasi varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Heydər Əliyev 1969-cu ildə respublika rəhbərliyinə gələndən sonra bütün sahələrdə ciddi yenilik yaratmaqla yanaşı, həm də Azərbaycan dilinin, tarixinin, incəsənətin, musiqinin və bütün sahələrin inkişafına, onun milli xüsusiyyətlərinin mahiyyətcə dərinləşməsinə daha tələbkar yanaşırdı.
Xüsusilə ötən əsrin 70-ci illərində rus dilinə artan tələbat və post-sovet məkanı olan bir dövrdə Heydər Əliyev öz doğma ana dilinə xor baxanları, hətta yüksək vəzifəli şəxsləri də açıq tənqid edir, onun dil probleminə öz münasibətini bildirirdi.
Məhz o dövrlərdə dilimizin zənginliyini, onun gözəlliyini önə çəkən Ulu Öndər birinci özü nümunə göstərir və digərlərindən də bunu tələb edirdi.
Dilimizin saflığı uğrunda mübarizənin tarixi qədimdir. Hələ min illər bundan qabaq dilimizin lüğət tərkibində işlənən elə sözlər var ki, onlar bu gün də öz funksiyasını, şirinliyini qoruyub saxlamışdır. Buna misal olaraq yazılı abidəmiz, bütün Türk Dünyasının dil tarixi baxımından stolüstü kitabı olan "Kitabi-Dədə Qorqud" dastanlarını göstərmək olar. Sual olunur: Əgər Azərbaycan dili bir neçə min il əvvəl şifahi şəkildə ulu babalarımızın dili olmuşdursa, onun yazılı dili necə formalaşmaya bilərdi?! Deməli, həqiqətən də dilimizin tarixi qədimdir. Və bu dil qədim köklərə bağlandığı üçündür ki, onun bu günü də çox zəngindir.
Dilimizin qədimliyi 50-yə yaxın Türk-Oğuz kökü, 7-9-a yaxın dil qrupunu özündə birləşdirməsində də göstərir. Bunun təsdiqini Lev Qumilyovda, Oljes Süleymanovda, (Az-ya) Murad Acılı və onlarca başqalarının əsərlərində də görmək mümkündür. Nizami Gəncəvi XII əsrdə əsərlərini saray idarəçiliyinin qanunlarına uyğun olaraq fars dilində yaratmasına baxmayaraq, o əsərlərin mahiyyəti, xüsusiyyətləri, məzmunu sırf Azərbaycan koloritini əks etdirir. O, harda doğulmuş, böyümüş və bir sənətkar kimi yetişmişdir?! Həmişə düşünürdüm ki, Gəncədə yaşayıb yaradan, nəsillikcə çörəkçiliklə məşğul olan bu sənətkarın doğma ana dilində əsərləri olmaya bilməz. Təxminən 5-6 il bundan əvvəl Misirdə tədqiqat aparan İran alimi Nizami Gəncəvinin Azərbaycan türkcəsində bir neçə əlyazmasını aşkar etmişdi.
Orta əsrlərdə yazılı ədəbiyyatda dilimizə aid çoxlu nümunələr var ki, bu da dilimizin zənginliyini bir daha göstərir. İzzəddin Həsənoğlu, Hüseyn Bayqara, Seyid Əli, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, M.P.Vaqif, Q.B.Zakir, Saib Təbrizi və başqa sənətkarların yaradıcılığında dilimizin inkişaf mərhələlərini nümunə kimi göstərə bilərik. Dilimizin zənginliyi barədə XIX əsrin birinci yarısında böyük rus şairi M.Y.Lermontovun, Küxelbeker, L.N.Tolstoyun və digərlərinin söylədiyi fikirlər də bu gün bizim üçün çox qiymətlidir.
M.F.Axundov, S.Ə.Şirvani, XX əsrdə M.Ə.Sabir, A.Səhhət, C.Məmmədquluzadə və bu dövrün mütərəqqi mətbuatı da dilimizin saflığı uğrunda yorulmadan mübarizə aparmışlar.
Xüsusilə C.Məmmədquluzadənin müştərək redaktorluğu ilə nəşr olunan "Molla Nəsrəddin" jurnalını və onun 1920-ci ildə yazdığı "Anamın kitabı" pyesinin əhəmiyyətini qeyd etməmək olmaz.
Bütün bu və digər faktlar bir daha onu göstərir ki, dil xalqın varlığının ən birinci göstəricisidir.
Mərhum xalq şairlərimiz Bəxtiyar Vahabzadənin "Latın dili", Xəlil Rza Ulutürkün "Mənim dilim" və s. bu kimi əsərlər xalqın dilinin zənginliyini bir daha önə çəkir. Dilin uzun zaman yaşamasının ən birinci faktoru onun zənginliyidir. Ona görə də B.Vahabzadə "Latın dili" şeirində bu fikri daha qabarıq şəkildə vurğulayır. Xalq yer üzündən silinib gedib, ancaq onun dili yaşayır və dünya xalqlarına xidmət edir. Tibbdə, digər elm sahələrində latın dilinin imkanlarından söz kimi, termin kimi bu gün də çox gcenişliklə istifadə olunur. Bu həm də elə xalqın böyüklüyünü bir daha sübut edir.
Müasir mərhələdə - yəni son 15 ildə cənab prezident İlham Əliyev Azərbaycan dilinin yad təsirlərdən qorunması və inkişaf etdirilməsi məqsədi ilə 10-dan artıq fərman və sərəncam imzalamışdır. Lap axırıncısı bir neçə gün öncə olmuşdur. Orada dilimizin zənginliyi, məna çalarlığının çoxluğu, hər hansı bir fikrin ifadə edilməsində çətinliyin olmaması, lazımsız digər dil ünsürlərinin işlədilməsinin yolverilməzliyi, dialekt və şivə xüsusiyyətləri ilə mövcud ədəbi dil normalarının pozulması hallarına tez-tez rast gəlinməsi və bu kimi hallara qarşı hamılıqla mübarizə aparılması qarşıya qoyulmuşdur. Bunun üçün cənab prezident "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" yeni bir fərman vermişdir. Fərmanda Azərbaycan dilinin daha geniş işlədilməsi, ölkə həyatının elmi-mədəni, iqtisadi-siyasi və bütün sahələr üzrə həyata keçirilməsi bir daha vurğulanmış, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması nəzərdə tutulmuşdur.
Azərbaycan dili Konstitusiyamızın 23-cü maddəsində də təsbit edilmişdir. Bu o deməkdir ki, hər bir kəs Azərbaycan dilini mükəmməl bilməli, ədəbi dilin norma və tələblərinə, orfoqrafiya və orfoqrafiya qaydalarına əməl etməlidir. Sıravi vətəndaşdan tutmuş yüksək vəzifəli məmurlar da bunu dərindən dərk etməlidirlər.
Bu gün kütləvi informasiya vasitələrində - telekanallarda, gündəlik və dövrü nəşrlərdə təəssüflər olsun ki, ədəbi dil normaları pozulur, çox vaxt isə bu adi hala çevrilir. Axı bu verilişlərə, yazılara, nitqlərə kimlərsə nəzarət etməli, məsuliyyət daşımalıdır. Axı bu vasitələr dilimizin saflığı, təmizliyi uğrunda mübarizədə nümunə olmalıdırlar. Dövlət qəzetləri - "Xalq qəzeti", "Azərbaycan", "Respublika", YAP-ın orqanları - "Yeni Azərbaycan", "İki sahil", AzTV-ni və bir neçə belələrini istisna etməklə, bəzi sahə qəzetləri, telekanallar dil baxımından bərbad vəziyyətdədir.
Qəzetlər gərək nədən yazdığını, hansı problemin həllinə yol göstərdiyini, hərbi-vətənpərvərlik tərbiyəsinin təşkili yollarını, gəncliyin gücünün səfərbər edilməsini və s. bu kimi vacib məsələlərə diqqət çəksin. Yoxsa nömrə xatirinə, heç kimi düşündürməyən, boş, cəfəng yazılar kimə lazımdır?!
Elə buradaca böyük novator-satirik şair M.Ə.Sabirin "Şərhesab" şeirində 100 il bundan qabaq dediyi misralar yada düşür:

"...El uyuşub azanlara,
Gündə qəzet yazanlara,
Od vurulub qazanlara,
Qaynadı, daşdı, qoymayın!
Həddini aşdı, qoymayın!.."

Doğrudur, televiziya verilişlərinə də, mətbuata da nəzarət edən şura və təşkilatlar, ancaq yenə də düzgün yazı, düzgün danışıq problemləri var. Bunları niyə gizlədək. Olmaz ki, nöqsanlarımızı aradan qaldıraq, dilimizin qayda-qanunlarına əməl edək - olar, əlbəttə!
Aparıcılarla, ixtisasla jurnalist olmayanlarla etik, dil-nitq normaları, yazı üslubu baxımından ciddi iş aparılmalı, dilimizin zəngin söz-lüğət ehtiyatlarından, söz nitq mədəniyyətindən harda, necə istifadə etməyi onlara öyrətmək, məişət üslubundan, vulqar ifadələrdən, kobud-yarğanlardan, yersiz, şit hərəkətlərdən istifadəni tərgitmək lazımdır. Nəzərə almalıdır ki, bu verilişlərə hər yaş qrupundan olanlar da baxır.
Yersiz şoular, "əttökən" verilişlər insanları yorur, bunlar olsa da qədərində olur. Düşündürücü, elmin məntiqi, yenilik və təşəbbüslərə geniş yer verilməsinin, mütəxəssis məsləhətlərindən faydalanmağın nəyi pisdir axı?! Məgər dünyanın ayrı-ayrı ölkə telekanallarında təbiət sirləri, elmi-axtarışlar, tərbiyəvi məsələlər, yaradıcı insanlar, idmanın müxtəlif növlərinin təbliği, gənclərin, uşaqların, yaşlıların məşğulluğunu təmin edən və s. bu kimi yazı və verilişlərin təşkilinə daha çox diqqət verilməsi yaxşı olardı. Doğrudur, qeyd olunanlar barədə müəyyən proqramlar var, lakin bunların çoxunda yeknəsəqlik, dilinin qüsurluluğu, şablonçuluq, sünilik, reytinq xatirinə olur. Dilimizin saflığının qorunmasında teleaparıcılar, bədii qiraətçilər, söz-nitq ustaları da mühüm rol oynayırlar.
Azərbaycan müasir dünya fonunda çox sürətlə inkişaf edir. Ölkəmiz tolerantlıq, multikultural dəyərlər baxımından bir nümunədir. Bu gün Azərbaycana gələn iş adamları, diplomatik korpusun nümayəndələri və başqaları dilimizi öyrətmək istəyirlər. Bunlar üçün də lazımi şərait yaradılır. Bəzilərini misal də göstərmək olar.
Bəzi beynəlxalq terminlər var ki, bütün dünya onu qəbul edir, təbii ki, biz də qəbul etməliyik. Bu faktor da dilin zənginliyində mühüm rol oynayır. Eyni zamanda bizim zəngin dilimizdən də istifadə edən başqa xalqları, onların elm və sənət adamlarını da qeyd etmək lazımdır.
L.N.Tolstoyu, Valentin Pikulu və onlarca başqaları öz əsərlərində sözlərimizdən eninə-boyuna istifadə etmişlər.
Cənab prezidentin verdiyi fərman hər bir azərbaycanlının qarşısında mühüm vəzifələr qoyur: dilimizin qədimliyinə, onun zənginliyinə qısqanc yanaşan bədxahlara, saxtakarlara həmişə, hər yerdə tutarlı elmi, məntiqi cavab verməyi bacarmalıyıq.

Hüseyn Bayramov,
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü, politoloq