adalet.az header logo
  • Bakı 7°C
10 Dekabr 2018 19:05
15722
ƏDƏBİYYAT
A- A+

ƏDALƏT VƏ MƏRHƏMƏT

Ələmdar Məmmədov
Təqaüddə olan
Baş ədliyyə müşaviri


(əvvəli ötən saylarımızda)

Bir mükafatın acısı

Azərbaycan Respublikası prokuroru A.Zamanovun 19 mart 1984-cü il tarixli 902 nömrəli əmrində göstərilir: - A.Məmmədovun CM-nin 94-cü maddəsinin birinci bəndi, 145-ci maddəsinin 2-ci hissəsi, Q.Quliyevin 145-ci maddəsinin 2-ci hissəsi və T.Axundovun 145-ci maddəsinin 2-ci hissəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin məhkəmə baxışında dövlət ittihamını yüksək səviyyədə və peşəkarlıqla müdafiə etdiyinə görə, Lənkəran rayon prokurorunun müavini Məmmədov Ələmdar Məmməd oğluna təşəkkür elan edilməklə 100 manat pul mükafatı verilsin.
Uzun illər keçməısinə baxmayaraq, bu gün də həmin əmrlə fərəhləndirilməyim məni ağrıdır.

Səbəbi...

Lənkəran rayon prokurorunun müavini vəzifəsinə təyin edildikdən bir neçə gün sonra rayon prokuroru Tələt Qənbərov bildirdi ki,A.Məmmədov və qeyrilərinin təqsirləndirilmələrinə dair cinayət işinin məhkəmə baxışında dövlət ittihamını müdafiə etmək mənə tapşırılıb.Ali Məhkəmə üzvü Məmməd Abdullayevin sədrliyi ilə keçirilən məhkəmə iclası bir həftə davam etdi.
İttihamnaməyə görə müqəssirlər A.Məmmədov, Q.Quliyev və T.Axundov qabaqcadan əlbir olaraq, 16 mart 1983-cü il tarixdə Lənkəran şəhərində yaşayan Şəfiqə adlı (bəzi adlar şərtidir) qadının şəxsi mülkiyyətində olan əmlakına sahib olmaq məqsədi ilə mənzilinə girmiş, ondan pul və qiymətli əşyalar tələb etmiş,çoxsaylı işgəncə xarakterli xəsarətlər yetirmiş və A.Məmmədov niyyətdən kənara çıxaraq ,qəsdən öldürmək niyyəti ilə əlindəki çəkiclə Şəfiqənin sol gicgah nahiyyəsindən güclü zərbə vuraraq ,ağır xəsarət yetirmiş və hadisə yerindən qaçmışdılar.
Şəfiqə iki gündən sonra xəstəxanada özünə gəlmədən ölmüşdü.Ölümə səbəb başın sol gicgah nahiyyəsinə, yetirildiyi anda həyat üçün təhlükəli olan, ağır xəsarət olmuşdu. Ümumilikdə Şəfiqəyə 20 xəsarət yetirilmişdi.Xəsarətlərin 19-u yüngül olmagla, işgəncə xarakterli idi.
Müqəssirlər bundan əvvəl Bakı şəhərində də quldurluq hadisəsi törətmişdilər.
Bakı şəhərində törətdikləri quldurluq hadisəsini ardıcıllıqla danışır,ibtidai istintaqda verdikləri ifadələri olduğu kimi təkrar edirdilər.
Lənkəranda Şəfiqəyə qarşı törədilən cinayətlə əlaqədar, xüsusilə yetirilən ağır xəsarət barədə könülsüz,ziddiyyətli ifadələr verirdilər.
Onların iştirakı şübhə doğurmasada, belə təsəvvür yaranırdı ki, nəyi isə, kimi isə gizlədirlər və yaxud deməyə qorxurlar.Lakin günortadan sonra, təqsirlərini etiraf etməkdə yarışa girirdilər.Bu zaman zalda nə isə bir ağırlıq hiss olunurdu.Onların bülbül kimi ötdükləri vaxt, zalda oturanlardan biri diqqətimi cəlb etmişdi.Başı kepqalı,möhkəm bədənli,heybətli bir adam idi.Məhkəmə çıxışlarında və müttəhimlərin son sözündə də həmin adam zalda oturmuşdu.Yerli məhkəmə işçilərinin birindən həmin çəxs barədə soruşduqda həyəcanlandı,yalnız adını dedi,onun haqqında danışmaq istəmədi.
Məhkəmənin hökmü ilə A.Məmmədov 15, Q.Quliyev 12, T.Axundov 11 il müddətinə azadlıqdan məhrum edildilər.Məhkumların yaxınları pıçıltı ilə "Allah baisin evini yıxsın"- deyirdilər.
Bir neçə ay keçdi.Bir dəfə rayon DİŞ-si rəisinin müavini Adil Ağayev saat 08-də zəng edərək bildirdi ki,kəndlərin birində qadını ov tüfəngi ilə öldürüblər. 10 dəqiqədən sonra Adil maşınla gəlib məni götürdü.Əməliyyatçılar ilə birlikdə hadisə yerinə çıxdıq.Burada bir haşiyəyə çıxmaq istəyirəm.
Rayon prokuroru Tələt Qənbərovun fərqli iş üslubu var idi.Ölümlə nəticələnən hadisə baş verdikdə,hadisə yerini müstəntiqlər deyil,prokurorun müavini müayinə edir,həm də cinayət işini öz icraatına götürürdü. (Məndən əvvəl işləjən prokuror müavinləri də bu qaydaya əməl etmişdilər).Təsəvvür edin ki, DİŞ-si və Sərhəd dəstəsinin təhqiqat fəaliyyətində qanunların icra edilməsinə prokuror nəzarətini həyata keçirmək,hesabat işləri,bütün yazışmalar (bəziləri rus dilində), işlərin oxunması,şikayətçılərin qəbulu,rəsmi tədbirlərdə iştirak etməklə yanaşı icraatımda 6 cinayət işi istintaq olunurdru. Başqa sözlə, baş qaşımağa macal yox idi.İş yükünun ağırlığına baxmayaraq ,Tələt müəllimi həmişə minnətdarlıqla xatırlayıram.Həmin dövrdə mən bərkə-boşa düşdüm,yüksək məsuliyyətin nə olduğunu dərk etdim.
Oğul qoşalülə ov tüfəngi ilə anasını öldürmüşdü. Birinci atəşdən sonra çiyin nahiyyəsindən yaralanan qadın qaçır.Oğul əlində tüfəng onu təqib edir və ayağı dolaşıb yıxılan anasının baş nahiyyəsindən ikinci dəfə atəş açmaqla onu öldürür.Lənkəran rayon Məhkəmə Tibb Ekspertizası Şöbəsinin müdiri (bundan sonra ekspert) məzuniyyətdə olduğu üçün,Cəlilabad rayon məhkəmə tibb eksperti Vidadi Məmmədovu dəvət etdik.Hadisə yerini müainə edib,şöbəyə gələndə artıq saat 16 radələri idi.CM-nin 94-cü maddəsinin 6-cı bəndi ilə (xüsusi amansızlıqla qəsdən adam öldürmə) cinayət işi başlayıb,icraatıma qəbul etdim.(Onu da qeyd edim ki,qatıl oğul sonradan anlaqsiz olduğuna görə, məhkəmənin qərarı ilə məcburi mualicəyə göndərildi).
Adilin kabinetində büterbrodla bir stəkan çay içmişdik ki,növbətçi zabit həyəcanla otağa daxil olaraq, "Böyük bazar"da Baban adlı şəxsin işlədiyi mağazanın içərisində öldürüldüyünü bildirdi.Tez böyük bazara getdik.Mağazanın satış hissəsi 5 kv.m saxlanc yeri (ambar) 11 metr uzunluğunda 2.5 metr enində , dəhlizi xatırladırdı.Meyid saxlanc hissəsində ağzı üstə uzanıqlı vəziyyətdə idi.Meyidi çevirdikdə diksindim.Başın sol gicgah nahiyyəsində deşilmiş yara var idi.Meyidin üzərində çoxsaylı işgəncə xarakterli xəsarətlər müşahidə olunurdu.Qan izlərinin bütün əraziyə yayılması, ona xeylı müddət ərzində işgəncə verildiyinin göstəricisi idi.Babanın bədəni üzərində 20-si yüngül,1-i az ağır (sol çeçələ barmağın sınığı),1-i ölümə səbəb olan ağır olmaqla, 22 xəsarət aşkar olundu.Ağır xəsarət gündəlik məişətdə işlədilən çəkiclə yetirilmişdi.Mən elə hadisə yerindəcə Şəfiqəyə yetirilən xəsarətlərlə Babaya yetirilən xəsarətlərin eyni xarakterdə olduğunu dedikdə, Adil arxadan qolumu sıxıb,susmaq işarəsi verdi.
Ekspertin iştirakı ilə saat 01-ə qədər hadisə yerini müayinə etdik.Müayinə səhərisi günorta saatlarına qədər davam etdi.Mağazada külli miqdarda mal-material qalığı olduğuna görə, hadisə yerinin müayinəsində əmtəəşünas və mühasiblər də iştirak edirdi.Mağaza bazarın ortasında yerləşirdi.Ətrafda çoxlu xırda köşklər,mağazalar,bazar satıcıları var idi.Bir sözlə Babanın mağazası göz qabağında idi.Ora girib çıxanları görməli idilər.Lakin,gördüm deyən olmadı.Belə olduqda həmin mağazaların bir neçəsində yoxlama aparmağı təklif etdim.Milis rəisi Qədir müəllim hansı əsasla?- deyə soruşduqda- sizə alver və obşot (alıcıları və sifarişçiləri aldatma) lazım olanda tapdığınız əsaslarla : - deyə cavab verdim.Təəssüf ki,həmin dövrdə Lənkəranda "ticarət toxunulmazlığı" var idi.
Axşamüstü DİN-nin əməliyyat qrupu gəldi.Onların rəhbəri Tələt adlı polkovnik idi.Dərhal hadisə yerinə gedib, qana bulaşmış bütün yararsız əşyaları - karton qutu,əski parçası və s.protokol tərtib etmədən götürdülər.
Məlum oldu ki,Şəfiqənin ölümü ilə əlaqədar cinayət işinin istintaqı zamanı da bu əməliyyat qrupu fəaliyyət göstərib.Babanın həyat tərzi öyrənilirdi.Onun İranda qohumlarının olması,neçə dəfə telefonla danışması və s. ilə daha çox maraqlanırdılar (bunun məsələyə nə dəxli?). Əvvəlki nigahdan olan oğlu ilə Babanın münasibətləri soyuq idi. Onun dalınca Bakı şəhərinə iki əməliyyatçı göndərildi.Mənim əsas planım ,şahid tapmaq üçün, bir neçə mağazada heç olmasa "yoxlama xofu" yaratmaq təklifim, havada qaldı.Bir gün sonra əməliyyatçılar Bakı şəhərindən zəng edərək bildirdilər ki,Babanın oğlu tapılıb,alt köynəklərinin birində yuyulsa da, qana oxşar ləkələr aşkar olunub.
Gecə yarısı saat 03 radələrində rəisin otağında oturub baş sındırırdıq.Əməliyyat qrupunun rəhbəri polkovnik adımdan yazılmış, Babanın oğlunun CPM-nin 167-ci maddəsinə əsasən (ittiham elan etmədən həbsə alma) həbsə alınması barədə qərarı imza etmək üçün mənə təqdim etdi.Məsələ aydındır, köynəyində qan izləri var, deməli atasını da o, öldürüb,- dedi.Mən əsəbləşdim.Oğulun atasını öldürməsi mümkündür,amma ona bir saata qədər işgəncə verməsini necə təsəvvür edə bilərsiniz?İkincisi, siz istintaqçının tapşırıqlarını yerinə yetirməli olduğunuz halda , hansı səlahiyyətlə mənə göstəriş verib,adımdan qərar yazırsınız? Ümumiyyətlə mən sizin hərəkətlərinizdən şübhələnirəm.Siz Şəfiqənin öldürülməsi ilə əlaqədar başlanmış cinayət işində də əməliyyata rəhbərlik etmisiniz.Məgər görmürsünüz ki,xəsarətlərin yetirilmə üsulu və xarakteri eynidir? Siz istintaqın gedişinə mane olursunuz.Belə getsə iş bağlı qalacaq.Sabah sizin əməliyyat işindən kənarlaşdırılmanız barədə məsələ qaldıracağam,- deyib otaqdan çıxdım.
Səhərisi gün hər iki cinayət işi məndən alınıb,müstəntiqlərə verildi.Müstəntiqlərə mənimlə hər- hansı müzakirənin aparılması qadağan edildi.Babanın oğlu barədə 10 sutkalıq saxlama qərarı verildi.Narahatçılıq məni üzürdü.İşin bağlı qalacağına şübhəm yox idi.İki gündən sonra Adillə şəhərdən kənarda bir yeməkxanada görüşdük.Adil mənim fikirlərimlə tam razılaşırdı.Həqiqətən mağaza işçiləi ilə ciddi söhbət etməyin zəruriliyini,bu hadisənin Babanın oğlunun törətdiyinə inanmadığını , Şəfiqənin işində də əsas simanın böyük ehtimalla üzə çıxmadığını bildirdi.
İki təəcccüblü məsələ var idi.Birincisi mağaza və köşk sahibləri Babanın mağazasına girən şəxsi görüb, bir nəfər kimi susurdular.Daha təəccüblüsü bu idi ki,hətta şifahi,anonim əməliyyat məlumatları da daxil olmurdu.Deməli qeyri-adi can qorxusu var idi .Mən Adildən kepkali "Yoska" barədə soruşduqda,O, sağa-sola baxıb,otağın qapısını bağlayıb pıçıltı ilə aşağıdakıları bildirdi : -" Yoska hələ orta məktəbdə oxuyarkən sinif yoldaşını dəlicəsinə sevir, lakin qız onun məhəbbətinə cavab vermədiyindən,sevgilisini bıçaqlayır.Onu azyaşlı olduğuna görə, uşaq müəssisəsinə göndərirlər.Orada bir neşə irili-xırdalı hadisə törədir.Nəhayət 3-4 ildən sonra qayıdıb gələndə sevdiyi qızın nişanlandığını eşidir.Sevgilisinin nişanlısına küçədə camaatın gözü qarşısında bıçaqla ağır xəsarət yetirdiyinə görə məhkəmənin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilir.6-7 ildən sonra Lənkərana gəlir.Artıq ondan bundan müəyyən tələbləri olur.Nəhayət Əhəd adlı bir nəfəri öldürür.Məhkəmənin qərarı ilə o anlaqsız hesab edilərək, məcburi müalicəyə göndərilir.İllər keçdikdən sonra "sağalıb" gəlir.İmkanlı adamlardan pul yığmağa başlayır.Ukraynada olarkən bir nəfəri öldürüb,bir nəfərə də ağır xəsarət yetirir.Məhkəmə qərarı ilə anlaqsız hesab edilib,yenidən müalicə müəssisəsinə göndərilir.Beş-altı ildən sonra qayıdıb Lənkərana gəlir.
İndi ezamiyyətə gedən adamın maaşı saxlanıldığı kimi, bütün imkanlı adamlara hesab göndərib,pul alır.Çox yüksək rütbəli,Respublika hüquq- mühafizə orqanlarında böyük nüfuz sahibi olan yaxın qohumu onu həmişə müdafiə edir.Polkovniki göndərən də onun qohumudur."
Mübarizə ruhu ilə alışıb yanırdım ! Babanın və Şəfiqənin Yoska tərəfindən öldürüldüyünə şübhəm yox idi. Yüzlərlə macəra və dedektiv romanlar mütaliə edib, "İstintaq təcrübəsi" məcmuəsinin işıq üzü görmüş bütün nömrələrini oxuyub,sistemləşdirsəm də,aciz görünürdüm.Adilin sözlərinə görə hüquq- mühafizə orqan əməkdaşlarından da ona sovqat göndərən,tapşırıqlarını icra edənlər olmuşdu.Adillə sözləşdik ki,yalnız ikimiz bilmək şərti ilə Yoskanı izləsin.
10 gündən sonra Babanın oğlunu buraxdılar.Üzərində qana oxşar ləkə olan alt paltarını bioloji ekspertizaya göndərirlər.Ekspertiza ləkənin qan deyil,kimyəvi maddə olduğu barədə rəy verir.Babanın oğlu bir ay öncə hamama gedərkən, qabyuyan pasta alıb,çantaya qoyur.Ehtiyyatsızlıqdan pasta paltarların üstünə dağılır.Paltarları yuduqdan sonra yenə istifadə edir.İş bağlı qaldı.
(ardı olacaq)