adalet.az header logo
  • Bakı 7°C
10 Dekabr 2018 15:16
12276
SİYASƏT
A- A+

Ermənistanda parlamanet seçkiləri bizə nə verəcək? - SORĞU


Ermənistanda parlament seçkiləri yekunlaşdı. Nəticəyə görə, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım” bloku 70,43% səslə seçkilərin mütləq qalibi olub.

İkinci sırada milyarder Qagik Sarukyanın "Çiçəklənən Ermənistan” partiyası gəlir-8,27%.

Paşinyanla siyasi baxışları üst-üstə düşən, qərbpərəst "İşıqlı Ermənistan” partiyası isə 6,37% səslə (800024) üçüncü yeri tutub.

Ermənistandakı seçkilər Azərbaycanda da müzakirə mövzusu olub. Adalet.az bununla bağlı sorğu keçirib. Cavabları təqdim edirik.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov seçkinin erkən keçirilməsində Nikol Paşinyanın marağının olduğunu açıqlayıb:



Bilirsiniz ki, Ermənistandakı parlament seçikləri vaxtından qabaq keçirildi. Nikol Paşinyan bunu əvvəlcədən hiss etmişdi. Bilirdi ki, seçki tarixi uzansa, istədiyi səsi toplaya bilməyəcək. Seçkini qabağa çəkdi və istədiyi səsə nail oldu, qalib seçildi. İndi parlamentdə təmsil olunacaq üç partiyanın isə mənə görə nə Dağlıq Qarabağla, nə də Türkiyəylə əlaqəsi yoxdu. Erməni ermənidir. Seçkidə mühüm hadisə "Daşnaksutyun"un partiyasının parlamentdə təmsil ounmamağı idi. Artıq erməni xalqı bir istiqamət seçmək istəyir. Hansı yola doğru getməyi düşünür. Sarkisyan, Köçeryan dövrü qapanıb artıq. Ümumiyyətlə, Ermənistan müstəqil dövlət deyil, müstəqil dövlət kiminsə qoltuğunun altında ömür sürməz. İndiki seçkilərdə də bu təsdiq olundu. Onlar kiminsə əlinin altında yaşayacaq.

Politoloq Şahin Cəfərli erkən seçilərin keçirilməsini müsbət addım kimi dəyərləndirdi:




"Ermənistanın yeni Konstitusiyasında maraqlı müddəa var. Buna əsasən parlamentdə azı 3 siyasi qüvvə təmsil olunmalı və onlar yerlərin minimum üçdə birini (33%) tutmalıdır. (Təbii ki, topladıqları səslərə uyğun olaraq daha çox yer qazana bilərlər.) Yəni seçkilərin nəticələrinə əsasən parlamentə 2 siyasi qüvvə keçsə belə, 3-cü olmuş partiya (blok) topladığı səsin miqdarından asılı olmayaraq, qanunverici orqanda yer qazanır.

Nəticələr şübhəsiz ki, Nikol Paşinyanın triumfudur. Onun blokunun parlaq qələbəsindən əlavə, digər 2 siyasi partiya da inqilaba dəstək vermiş qüvvələrdir. "Çiçəklənən Ermənistan" oliqarx Qagik Tsarukyanın partiyasıdır və əldə etdiyi nəticə göstərir ki, bu siyasi qüvvənin yarandığı gündən bəri qazandığı uğurlar təsadüf və ya hansısa manipulyasiyaların nəticəsi deyilmiş. "İşıqlı Ermənistan" (Edmon Marukyan) isə Paşinyanın keçmiş silahdaşlarından ibarətdir və onlar inqilabın fəal iştirakçısı olublar.

Ermənilər əksinqilabçı qüvvələrə etimad göstərmədilər və seçkilərin əsas siyasi nəticəsi budur. Serj Sarkisyanın Respublika Partiyası 4,7% (59 min 59) səs alaraq, gözlənildiyi kimi, parlamentə keçə bilmədi. Sübut olundu ki, Qarabağ klanının siyasətdəki təmsilçisi olan bu partiyanın cəmiyyətdə dayaqları çox zəifdir və o, arxasında dövlət gücü olmadan uğur qazana bilməz.

Digər önəmli nəticə aqressiv erməni millətçiliyinin qocaman təmsilçisi "Daşnaksutyun"un cəmi 3,89% (48 min 811) səs alaraq parlamentdən kənarda qalmasıdır. Daşnaklar uzun illərdir cinayətkar Koçaryan-Sarkisyan rejiminin əlaltısı, cib müxalifəti kimi fəaliyyət göstərirdi və xalq bunu onlara bağışlamadı.

Sonda qeyd edim ki, Paşinyanın erkən seçkilərin mümkün qədər tez keçirilməsinə nail olması çox ağıllı addım idi. Çünki vaxt ötdükcə, inqilabın eyforiyası bitəcək və obyektiv səbəblər (sosial-iqtisadi problemlər), eləcə də daxili və xarici basqıların artması səbəbindən Paşinyanın reytinqində eroziya başlayacaq, beləliklə, əksinqilabi revanş üçün münbit zəmin yaranacaqdı. Zatən dünənki seçkidə "Mənim addımım" bloku sentyabrda İrəvan meriyasına keçirilən seçkilərlə müqayisədə aşağı nəticə göstərdi və bu trend davam edəcəkdi. Nikol Paşinyan bunu anlayaraq bizdə Elçibəyin və komandasının 1992-ci ildə yol verdiyi ölümcül səhvi təkrarlamadı. O, artıq qarşıdakı 5 ildə istədiyi islahatları həyata keçirmək üçün güclü parlament dəstəyinə malikdir”.

AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov hesab edir ki, Paşinyan tam nəzarətində saxlaya biləcəyi bir parlament formalaşdırıb:



"Respublikaçıların tam olaraq kənarda qoyulması göstərdi ki, bu, revanşist bir seçkidir. Rusiyapərəst partiyanın ikinci, Qərbəpərəst qüvvənin üçüncü olması ondan xəbər verir ki, sünu yolla geosiyasi balans yaradılmasına cəhd edilib. Paşinyan və onun bloku isə guya bu prosesin üzərində dayanıb, balansı yaradan, hadisələri nəzarətdə saxlayan güc rolunda çıxış edib. Bu ssenari ən azı onu göstərir ki, əvvəlcədən yazılmış ssenari olub və onu reallaşdırıblar. Paşinyan tam nəzarətində saxlaya biləcəyi bir parlament formalaşdırdı. Yəqin ki, bundan sonra hakimiyyətini digər istiqamətlərdə də möhkəmləndirmək səylərini daha rahat şəkildə davam etdirəcək və Ermənistanda "Qarabağ klanı"nın avtoritarizmi yeni qrupun avtoritarizmilə əvəzlənəcək”.