Qurban Qurbanov millini niyə tərk elədi? - SORĞU
Xəbər verdiyimiz kimi, AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. İclasda milli futbol yığmamızın son 1 il ərzində gördüyü işlər müzakirə olunub. Qurban Qurbanov iclasın yekununda futbol üzrə milli komandanın baş məşqçisi istefa verdiyini bildirib.
Xatırladaq ki, Qurban Qurbanov bir ildir ki, bu vəzifədə idi.
Adalet.az Qurban Qurbanovun millidən getməsi ilə bağlı sorğu keçirib. Cavabları təqdim edirik.
Keçmiş futbol şərhçisi Asif Bağırov düşünür ki, milliyə kim məşqçilik eləsə də, xeyri olmayacaq: "Qurban Qurbanov yox e, "qurban olduğum” da yığmamıza kömək edə bilməyəcək. Çünki Azərbaycanda futbolçu yoxdursa ona nə bilim, Qurban Qurbanov, "qurban olduğum” gəlsə xeyri yoxdur. Uşaq futbolunu yetişdirmək lazımdır. İndiki əlimizdəki məhsulla heç bir nəticə göstərə bilməyəcəyik. Buraxın uşaqlar oynasın. Qurban Qurnavodu, Aftandil Hacıyevdi, fərq eləməz. Kim məşqçilik eləsə xeyri olmayacaq. Əsas odu ki, uşaq futboluna fikir verin. Bir 15-20 ildən sonra nəticə bəlkə oldu. O da bəlkə. Amma ona da fikir müxtəlif olmalıdı. Futbola başqa fikirlə yaxınlaşmaq lazımıdır. Əvvəlki yox”.
Qol.az saytının redaktoru Aydın Bağırov hesab edir ki, Qurban Qurbanovun istefasının bir səbəbi də Rəşad Sadıqovun istefasıdır: " Təəssüf doğuran odur ki, Qurban Qurbanovdan əvvəl millimizin baş məşqçiləri olan Berti Foqtsa 6 il, Robert Prosineçkiyə 2 il vaxtı verildiyi halda Azərbaycan futbolu üçün tarix yazan, unudulmaz nəticələr əldə edən bir şəxsə bir il belə imkan verilmədi. Avropa Çempionatının seçmə mərhələsində iştirak etmək üçün ona şans belə tanınmadı. Adını da belə qoydular ki, o iki komandada işləyir. Bunlar sadəcə bəhanələrdir. Onu da deyim ki, Qurban Qurbanovun özü istefa verməyib, istefaya göndərilib. Bəzi insanların dedikləri yanlışdır. Qurban Qurbanovun istefa vermək fikri olmayıb. Onun istefaya göndərilməsinin heç bir məntiqi əsası yoxdur. Rəşad Sadıqovun da istefaya göndərilməsi təsadüfi deyil. O, Qurban Qurbanov gedəndən sonra mənəvi tərəfdən orada qala bilməzdi. Çünki onlar yaxın dostdurlar, bir-birinə bağlılıqları var. Futbolumuzda məsələləri artıq şəxslər həll etmir. Məsələ kiminsə gətirilməsində deyil. Problemlər daha dərindir. Bizdə futbol sistemi çat verib. Dərin bir böhran keçirir. Ən çox da bizdə uşaq futbol məktəbləri bərbad vəziyyətdədir. Bu məktəblər düzəlməyincə millimizə keyfiyyətli oyunçular gəlməyəcək. Bu problemləri yaradan həm AFFA olub, həm də klublar. Klubların özü belə uşaq futboluna diqqət ayırmırlar. Bu fikirlərim bütün klublara aiddir. AFFA da bu sahəyə ciddi diqqət ayırmır. Bölgələrimizdə futbol demək olar yoxdur. Problemlərimiz bundan sonra da davam edəcək. İdeal bir məşqçisinin Azərbaycana gətirilməsi belə, yaxın 5-10 ildə bu problemləri həll etməyəcək. Problemin yeganə həlli yolu uşaq futbol məktəblərini qurmaq, infrastruktur yaratmaq, normal məşqçilər gətirməkdir. Bunlar olmadığı sürəcdə nəyəsə ümid etmək olmaz”.
Matç.az saytının əməkdaşı Zaur Xudiyevə görə Qurban Qurbanov əvvəldən milliyə gəlməməli idi: "Bu istefa yox, müqaviləsinə xitam verilmə idi. Yəni özü getməyib, göndərilib. İkincisi, bu təyinat olanda bu barədə ən çox yazanlardan biri də mən idim və şiddətli şəkildə Qurban Qurbanovun milliyə getməməsi fikrini müdafiə edirdim. Amma təbii ki, bizim fikrimiz sadəcə bizim üçün maraqlıdı, kiminsə qərarına təsir edəcək gücdə deyil. Getdi, 6 illik müqavilə imzalandı, müəyyən layihələr hazırlandı və uzunmüddətli iş üçün hazırlıq başladı. Amma AFFA daxilindəki müəyyən qüvvələr, eləcə də mətbuatdakı bəzi şəxslər xüsusilə də son Millətlər Liqasındakı uğursuzluğu əldə rəhbər tutaraq Qurbanovun üstünə getməyə başladılar. Bu da yekunda planların yarımçıq qalması ilə nəticələndi. Şəxsi düşüncəm belədi ki, əvvəldən milliyə gəlməməli idi, amma gəlmişdisə, vaxt verilməli, öz sistemini oturtmaq üçün daha geniş şərait yaradılmalı idi. Qaldı ki, Qurban müəllimin öz nöqteyi-nəzərindən baxanda, məncə yaxşı oldu. Hoca illərlər "Qarabağ"da yığdığı nüfuzu itirmək üzrə idi. Üstəlik iki yerdə işləmək hər iki tərəfdə işin keyfiyyətinə təsir edirdi. Bundan sonra bütün diqqət və qayğısını "Qarabağ"a yönəldəcək. Bizim millimizə isə kim gəlir gəlsin, epizodik bir-iki uğurdan başqa, ciddi nəsə gözləməyə dəyməz. Çünki aşağı yaş qrupları bərbad vəziyyətdədir. Bizdə futbolçu yetişmir. Bu oyunçulara ancaq bu qədərini bacarmaq olar. Hər şeyi sıfırdan başlayıb, yeni sistem qurulsa, bəlkə nəyəsə ümid etmək olar”.
İdman bloggeri Elmar Rza iki komandaya rəhbərlik etməyin yanlış olduğunu bildirib: Qurban Qurbanovun "Qarabağ"la yanaşı millini çalışdırması yanlış qərar idi. Özü də tez bir zamanda bir əldə iki qarpız tutmağın çətinliyini anladı. Təsadüfi deyil ki, "Qarabağ" Qurban müəllimin millidə paralel çalışdığı 1 illik dövrdə daha zəif nəticələr göstərdi. Bəzi yerlərdə Qurbanova qarşı haqsızlıq olunduğu 6 illik müqavilə imzalasa da, cəmi 1 ildən yolların ayrıldığını söylənilir. Əcnəbi mütəxəssislərə verilən uzunmüddətli vaxtın ona verilmədiyi, işinə manelər törədildiyi deyilir. Lakin Qurbanovun dilindən bütün bunlar birbaşa vurğulanmayıb. O, Azərbaycan futbolunda ən nüfuzlu 3-4 şəxsdən biridir, əgər hansısa haqsızlıqlar varsa, bunu özü dilə gətirməlidi. Millidəki işinin uğursuz alınmasına səbəb olan adamları ifşa etməlidir.