adalet.az header logo
  • Bakı 7°C
13 Dekabr 2018 20:00
26105
MƏDƏNİYYƏT
A- A+

On iki yaşında gözlərini itirən dahi

Uliyam Folkner mədəniyyətləri təsnifləşdirəndə İtalyan mədəniyyətini "Bütün insani hisslərin mədəniyyəti” adlandırmışdı. Onda bu cümlənin məna yükünü başa düşməmişdim, o vaxta qədər ki, İtalyan filmlərini, musiqilərini yaxından tanımırdım. Sonra Fellininin, Antonioninin, Bertoluççinin, Pavarottinin, M. Sosanın, Ramazottinin, A.Boçellinin sehrinə düşüb, xəstələndim onlarla.

Mənə görə Fellinini sevmək elə Pavarottini sevməkdir, Antonionini sevmək elə Boçellini sevməkdir. Bu sənətçilərin nəsə mistik bağlılığı var, məsələn, Pavarotti musiqidə Fellini kimidir, xəbərin olmadığı bir vaxtda (musiqinin romantikasında itib-batanda) səni qaldırıb yerə vura bilər, amma Antonioni belə deyil, Boçelli kimi həlimdir, səni incitməz, nə də xəlvəti zərbəylə nokauta salmaz.
Bunlar öz yerində. Yaxın oturun sizə Boçellidən danışım.

Andrea Boçelli 1958-ci il 22 sentyabrda dünyaya gəlib. İtalyan tenor, bəstəkar, müğənni və albom prodüseridir. Zəif görməylə doğulan Andrea, on iki yaşında futbol oynadığı vaxt keçirdiyi qəza nəticəsində görmə qabiliyyətini tamamilə itirmişdir.

Andreanın şərab istehsalçısı olan atası Alessandro oğlunun musiqiyə marağının olduğunu görüb onu musiqi məktəbinə qoyur. Altı yaşından fortepiano çalmağı öyrənən Andrea, burada fleyta və saksofonda da ifa etməyi öyrənir.

Andrea hüquq fakültəsinin məzunu olur, lakin getdikcə sahəsinin ona yad olduğunu anlayır. O, yenidən musiqi sahəsinə üz tutur, tanınmış opera tenoru Franko Korellinin tələbəsi olur. İfaçının özü dediyi kimi, "bir çoxlarının musiqi kayerasına son verdikləri yaşda mənim musiqi karyeram başladı." Bunun adı taledir və Andrea öz taleyinin ardınca gedirdi. Bu taleyin iştirakçılarından olan italyan rok ifaçısı Zucchero 1992-ci ildə Pavarotti üçün hazırlanmış "Miserere" mahnısını oxumaq üçün ifaçı axtardığı zaman Andrea peyda olur və tenor bu musiqini o qədər gözəl ifa edir ki, onun bu ifasını dinləyən Pavarotti bu gəncin kim olması barədə maraqlanır və beləliklə, Andrea uğur nərdivanının ilk pilləsinə qalxır.

Hal-hazırda A. Boçelli dünyanın ən yaxşı üçüncü tenoru olaraq qəbul edilməkdədir.
Beynəlxalq şöhrətinə böyük təkan verən "Con te partirò” (Sağollaşmaq vaxtıdır) adlı mahnı ilə Avropada uzun müddət musiqi listlərinin, hit mahnıların başında yer almışdır. Sonralar bu mahnının ingiliscə variantı " Time to say goodbye” ı Sarah Brightmanla birlikdə oxumuş, Şimali Amerikada, Almaniyada həftələrlə mahnı reytinqdə ilk pillələrdə yer almışdır. Bu mahnının yer aldığı albom Almaniyada gəlib-keçmiş ən çox satılan albom kimi musiqi tarixinə düşmüşdür.

Boçelli həm də opera sənətinin geniş kütlə tərəfindən sevilməsinə nail ola bilmiş sənətçidir.
1996-97-ci illərdə Boçelli ilk beynəlxalq albomu olan " Romanza”nı satışa çıxarır, əvvəlcə Avropanı silkələyən albom ardından dünyanın dörd bir tərəfində maraqla qarşılanır.

1999-cu ilin mart ayında ikinci pop-opera albomu olan "Sogno”nu satışa çıxarır və bununla ikinci dəfə beynəlxalq arenada uğur qazanır. Bu "Bocellimania” axınının başlanğıcına səbəb olur.
Bütün bu nailiyyətlərdən sonra Boçelli indiyə qədər olan bütün albomlarından ən uğurlusu olan "Sacred Arias”ı çıxardı. Albom həm də gəlib-keçmiş ən çox satılan klassik solo albom olmuşdur. Bu albom Boçellinin adını Ginnesin rekordlar kitabına yazdırmışdır.

Bəlkə çoxlarınız bu əzəməti daha yaxından tanıyır. Amma Boçellinin bioqrafiyasından daha maraqlısı və dəyərlisi mənə görə onun ifalarıdır. "Besame mucho” , "A mano, mano” ," Ave Maria”, "Con Te Partiro” və başqalarını misal çəkmək olar.

Yuxarıda Boçellini Antonioniyə bənzətmişdim, ifalarını, səs tembrinin həlimliyini Antonioninin filmləri kimi gözəl və əzəmətli olduğunu demişdim. Bəli, Boçelli də Antonioni kimi sənətin, duyğuların fövqündə dayanan sənətçidir. Adamı xoşbəxt uzaqlara apara bilir...