adalet.az header logo
  • Bakı 7°C
10 Dekabr 2018 12:22
6405
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: AVTOBUSLAR HANSI YANACAQLA İŞLƏSƏLƏR...

Bu gün dünya ekoloqları çox böyük həyəcan təbili çalırlar. Onların bildirdiyinə görə, atmosferin çirkləndirilməsinin böyük bir hissəsini müxtəlif markalı nəqliyyat vasitələrindən, o cümlədən avtobus və mikroavtobuslardan atılan zəhərli qazlar təşkil edir. Ona görə də artıq bir çox Avropa ölkələri dizel yanacaqlarından istifadə edən avtomobillərdən imtina edirlər. Çünki bu cür avtomobillərdən atmosferə normadan artıq zəhərli qazlar atılması heç kimə sirr deyildir. Əksər Avropa ölkələrində sıxılmış maye qazdan və elektriklə işləyən avtomobillərə daha çox üstünlük verilməsinə başlanılıb.

Bəs bizim məmləkətimizdə bu sahədə vəziyyət nə yerdədir? Bax, elə məsələnin də əsas mahiyyəti bundan ibarətdir. Hamı yaxşı bilir ki, Bakıda və digər iri şəhərlərdə hər gün atmosferə dizel yanacağı ilə işləyən nəqliyyat vasitələrindən normadam artıq yüz tonlarla zəhərli qazlar atılır. Bu isə birmənalı olaraq yüz minlərlə insanın müxtəlif xəstəliklərə, o cümlədən xərçəng xəstəliyinə tutlmasına münbit şərait yaradır.

Hər dəfə ekoloqlar Bakıdakı havanın normasını yoxlayanda çox dəhşətə gəlirlər. Çünki atmosferə normadan artıq zəhərli qazların atılması azalmaq əvəzinə daha da çoxalıb. Onun da həm obyektiv, həm də subyektiv səbəbləri var. Belə ki, Bakıda tikinti və ticarət biznesi ilə məşğul olanlar vəzifəli şəxlərin əliylə yaşıllıqlar olan yerlərə sərəncam alır və ağacları qırıb onun yerində ya "göydələn”, ya da ticarət mərkəzi inşa etdirlər.

Bəzi işbazlarsa heç sərəncam olmadan belə ağaclara, yaşıllıqlara qənim kəsilir, qanunsuz surətdə həmin yerlərdə ticarət obyekti tikdirirlər. Bir çox halda adiyyəti qurumlar tərəfindən qanunsuz iş görən iş adamlarının qarşısı alınır, onların tikintisi dayandırılır. Ancaq qırılan ağacları isə heç cürə yenidən bərpa etmək mümkün olmur. Düzdür, onların yerində eldar şamı və digər ağaclar əkilir. Ancaq onlar da nə vaxt böyüyəcək, bax, bunu bir Allah bilir.

Bir vaxtlar Bakıda tramvaylar və trolleybuslar işləyirdi. Ancaq müstəqillik dövründə nədənsə tramvay xəttini sökdülər, reysləri dəyər-dəyməzinə satdılar, trolleybus xətlərini isə qırıb dağıtdılar. Nə bilmək olar, bəlkə də elə o xətləri də bəzi işbazlar kiməsə satıb külli miqdarda pul qazandılar. Amma əksər MDB ölkələrində bu gün də tramvay və trolleybuslar işləməkdə davam edir. Əgər bu tramvay və trolleybuslar ekoloji cəhətdən sərfəli olmasaydı, avropalılar ondan çoxdan imtina etmişdilər.

Avropalıların imtina etmədiklərindən biz imtina etdik və gəlib çıxdıq belə bir mürəkkəb duruma. İndi düşünürük ki, vay dədəm vay, bu tramvay və trolleybuslar nə gözəl nəqliyyat vasitəsiymiş?! Həmin tramvay və trolleybusların Bakıda işə düşməsi üçün milyonlarla pul lazımdır. Və çətin ki, qısa zaman kəsiyində bu məsələlər öz həllini tapsın.

Ancaq Bakıda da atmosferin çirkləndirilməsinin qarşısını almaq üçün digər yanacaqdan istifadə edən avtobuslardan istifadə edilir. Məsələn, "BakBus”un avtobusları artıq sıxılmış maye qazla işləyir. Bu yanacaq növü həm ucuzdur, həm də ekoloji cəhətdən sərfəlidir. Üstəlik də sıxılmış maye qazdan heç vaxt partlayış baş verməz.

Mütəxəssislərdən bir neçəsi bildirir ki, yaxın gələcəkdə əksər avtobuslar "BakBus” kimi sıxılmış qazdan istifadə edəcəkdir. Bakıda minlərlə dizel yanacağı ilə işləyən avtobus var. Əgər bu avtobuslar hamısı sıxılmış maye qazla işləsə, onda atmosferə atılan zəhərli qazların böyük bir hissəsinin qarşısını almaq mümkün olacaq. Hələ ki, bu prosesin icrasına start verilib və çox güman ki, dizel yanacağı ilə işləyən nəqliyyar qurumları "BakBus”dan nümunə götürə biləcəklər.

Göründüyü kimi, Bakıda da yaxın gələcəkdə atmosferin avtobus və mikroavtobuslar tərəfindən çirkləndirilməsinin qarşısının alınması üçün zəruri addımlar atılır. Problemin həllində dövlət dəstəyi mühüm əhəmiyyət kəsb edəcək, eləcə də özəl qurumların köməkliyinə böyük ehtiyac duyulacaqdır. Əgər atmosferin təmiz olmağını istəyiriksə, birmənalı olaraq onu çirkləndirənlərin hamısı eyni məqsəd uğrunda fəal mübarizəyə qoşulmalı, təmiz havanı qorumağa çaslışmalıdırlar.