adalet.az header logo
  • Bakı 7°C
17 Dekabr 2018 16:08
32654
MƏDƏNİYYƏT
A- A+

Mən sizin yerinizdə olsaydım...

Fridrix Şopen 1831-ci ildə incəsənət paytaxtına getmək üçün Varşavanı tərk edəndə iyirmi yaşını yenicə keçmişdi.

Onun ənənəvi rəqs formalarını saxlamaqla yanaşı yeni məzmun – səmimi poeziya və dramatizmlə zənginləşdirilmiş polonezləri (qədim polyak rəqsi və bu rəqs üçün yazılmış musiqi – tərc.), valsları, mazurkaları (milli polyak rəqsi – tərc.) Paris tamaşaçılarını dərhal ovsunlayır.

Fridrix eyni zamanda həm də mahir pianoçu idi. O, dinləyiciləri təkcə texniki kamilliyi ilə deyil, bundan daha artıq ifasının dərinliyi və səmimiliyi ilə də heyran qoyur. Şopen zahirən də bəstələdiyi musiqiyə uyğunlaşmağı bacarırdı.

Məşhurluq həyatı...

O, həm də qadınları özünə məftun edən bəstəkar kimi məşhurlaşmışdı. Parisin ən gözəl qadınları belə onun qarşısında mətanətlərini itirirdilər. Bəstəkarn gücü yaraşıqlı olmasında, parlaq zəkasında idi. Hələ əsas məsələ – musiqi bir yana... Onun əsərlərini dinləyir və valeh olurdular.

Əks cinsin qəlbini ehtizaza gətirməkdə şöhrət tapan daha bir sima - Avrora Düpenin, öz romanlarını Corc Sand təxəllüsü ilə yazan yazıçının da payına eynilə böyük hay-küylü məşhurluq həyatı düşüb.

Şopen onunla görüşməmişdən hələ xeyli əvvəl yazıçının istedadı, məhəbbət əlaqələri və hər kəsdə təəccüb doğuran ədaları haqqında çox eştmişdi: o, sanki bütün ölçü və qaydaların acığına şalvar və frak geyir, siqaret çəkirdi.

Onlar kübar dairələrinə məxsus məclislərin birində tanış olurlar və elə söhbətin ilk anlarındaca Şopen məftun olub: Düpenin qadın zərifliyi və lətafətini nə kişi geyimi, nə də yüngülcə xırıldayan zəif səsi korlaya bilmişdi. Əksinə, bütün bunlar onu daha füsunkar, daha cazibədar edirdi.

Ancaq uzaqlaşan kimi bütün füsunkarlıq və cazibədarlığı tar-mar olurdu: dodaqlarının arasında siqaret tutmuş qayğısız dendi rolunda uzaqdan bir qədər gülməli görünürdü. Lakin bununla belə ertəsi gün onu ümumi tanışlarının evində görməyən Şopen çox kədərlənir...

Tezliklə bütün Parisi bir xəbər başına götürür: Şopen və Corc Sand birgə səyahətə yollanıblar. Belə bir xəbər bütün ictimaiyyəti çalxalamaya bilməzdi, çünki hər ikisi həddən artıq üzdə idi. Konservatoriyanın tələbələri maestronun yeni romanını qızğınlıqla müzakirə edir, hansısa baronessanın ürəkkeçmə tutmaları başlayır, məşhur ədiblərdən biri isə üç gün meyxandan çıxmır...

Parisli jurnalist Jül Düfur yazırdı: "Hansı ağıllı insan iddia edər ki, guya iki heykəlin məhəbbəti bir sutkadan çox sürə bilər"? Ümumi postamentdə onlar üçün son dərəcə darıxdırıcı olacaq. Yataqda isə heykəllər, sadəcə, gülməlidirlər..."

Onore Balzakdan bu gurultu qoparan məhəbbət macərası haqqında nə düşündüyünü soruşanda yazıçı belə cavab vermişdi: "Madam Sandın məhəbbətdəki əvvəlki uğursuzluqları onun xoşbəxt sevgiyə sarsılmaz inamı ilə tamamlanıb. O, məhəbbətə bir qadın kimi inanır və onu gözləyir. Ancaq onu kişi kimi əldə edir..."

***

Onları bir araya gətirən məhz nədir? – kənardan bunu anlamaq çətin idi, o qədər fərqli təsir bağışlayırdılar ki... Ancaq ümumi cəhətləri də yox deyildi.

Corc Sandla görüşünədək Şopenin muzaları (qədim yunan mifologiyasında: incəsənət və elm ilahəsi; məc. ilham, ilham mənbəyi, yaradıcılıq, şeir – tərc.) ona ruh yüksəkliyinin gözəl anlarını bəxş edərək bir-birlərini əvəzləyirdilər: Konstansiya, Marılya, Delfina Pototskaya, Mariya Vodzinskaya... Onların hər biri öz-özlüyündə gözəl idilər, ancaq həmişə nə isə daimi münasibətə mane olurdu: ya fərqli sosial status, ya heysiyyət duyğusunun mübarizəsi, ya xəstəlik, ya da nəhayət, sadəcə hadisələrin gedişi...

Yeni başlanan roman əvvəlkilərinə heç birinə bənzəmirdi. Corc Sandla onu bağlayan yalnız ehtiras deyildi. Ona qarşı dərin bir daxili bağlılıq, həqiqi və səmimi dostluq hiss edirdi. Fridrix heç kiminlə bu qədər açıq olmamışdı, özünün sənət problemlərini heç kiminlə belə dərindən müzakirə etməmişdi. O, Corc Sand ailəsinin bir üzvünə çevrilmişdi, yazıçının uşaqlarının - Moris və Solanj - hər bir problemi ilə yaxından maraqlanırdı.


Yaradıcılıq gərginliyi

Ancaq xarakter etibarilə fərqli idilər. Corc Sand heç vaxt yorğunluqdan şikayət etməzdi. O, nəinki bütün gecə-gündüzü işləməyi, həm də dayanmadan şənlənməyi də bacarırdı. Gəncliyindən xəstəliklə mübarizə aparmalı olan Şopeni isə bu rejim hərdən çox üzürdü.

Bütün bunlarla yanaşı hər ikisi çox böyük gərginlik tələb edən yaradıcılıqları ilə məşğul idilər və hər ikisi "yaradıcılıq gərginliyi", hətta nevrastenik tutmalar (əsəb sisteminin zəifləşməsi nəticəsində əmələ gəlib tez yorulma, əsəbilik, baş ağrısı və s. şəklində təzahür edən əsəb xəstəliyi – tərc.) keçirirdilər. Ancaq Corc Sand bu gərginliyi Şopenə nisbətən xeyli yüngül adladırdı.

Təxminən on il, 1838-ci ildən 1847-ci ilədək Şopen Düpenlərin nəsildən-nəslə keçən qəsrinin daimi qonağı olub. Noan qəsri özünün qonaqpərvərliyi ilə məşhur idi. Yayda sahibənin və onun burada böyük hörmətlə Şopinetto adlandırılan sevgilisinin saysız-hesabsız dostları, qohumları, tanışları buraya öz evləri kimi gəlib-gedirdilər.

Corc Sandın evində o, Balzak, Lui Blan, Pyer Leru... ilə tanış olur. Onların hamısı Şopenin böyük pərəştişkarlarına çevrilsələr də, burada, hər halda hökmranlıq Corc Sanda məxsus idi və Fridrix hərdən özünün mütiliyini rəf edə bilmirdi.

O da kübar dairələrinə mənsub idi, lakin Paris bohemalarının (daimi gəliri olmayan, sərsəri həyat keçirən ziyalılar təbəqəsi: aktyorlar, şairlər, rəssamlar və b. tərc.) səs-küylü həyatı onu çox tez yorurdu. Şopen qəlbinin dərinliyində varşavalı idi, ömrünün sonunadək də vətən həsrəti onu tərk etmədi.

***

Cütlük Mayorkda baxımsız qalmış kartezian (XVII əsrdə Fransada idealizm ilə materializmi birləşdirməyə çalışan Dekart fəlsəfi nəzəriyyəsi – tərc.) monastrı "Valdemoza"da keçirdikləri qış sanki hislərini bir daha sınağa çəkdilər. İnanılmaz gözəl olan bu yerdə hər ikisi qeyri-adi dərəcədə böyük ruh yüksəkliyi hiss edirdilər.

Şopenin iyirmi dörd prelüdiyadan (kiçik musiqi əsəri – tərc.) ibarət silsilə əsərləri məhz orada yarandı. Hər bir əsər qəlbin ayrı-ayrı əhvallarını, müxtəlif çırpıntı və həyəcanlarını əks etdirsə də, onların hamısı bir nöqtədə birləşir: iliyə, cana işləmiş coşqun yaşamaq və sevmək arzusu.


Xoşbəxt idilər...

Bədbəxtlikdən işin ən qızğın çağında Şopenin hələ gəncliyindən mübtəla olduğu vərəm kəskin ağırlaşır, bəstəkarın böğazından qan gəlməyə başlayır. Corc Sand bütün yazı-pozu işini buraxıb gecə-gündüz sevgilisinin yanından ayrılmır... Bütün qərəzli dedi-qodulara baxmayaraq, yaşadıqları çətin anlar onların münasibətlərini nəinki sarsıtmadı, əksinə, daha da möhkəmləndirdi.

Tez-tez Corc Sand və Şopenin qonağı olan ümumi tanışları Lui Eno yazırdı ki, bu iki sənətkar bir-birilərini çox yaxşı başa düşürdü, onlar birlikdə çox xoşbəxt idilər.

Bir dəfə isti buxarının çevrəsində üçlükdə oturanda Corc Sand özünün Berridəki sevimli kəndini xatırlayır. O, elə poetik və obrazlı ifadələrlə danışırdı ki, vəcdə gəlmiş Şopen laqeyd qala bilmir. "Əgər söylədiklərim sizi bu qədər riqqətə gətiribsə, bəlkə mənim sözlərimi musiqidə dilləndirəsiniz?" – Corc Sand təklif etdi. Və belə məqamlar dəfələrlə baş vermişdi: onlar öz yaradıcılıq ilhamlarını bir-birlərinə yoluxdururdular.

Özünün balaca küçüyü ilə oynamağı sevən Corc Sand bir dəfə Şopenə deyir: "Mən sizin yerinizdə olsaydım mütləq mənim itimin şərəfinə hasısa bir musiqili pyes yazardım..." Lui Eno xatirələrində qeyd edir ki, Şopen o dəqiqə fortepianoya yaxınlaşıb çox lətif musiqisi olan vals çalır. Sonralar bəstəkarın tələbələri və tanışları bu musiqini belə də adlandırırlar – "Balaca itin valsı..."

***

Təbiətən musiqiyə həvəsli olan Corc Sand Şopenin musiqisini çox yaxşı anlayır və onun istedadı qarşısında baş əyirdi. Ədəbi prosesdən kənarda qalan Şopen isə sevgilisinin yaradıcılığı ilə az maraqlanırdı. Hətta deyirlər ki, Şopen Corc Sandın çox az əsərini oxumuşdu. Yazıçının belə bir laqeydliklə barışması çox çətin idi. İncikliklər damla-damla toplanırdı.

Aralarındakı bu gizli "nifaq" Corc Sandın "Lukretsiya Floriani" əsəri işıq üzü görəndən sonra üzə çıxdı. Əsərin əsas süjet xəttini təşkil edən məhəbbət əhvalatı yazıçının özünün Şopenlə yaşadığı macəranı çox xatırladırdı. Corc Sand bunu nə qədər inkar etsə də, Fridrix hərəsi bir ərindən üç uşağı olan Lukretsiya obrazında onu, nərmə-nazik, şıltaq knyaz Karol rolunda isə özünü tanımışdı.

Şopen şoka düşmüşdü: onların həyatı, yaşadıqları məhəbbət ümumun mühakiməsinə çıxarılmışdı. Həm də Corc Sand romanda Şopenin xarakterindəki özünə vurğunluq cizgilərini daha da gücləndirmiş, onun yanlış portretini, daha doğrusu, karikatura, şarj yaratmışdı.

Şopen hesab edirdi ki, Corc Sand onların hər ikisinin mənəvi aləmini zənginləşdirən məhəbbətlərinə xəyanət edib. Kitabın səhifələrində gerçəkləşməyən arzularının faciəsini yaşayan Karol və Lukretsiya ayrılırlar.

Bəstəkarın heysiyyətinə vurulmuş zərbə öldürücü idi, amma buna baxmayaraq, Şopen bu acı loxmanı uddu. Ancaq münasibətləri elə yerindən çatlamışdı ki, hər hansı bir əhəmiyyətsiz bəhanə yerli-dibli sınmaya səbəb ola bilərdi.

Və bu bəhanə çox tezlikıə ortaya çıxdı. Corc Sandla qızının münasibətləri korlanmışdı: səbəb qızının evlilik məsələsi idi. O, Şopendən tələb edir ki, Solanj və onun əri ilə münasibətlərinə son qoysun. Şopen isə bu tələbi ədalətsiz hesab edir. Elə bu da onların ayrılmalarına səbəb olur.

Sonralar Corc Sand xatırlayırdı ki, onlar heç vaxt küsüşməz, bir-birlərini heç vaxt təqsirləndirməzdilər və onların ilk ayrılıqları həm də sonuncu oldu.

***

Məhəbbət münasibətləri – qaranlıq meşədir. Kənardan kimin günahı üzündən nakam qaldığını anlamaq çətindir. Yalnız üzdə görünənlərdən bəhs etmək olar.

Şopenin bir çox dost-tanışları bəstəkarın Corc Sandla məhəbbət macərasından danışarkən həmişə onu iztirab çəkən tərəf kimi qələmə verir, bu münasibətin ona yalnız əzab və dərd gətirdiyini deyirdilər.

Ancaq Corc Sandın ünvanına səsləndirilən ittihamların həddindən artıq şişirdildiyini göstərən xatirələr də vardır. Yazıçı ilə keçirdiyi illər bəstəkarın həyatının ən məhsuldar dövrü olub. Özünün qısa ömrü ərzində Şopen (39 il) iki konsert və çoxlu sayda fortepiano pyesləri – sonatalar (müxtəlif temp və xarakterdə olan üç və ya dörd hissədən ibarət instrumental musiqi əsəri – tərc.), noktürnlər (kiçik lirik musiqi əsəri – tərc.), skertsolar (cəld çalınan kiçik musiqi əsəri – tərc.), etüdlər, fantaziyalar (müəyyən forması olmayan bəzi musiqi əsərlərinin adı – tərc.), ekspromtlar (hazırlaşmadan təlif edilən və ya çalınan musiqi – tərc.), mahnılar... yazıb.

Müasirlərinin xatirələrinə görə, ayrıldıqdan sonra Corc Sand əvvəlki tək fəal, çalışqan və ətrafındakılarla mehriban ünsiyyətdə idi. Şopen isə sanki havadan məhrum olmuşdu, o artıq musiqi bəstələyə bilmirdi, yalnız ifa edirdi.

Ancaq bu müşahidələr də hər şeydə Corc Sandı günahlandırmağa əsas vermir. Məgər Şopen xəstə yatanda bütün uzun qış gecələrini onun yatağından ayrılmayan qadın hay-küylü uğurlar və ehtiramlara adət etmiş həmin bu xanım deyildimi?

Neçə ki, bu sevgi yazıçının ilhamını qidalandırır və yaradıcılığı üçün güclü impuls verirdi Şopenə sədaqətinin hüdudu yox idi, hətta bu sevgidən aldığından daha çox bəxş etməsi onu zərrə qədər də mütəəssir etmirdi... Şopen çox böyük diqqət və qayğı tələb edirdi, ancaq sevgilisinin bəxş etdiyi fədakarlıqdan onun özündə əsər-əlamət belə yox idi. Ancaq axı onların hər ikisi çox istedadlı idilər və yaradıcılıq həmişə hər ikisinin həyatında başlıca amil idi.

Fridrixlə ayrılan Corc Sand sanki özü öz boynuna keçirdiyi və düz doqquz il boyunca dinməz-söyləməz daşıdığı ağır bir yükdən azad oldu.

Son

Bəlkə də heç biri bu ayrılığı necə yaşayacaqlarını heç təsəvvürlərinə də gətirmirdilər. Corc Sand Şopenlə ayrılığı beləcə asanca qəbul edəcəyini, Şopen isə Corc Sanddan ayrı yaşaya və işləyə bilməyəcəyini heç ağlına da gətirməzdi. Şopen əzab çəkir, çırpınır və onun bir daha heç vaxt geri qayıtmayacağına inanmırdı.

Tezliklə Şopen İngiltərəyə gedir. "Bundan daha ağır günlərim ola bilməz. Çoxdandır ki, ürəkdən sevinməmişəm... mən yalnız mənasız və məqsədsiz şəkildə sürünürəm... və sonu gözləyirəm... – bəstəkar oradan dostuna yazırdı. – Özümü çox zəif hiss edirəm, musiqi yaza bilmirəm... Heç vaxt heç kimə lənət yağdırmamışam, amma indi Lukretsiyaya da lənət etməyə hazıram".

Şopen Londonda bir neçə konsert vermək istəyirdi, amma səhhəti imkan vermədi. Yalnız iki dəfə tanışlarının evində çıxış edə bildi.

Parisdə xəstəliyi daha da kəskinləşdi. Həyatının son aylarında o qədər zəifləmişdi ki, danışa bilmir, jestərlə başa salırdı.

Corc Sand bəstəkarın vəziyyətindən xəbər tutanda onun yanına can atır, lakin Şopenin dostları mane olurlar. Bu görüşün onu həddən artıq həyacanlandırıb vəziyyətini daha da ağırlaşdıra biləcəyindən qorxurdular.

Şopen isə ölümündən bir neçə gün əvvəl dostu Franşoma gileylənmişdi:

"O deyirdi ki, məni onsuz ölməyə qoymayacaq, deyirdi ki, mən onun qollarında öləcəm..."