adalet.az header logo
  • Bakı 7°C
11 Dekabr 2018 19:03
20425
ƏDƏBİYYAT
A- A+

Sevinc Elsevərdən yeni şeirlər - Öpüşməyin də haram olduğu...

Adalet.az yazar Sevinc Elsevərin yeni şeirlərini təqdim edir.


Qəmər

atdı özünü altıncı mərtəbədəki pəncərəsindən Qəmər
yastığının altındakı intihar məktubunu
tapıb gizlətdi anası

pəncərə silərkən
təmizlik uğrunda çalışarkən yıxıldı dedilər

gənc qızların intiharı da ayıbdı
"görən kimlə, nə qələt qayırdı
intihar elədi” – deyirlər

pəncərə təmizlərkən
yıxıldı dedilər
ona uşaqlıqdan
pəncərə təmizləməyi də
namus təmizləməyi də öyrətmişdilər.


Skripkaçı qız

yay-qış boğazında şərflə gəzir
skripkaçı qız
boğazındakı ləkəni gizlətməyə çalışaraq
sevişməyin də
öpüşməyin də haram olduğunu
ayıb sayıldığını bilir çoxdan
izah eləmək çətindi
boğazındakı ləkənin
skripka ilə sevgili olduğundan yarandığını
sınayıcı nəzərlərlə baxan
"o boğazındakı nə ləkədi?”- soran adamlara

oysa oxuduğu musiqi məktəbində
tələbə yoldaşlarıyla
bir yarış içindədirlər
kimin boğazındakı ləkə daha böyüksə
daha çox bağlanmış
daha çox sevgili olmuş
daha çox sevişmiş skripkasıyla...


***
çox azdı ümidim
gecələr yuxudan əvvəl
üzümə çəkdiyim kremin
qırışları önləyəcəyinə
amma kremi çəkməkdən də qalmıram
üstümə düşən işi görürəm
sabah güzgülərə baxanda
özümü az günahlandırım deyə...

***
səninlə son görüşümüzü
xatırlayıram
elə orda, o anlarda
qərar verdim əbədi ayrılığa
sənin əynin isti və qalındı
mənsə tir-tir əsirdim
bir nazik pencəkdə

***
sirrə qovuşasan
əsla ölməyəsən
hamının gözü baxa-baxa yola salmayalar adamı
çiyinlərdə
göstərə-göstərə
bir çala qazıb basdırmayalar
yerini itirməməkçün nişanə qoymayalar
gedib-gəlib çağırmayalar
çığırmayalar
qəfil buxarlanasan dumduru su kimi
yağış gölməçəsi kimi
uşaqların da vecinə olmaz ölüm o zaman
onlar əylənirlər
cizgi filmlərindəki personajlar
qəfil yoxa çıxanda
sirli gələr, sehrli gələr onlara dünya
əllərini yana açarlar heyrətlə
sadəcə "o adam artıq qoqqı!”- deyə...

***
vatsapda rəfiqəsinə
dərdini anladır dərdli qadın
gözüyaşlı baş şəkilləriylə bəzəyə-bəzəyə dərdlərini

durğu işarələrinə
nöqtəyə-vergülə
bütün dil qaydalarına dəqiqliklə
yerli-yerində əməl eləyən rəfiqəsisə
onun fonetik, qrammatik səhvlərini
hər şeydən əvvəl görür.


Cıqqılı müharibə meydanı

yaraladı ayağımı
xalçamın üstündəki
oyuncaq avtomatın süngüsü
qanım axıb xalçamı
batırmasın deyə
təkayaq üstündə
gəzirəm tullana-tullana

azca pambıq
qırmzı yod
tənzif gəzirəm təlaşla
göynəyimi kəsməyə...

cıqqılı müharibə meydanında
lap itirmişəm başımı
bir az daha
bir az daha anlayıram
anaların göz yaşını...


İctimai nəqliyyatda vaqeələr

metroda oxuduğum kitab
kömək eləyir adamların baxışlarından qaçmağa
qınıma çəkilməyim üçün ən yaxşı yoldur bu
çevirdiyim səhifədə öpüşən cütlük şəkli çıxır qarşıma
hırıldayır başımın üstündəki iki yeniyetmə
mənə elə gəlir narahat olur
onlarla yanaşı duran
hicablı gənc xanım da
əlimlə gizləyirəm şəkli
guya təsadüfən
birnəfəsə oxuyub bitirməyə çalışıram
əlimdəki səhifəni
kimsələri narahat etmədən

***
avtobusdakı basabasda
"qiymətli” yerini
hicablı, gənc xanıma təklif edir cavan kişi
yaşlı və yorğun xanım qala-qala
sonra boşalan həmin o "qiymətli” yerini
bahalı geyimli, makiyajlı, gözəl bir xanıma təklif edir
həmin o cavan kişi
bayaqdan mən də ayaq üstəyəm
gənc kişinin alicənablığına baxıb gülümsəyirəm
görəsən daha kimi layiq biləcək
öz "qiymətli taxtına” deyə?!



***
getdikcə böyüməkdə olan sinələrini
gizlətmək üçün
əlləri qoynunda gəzər ərgən qızlar
nənələri, anaları təpinər onlara:
"əllərini qoynuna qoyma!”-deyə
xeyir gətirməzmiş
əlləri qoynunda gəzmək
köhnə bir inanca görə

sonra qəfil çətinləşər həyat
azadlıqlarını
uşaqlıqlarını itirdikcə
axırda bir ömürlük unudarlar özlərini
sinələrini də
amma əlləri qoynunda qalar onların yenə...



***
içdikləri qanı bir-birləriylə
bölüşən yarasalar
şəfqət hissi doğurur
paylaşmaq gözəldi
qan içəndə də

***
bəlkə də hələ başqa cür yaşamağa
alışmadığımız üçün ayrılmırıq sevgilimlə
bir-birimizə söykənib yaşayırıq deyə
birimiz gedəcək
birimiz yıxılacaq
hələ
söyləmək çətindir
hansımızın ayaq üstündə qalacağını
hansımızın yıxılacağını...